Muxtar Hacıyev: Son iş yerində 3 il işləməyən müəllimlərin ərizələri təsdiqlənmir

9 İyun, 2026 - 12:37
Muxtar Hacıyev: Son iş yerində 3 il işləməyən müəllimlərin ərizələri təsdiqlənmir

“MİQ imtahanlarında ödənişsiz iştirak edəcək namizədlər yeni məzunlar, həmçinin bu günə qədər MİQ imtahanına qatılmayanlar, şəhid ailə üzvləri, müharibə veteranları, ailə vəziyyəti ilə bağlı dövlətdən sosial yardım alan şəxslər və əlilliyi olan şəxslərdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan qiymətləndirmə şöbəsinin müdir müavini Muxtar Hacıyev deyib.

Onun sözlərinə görə, proses zamanı müvafiq strukturda bu məlumatlar yoxlanılacaq: “Əgər şəxs həqiqətən bu kateqoriyalara daxildirsə, onlardan ödəniş alınmayacaq. Hazırda proses ödənişsizdir, qeydiyyat prosesinin sonunda namizədin ərizəsi təsdiq olunduqda onlar ya sadalanan kateqoriyalardan birinə aid olduqlarını qeyd etməli, ya da “ödəniş et” bölməsindən ödənişlərini etməlidirlər. Onlar ərizəsini təsdiq etdikdən sonra bizim imtahanda real iştirak edəcək şəxslərin siyahısına daxil ediləcəklər”.

M.Hacıyev vurğulayıb ki, qeyri-pedaqoji ixtisas sahibləri ilə yanaşı, son iş yerində 3 il işləməmiş şəxslərin ərizələri təsdiq edilmir: “Məsələn, müəllim 2 ildir ki, işləyir, amma yenidən MİQ prosesində iştirak etmək istəyir. Bu mümkün olmur, son iş yerində minimum 3 il işləmək lazımdır ki, prosesdə iştirak etmək mümkün olsun. Həmin müəllim imtahanda iştirak etmək istəyirsə, digər iş yerindən ayrılaraq yenidən prosesdə iştirak etmək üçün müraciət edə bilər. Müəllimin stajı 3 ildən azdırsa, iş yerini saxlamaqla yenidən prosesdə iştirak etmək mümkün deyil”.