Oxuyub-anlama bacarığı sadəcə oxuduğunu başa düşmək deyil - Mərkəz direktoru

26 Noyabr, 2026 - 17:17
Oxuyub-anlama bacarığı sadəcə oxuduğunu başa düşmək deyil

“Hamıda belə bir sual yaranır: oxuyub-anlama məsələsi birdən-birə niyə ortaya çıxdı? 15-20 il əvvəl valideynləriniz oxuyub anlamırdılar? Beynəlxalq qiymətləndirmə proqramları bu bacarığa xüsusi əhəmiyyət verir. Bunun kökündə informasiya cəmiyyətinin formalaşması dayanır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru, riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında danışıb.

Müəllif bildirib ki, XXI əsrdə bəşəriyyətin əldə etdiyi məlumatlar kütləvi şəkildə əlçatan olub və insanlar sonsuz sayda informasiya əldə etmək imkanına malikdirlər. Bu səbəbdən də əldə etdikləri məlumatların onlar üçün nə dərəcədə faydalı olduğunu müəyyənləşdirməyi bacarmalıdırlar:

“İnformasiya bolluğu insanlarda oxuduqları məlumatın nə dərəcədə effektiv olduğunu müəyyənləşdirmək bacarığı formalaşdırmalıdır. Oxuyub-anlama bacarığı heç də sadəcə oxuduğunu başa düşmək demək deyil. Bu, tamamilə başqa bir bacarıqdır. Söhbət oxuduğundan düzgün nəticə çıxarmaq, onu özünə lazım olan istiqamətdə tətbiq etmək bacarığından gedir”.

Z.İsayev qeyd edib ki, gələcəyin informasiya cəmiyyətində normal fəaliyyət göstərmək üçün insan informasiyanı çeşidləməyi, özü üçün lazım olan məlumatı seçməyi bacarmalıdır:

“Biz bəzi şeyləri patoloji olaraq edirik. Yəni şagird məktəbə gəlib, dərsdə iştirak edib, bu fənni keçibsə, deməli, nəticə əldə edib. Amma şagird ayrıca imtahan verəndə və ya ondan yenidən soruşulanda burada bir uçurum yaranır. Şagird bütün proseslərdə iştirak edib, müəllim də ona həmin dərsi keçib. Amma indi cavab verə bilmirsə, gəlin belə bir nəticə çıxaraq ki, o, bunları anlamayıb və buna görə də düzgün cavab verə bilmir”.

O bildirib ki, artıq Dövlət İmtahan Mərkəzi dinləyib-anlama və oxuyub-anlama texnologiyalarını tətbiq etməklə qiymətləndirmə mexanizmindən istifadə edir:

“Oxuyub-anlama oxuduğu materialdan düzgün nəticə çıxarmaqdır. Bu, insanın şüurunun tənqidi təfəkkür və daha çox mühakimə xarakterini yoxlayan qiymətləndirmə üsuludur”.