“Məktəbli Liqası” layihəsi ölkə üzrə uğurla davam edir
Xəzər İntellektual Gənclər Klubu və "Global Olympiad Center"in birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Məktəbli Liqası” layihəsinin həyata keçirilməsi uğurla davam edir. Layihə bu il geniş coğrafiyanı əhatə etməsi ilə fərqlənir və məktəblilər arasında marağı daha da artırır.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Məktəbli Liqası”nın əsas məqsədi məktəblilər arasında intellektual oyun mədəniyyətini formalaşdırmaq, onların analitik düşünmə, operativ qərarvermə, məntiqi yanaşma və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirməkdir. Təşkilatçılar bildirirlər ki, layihə eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, sağlam rəqabət və bilik əsaslı mühitin yaradılmasına xüsusi töhfə verir.
Bu təşəbbüs ölkədə intellektual hərəkatın inkişafına, məktəblilər arasında bilik yarışlarının daha geniş yayılmasına və gələcək intellektual gənclər nəslinin yetişməsinə xidmət edən mühüm layihələrdən biri kimi qiymətləndirilir.
Məktəbli liqası yalnız Bakı şəhəri ilə yekunlaşmır. Layihəyə artıq Quba, Qusar, İsmayıllı, Saatlı, Beyləqan, Şəmkir, Mingəçevir, Şəki, Xaçmaz, Sabirabad, Balakən, İmişli və digər bölgələrdən yüzlərlə məktəbli qoşulub. Gənclərin layihəyə göstərdiyi böyük maraq səbəbindən seçim turlarında iştirak edən komandaların sayı hər gün artır.
Regional mərhələlərin keçirilməsi həm bölgələrdə intellektual mühitin genişlənməsinə, həm də paytaxt və region məktəbliləri arasında bilik mübadiləsinin güclənməsinə şərait yaradır.
Seçim turlarını uğurla başa vuran komandalar finala yüksələcəklər. Final mərhələsinin yanvar ayında Bakı şəhərində möhtəşəm tədbir formatında keçirilməsi nəzərdə tutulub. Həlledici mərhələ “Nə? Harada? Nə zaman?” intellektual oyununun klassik qaydalarına uyğun olaraq 3 tur və 45 sualdan ibarət olacaq. Finalda respublikanın müxtəlif bölgələrindən gələn komandalar bilik, məntiq və operativ düşünmə yarışı aparacaqlar. Növbəti mövsüm isə fevral ayından başayaraq aylıq oyunlar təşkil ediləcək. İyun ayında tədris ilinin yekununda isə böyük final ilə layihəyə yekun vurulacaq.
Layihənin rəhbərliyi bildirir ki, “Məktəbli Liqası” bu il yalnız bir yarış deyil, həm də geniş maarifləndirici missiyaya malikdir. Məktəblilər üçün intellektual mühitin genişlənməsi, onların öz potensiallarını nümayiş etdirməsi və gələcəkdə intellektual müsabiqələrdə ölkəni təmsil edəcək gənclərin yetişməsi layihənin əsas prioritetləri sırasındadır.
Təşkilatçılar onu da vurğulayırlar ki, bu cür layihələr gənclərin sosial aktivliyinin artmasına, məntiqi və yaradıcı düşüncənin inkişafına, həmçinin təhsil mühitində yeni yanaşmaların təşviqinə mühüm töhfə verir.


