Yeni coğrafiya dərsliyində praktik bacarıqlara üstünlük verilib

26 Noyabr, 2026 - 13:49
Yeni coğrafiya dərsliyində praktik bacarıqlara üstünlük verilib

Yeni nəsil “Coğrafiya” dərsliyində şagirdlərə yalnız nəzəri biliklərin verilməsi deyil, coğrafi məlumatları müxtəlif mənbələrdən əldə etmək, təhlil etmək və onlardan istifadə bacarıqlarının formalaşdırılması əsas götürülüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “2026/2027-ci tədris ilində 8-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil "Coğrafiya" dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda keçirilən vebinarda dərslik müəllifi, coğrafiya müəllimi Famil Ələkbərov bildirib.

Onun sözlərinə görə, yeni dərslikdə coğrafi biliklərin mənimsənilməsi ilə yanaşı, həmin məlumatların hansı üsullarla əldə edilməsi və nə üçün əhəmiyyətli olması da diqqət mərkəzində saxlanılıb:

“Coğrafi məlumatlar kifayət qədər çoxdur. Şagirdlər bu məlumatların hamısını eyni səviyyədə mənimsəmək məcburiyyətində deyillər. Əsas məsələ hansı məlumatın daha vacib olduğunu müəyyənləşdirməkdir. Buna görə də dərsliyə coğrafi məlumatların əldə olunması və öyrənilməsi ilə bağlı müasir metodlar daxil etmişik. Şagird hər hansı coğrafi məlumatı öyrənərkən onun hansı üsulla əldə edildiyini və nə üçün vacib olduğunu da anlamalıdır. Məqsədimiz yalnız nəzəri bilik vermək deyil, eyni zamanda praktik bacarıqlar formalaşdırmaqdır. Bu səbəbdən yeni dərslikdə bilik və metodların birlikdə təqdim olunmasına xüsusi diqqət yetirmişik”.

F.Ələkbərov qeyd edib ki, dərsliyin hazırlanmasında əsas yanaşmalardan biri şagirdlərin coğrafi məlumatlarla müstəqil işləməsinə imkan yaratmaqdır.

Onun sözlərinə görə, müasir tədris yanaşmalarının tətbiqi şagirdlərin coğrafi bilikləri yalnız yadda saxlamasına deyil, həmin biliklərdən istifadə etməsinə yönəlib.