Şagird sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür – BŞTİ-dən açıqlama
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 28 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı ARB televiziyasının efirində gedən süjetlə bağlı açıqlama yayıb.
İdarədən “Azərbaycan müəllimi”nə daxil olan açıqlamada bildirilir ki, valideyn müraciəti əsasında 28 nömrəli tam orta ümumtəhsil məktəbində şagird sıxlığı ilə bağlı ARB televiziyası tərəfindən 9 dekabr 2025-ci il tarixində süjet yayımlanıb.
Süjetdə məktəbin və BŞTİ-nin yazılı açıqlaması təqdim olunub: “Təəssüf ki, efirə gedən süjetdə məktəbin məlumatı BŞTİ-nin açıqlaması kimi təqdim edilib, BŞTİ-nin açıqlamasında dövlət tərəfindən təhsil infrastrukturunun inkişafı ilə bağlı qeyd olunan məqamlara, ümumiyyətlə, toxunulmayıb. Bir daha nəzərə çatdırırıq ki, paytaxtın bəzi ərazilərində əhalinin intensiv məskunlaşması səbəbindən bir sıra məktəblərdə şagird sıxlığı müşahidə olunsa da, məsələnin həlli ilə bağlı davamlı tədbirlər həyata keçirilməkdədir. Dövlət qayğısı sayəsində əlavə tədris korpusları və yeni məktəblər inşa olunmaqda, təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etməkdədir. Bu da ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və təhsil müəssisələrinin fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edir.
Qarşıya qoyulmuş strateji məqsədlərdən biri kimi təhsildə əlçatanlığın və hər kəs üçün təhsil almaq imkanlarının təmin olunması daim diqqət mərkəzində saxlanılır”, – deyə qeyd edilib.


