“Əqli məhsul daim təkmilləşir” – Zaur İsayev
“Çox güman ki, müəllimdən uşağın dərs oxuyarkən niyə əziyyət çəkdiyini soruşanda o, müxtəlif arqumentlər içində yalnız dərsliyi xüsusi vurğulayır. Bu, ən rahatıdır, çünki dərslik hamının evindədir, hamı üçün əlçatandır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, riyaziyyat dərsliklərinin layihə rəhbəri, həmmüəllif Zaur İsayev “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında söyləyib.
O bildirib ki, ümumiyyətlə, öyrənmə çox mürəkkəb prosesdir və tarix boyu onun alqoritmini, mexanizmini kəşf etməyə çalışan böyük tədqiqatlar aparılır: “Əziyyətsiz yeni nəzəriyyə öyrənilmir. Bunu ancaq o əziyyətə özlərini alışdıranlar edə bilər. Bəzən valideynlər övladlarına ürəkləri yandığı üçün gözünün qabağında uşaq əziyyət çəkəndə onlara elə gəlir ki, bunun səbəbi sanki kənar tərəfdədir. Yəni nədir? Bəlkə müəllim artıq tapşırıq verib, dərslik bəlkə yaxşı deyil, məktəb yaxşı deyil, uşaq niyə bu qədər əziyyət çəkir? Amma öyrənmək üçün əziyyət tələb edilir”.
Z.İsayev bildirib ki, dərsliklər çox mürəkkəb prosesin nəticəsidir: “Dərsliklərin üzərində böyük bir heyət işləyir. Əqli məhsul daim təkmilləşir. Bəşəriyyətin varlığından bu günə qədər insan beyninin məhsulu daim təkmilləşir. Dərslikdə bu qədər mərhələlərdən sonra səhv qala bilərmi?”




