Sığınacaqda peşə istiqamətinin inkişafına dəstək lazımdır - Mehriban Zeynalova
“Mehriban” Qadın və Uşaq Sığınacağında böyüyən uşaqların gələcəyi, sığınacaqdan sonrakı həyatı bizi düşündürür. Buna görə də onların peşə bacarıqlarını artırmağa çalışırıq. Bu məqsədlə həm peşə təhsil müəssisələri, həm də iş adamları ilə əməkdaşlıq edirik. Məqsədimiz odur ki, onlar 18 yaşına çatanda həm gəlir əldə etmək imkanına malik olsunlar, həm də istəyəndə sığınacağı tərk edib sərbəst yaşaya bilsinlər. Əks halda gördüyümüz işlərin bir səmərəsi olmaz. Hazırda sığınacaqdan bir qızımız peşə təhsili alır”.
Bunu “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sığınacaqda peşə istiqamətinin inkişafı üçün səy göstərirlər, bunun üçün əl işləri və dərzi otağı da yaradıblar: “Amma onları layihədən layihəyə istifadə edirik. Bir dərzi müəllimimiz var, ayda iki dəfə gəlib uşaqlarla məşğul olur. Bu könüllü fəaliyyət isə davamlı olmur. Amma dəstək verilsə, dayanıqlı ola bilər. Parçalar, iynə, sap, saç və dırnaq ustaları üçün alətlər, müxtəlif əl işləri hazırlamaları üçün ləvazimatlarla təmin edilsək, həm uşaqlarımız vaxtlarını səmərəli keçirər, həm əl bacarıqları inkişaf edər, həm də sığınacaqda böyüyən uşaqlarımız peşə təhsilinin əhəmiyyətini anlayar, bu barədə məlumatlı olarlar”.
“Sığınacaqda anladım ki, hər gün məktəbə getməliyəm”
Peşə təhsilinin uşaqların gələcək həyatında nə qədər əhəmiyyətli olduğunu sığınacaqda yaşayan Mədinənin (ad şərtidir – R.D.) hekayəsində də görmək mümkündür. 3 ildir sığınacaqda yaşayan Mədinə bu ildən peşə təhsili almağa başlayıb. O, 14 yaşından sığınacaqdadır. Peşə təhsili almağı ona sığınacağın qurucusu Mehriban Zeynalovanın tövsiyə etdiyini deyib: “Məndən böyük bacımın dırnaqları xoşuma gəlmişdi. Dırnaq ustası olmaq istədim. Mehriban xanıma istəyimi dedim. Düşünürdüm ki, hər hansı qadın gözəllik mərkəzinə gedib öyrənəcəyəm. Mehriban xanım peşə təhsili almağın daha yaxşı olacağını söylədi. İndi İctimai İaşə üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır, Mehriban xanımın danışdığı salonda isə təcrübə qazanır, işin sirlərinə yiyələnirəm”.
Mədinə anası rəhmətə gedəndən sonra uzun müddət atası ilə yaşayıb. Məktəbə getməyib, özü yox, atası istədiyi üçün. Futbol oynayıb, yenə atasının istəyi ilə: “Atam futbol məşqçisi idi, görüb həvəslənirdim. Amma böyüdükcə futbola marağım olmadı. Məktəbə də getmirdim, atam icazə vermirdi, IX sinfə qədər belə davam edib, amma III sinfə qədər yaxşı oxumuşam. Mən sığınacaqda anladım ki, hər gün məktəbə getməliyəm”.
Təhsil hüququ, söz haqqı əlindən alındığını vurğulayan qəhrəmanım deyir ki, gələcəkdə özü kimi uşaqlara dəstək olmaq istəyirmiş. Mədinə sosial işçi olmaq arzusunun haradan gəldiyini də danışıb: “Bizə sosial işçilər gəlirdi, onların uşaqlara dəstəyini gördükcə bu işə marağım artmışdı. Böyüyüb özüm kimi uşaqlara dəstək ola biləcəyimi düşünürdüm. Amma sonra gördüm ki, bu ixtisasa hazırlıq tələb edən fənlər ağırdır”.
Onunla 3 sosial işçi işləyib və hər biri də üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib: “Onlara sözümü deyə bilirdim. Hamısı qayğıkeş, mərhəmətlidirmi, bilmirəm, amma onların gördüyü iş xoşuma gəlirdi. Məni sığınacağa da sosial işçi yönləndirdi”.
Bir sözlə, onun kiçik dünyasında qayğı və dəstəyin adı “sosial işçi” olub. Ona uzanan bu əl uşaq xəyallarının baş qəhrəmanına çevrilib. Bəs indi xəyalındakı Mədinə necədir, nə işlə məşğuldur? O, gələcəyinin xəyalını belə qurur: “Saç ustasıyam. Özümün salonlarım var. İşlərim yaxşı getsə, Türkiyədə də salonlar açmaq istəyərəm. Eka xanımla (Sığınacağın direktoru Elnurə Zeynalovanı uşaqlar belə çağırır), Mehriban xanımla əlaqələrim davam edir”.
Bu qədər böyük gələcəyi isə təkbaşına quracaq. Tay-tuşları ilə söhbətlərdə də onlara məqsədli olmağı təlqin etməyə çalışır: “Hər insan ilk növbədə özünü düşünməli, öz hədəfləri olmalı, özü nəyəsə nail olmalıdır. Telefona, televizora, kompüterə bağlanmamalıdır, özləri üçün nəsə etməli, araşdırıb məqsədlərinə aparan yolları tapmalıdırlar”.




