Məktəbdənkənar təhsil uşaqlara özünü kəşf etmə bacarığı verir – Ayla Həsənova-Məmmədova
“10 il əvvəl məktəbdənkənar təhsil sadəcə "asudə vaxtın təşkili" idisə, bu gün o, müasir insan kapitalının formalaşdığı strateji mühitdir”.
Bunu “Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova deyib.
Onun sözlərinə görə, ölkəmizdə məktəbdənkənar təhsil sahəsi zəngin bir yol keçib: “Xüsusən də XX əsrin əvvəllərində maarifçilik hərəkatı ilə başlayan bu ənənə uşaqların yalnız dərsliklərlə deyil, həm də gündəlik həyat təcrübələri ilə öyrənməsi fəlsəfəsinə dayanırdı. 1920-30-cu illərdə ilk uşaq klublarının və texniki yaradıcılıq mərkəzlərinin yaradılması ilə bu sahə institusional xarakter almağa başladı. Bu dövr ərzində də məktəbdənkənar təhsilin davamlı yenilənməsi, dövrün tələblərinə çevik reaksiya imkanları ilə seçilmişdir. Bu gün də maarifçilik hərəkatının bir hissəsi kimi təməli qoyulan ənənəni müasir dünyanın, rəqəmsallaşma və süni intellekt dövrünün tələbləri ilə sintez edirik”.
A.Həsənovanın sözlərinə görə, məktəbdənkənar təhsil uşaq və gənclərin öz maraq və meyillərinə uyğun olaraq könüllü şəkildə qoşulduqları, yaradıcılıq, tədqiqat və praktiki fəaliyyət üzərində qurulan çevik tədris mühitidir. Bu mühit onlara yalnız bilik deyil, eyni zamanda bacarıq, dəyər və davranış modelləri qazandırır: “Məktəbdənkənar təhsilin əsas vəzifəsi uşaqlara özünü kəşf etmə, seçim etmə və qərar vermə bacarıqları aşılamaqdır. Burada uşaq və yeniyetmələr formal təhsildə əldə etdikləri bilikləri tətbiq etməklə onları real həyat bacarıqlarına çevirir, öz maraq sahələrini daha dərindən kəşf edir, başqa sözlə özünü realizə etdiyi bir platforma əldə edir. Uşaq yaşlarından bu platforma vasitəsilə qurulan fəaliyyət onun gələcək peşə yönümlü fəaliyyətinə, karyera potensialının aşkarlanmasına və bu sahədə qərarverməsinə dəstək olur”.
Sektor müdiri əlavə edib ki, məktəbdənkənar fəaliyyətlər – istər yaradıcılıq dərnəkləri, istər texnoloji və ya idman yönümlü qruplar uşaqların asudə vaxtının məqsədyönlü təşkili ilə yanaşı, onların bugünün tələbi olan XIX əsr bacarıqlarının, yəni yaradıcı və tənqidi düşüncənin inkişafı, komandada işləmə, ünsiyyət və özünüifadə bacarıqlarının güclənməsinə mühüm töhfə verir: “Eyni zamanda, bu mühitdə müəllim və şagird münasibətləri daha açıq və əməkdaşlığa əsaslanan, fərdi yanaşmanın tətbiq edildiyi formatda qurulur. Öyrənmə prosesi daha interaktiv, maraqlı və motivasiyaedici olur. Bu zaman öyrənmək uşaqlar üçün bir öhdəlikdən çox, daxili ehtiyaca və hətta zövqə çevrilir. Nəticədə isə uşaqların öyrənmək bacarığı təbii yolla inkişaf edir və bu bacarıq şagirdin digər təhsil pillələrində də öyrənmə prosesini motivasiya edir”.
Məktəbdənkənar təhsilin yaratdığı mühitin həm də uşaqların müxtəlif riskli vərdişlərdən uzaq qalmasına, onların sağlam həyat tərzinin formalaşmasına dəstək olduğunu deyən A.Həsənova-Məmmədovanın fikrincə, məktəbdənkənar özünü realizə etmək imkanı verdiyi üçün hər bir uşağa özünə inanmaq və cəmiyyətin fəal üzvü kimi formalaşmaq imkanı yaradır: “Bununla yanaşı məktəbdənkənar fəaliyyəti təşkil edən qruplar cəmiyyətdə azyaşlılardan ibarət ilk sosial birliklər rolunu oynayır. Belə ki, bu qruplar ilkin submədəni qrupların yaranmasını təmin edərək ölkəmizin gələcək ictimai-mədəni-elmi mühitini formalaşdırır”.



