Məktəblilər xor qrupu yaradıb festivala qatılacaqlar – Azərbaycanda ilk

1 Aprel, 2026 - 14:08
Məktəblilər xor qrupu yaradıb festivala qatılacaqlar

“Məktəblərimizdə musiqi dərslərini ikinci plana atırlar”, - deyən musiqi müəllimlərinin diqqətini çəkəcək bir layihəyə start verilib.

Layihə Elm və Təhsil Nazirliyinın həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir. Layihə çərçivəsində "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə “Səslərimiz birləşsin” adlı I Xor Festivalı təşkil ediləcək. 

Festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır. 

Layihəyə görə, xor kollektivi formalaşdıran musiqi müəllimləri daha sonra festivalda iştirak edəcəklər

Layihə Bakı şəhəri və regionlarda yerləşən dövlət ümumi təhsil müəssisələrini əhatə edir. 

"Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Qədirova "Azərbaycan müəllimi"nə məlumat verib ki, festivala qeydiyyat prosesi başlayıb. Ümumtəhsil məktəblərində çalışan musiqi müəllimləri aprelin 15 nə qədər qeydiyyatdan keçə bilərlər. “Səslərimiz birləşsin” adlı I Xor Festivalı layihəsinin ərsəyə gəlməsi barədə məlumat verən layihə rəhbəri layihənin məqsədindən danışaraq bildirib ki, xor ənənəsinin bərpa olunması və onun inkişafı məqsədi ilə reallaşdırılacaq layihənin əsas məqsədi kollektiv  ifa mədəniyyəti aşılamaqdır: “Uşaqlarda musiqi mədəniyyəti formalaşmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik”.

Ü.Qədirova bildirib ki, xor mədəniyyətinin formalaşması uşaqların musiqi dərslərinə marağının artmağına səbəb olacaq. 

İlk dəfə keçiriləcək festival 2 mərhələdə təşkil ediləcək: "Uşaqlarımızın gələcəyi, musiqi duyumunun, səhnə mədəniyyətinin formalaşması üçün əlimizdən gələni etməliyik, səslərimizi birləşdirməliyik".

Layihə çərçivəsində qeydiyyatdan keçən dövlət ümumi təhsil müəssisələrinin musiqi müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair öncədən məlumatlandırıcı sessiya və təlimlər keçiriləcək. Daha sonra isə təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, həmçinin şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq. Xor kollektivi formalaşdıran müəllimlər daha sonra festivalda iştirak edəcəklər.
 
Festivalın iki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi layihənin yekununda keçiriləcək qala konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar.
 
Qeyd edək ki, festival çərçivəsində xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5–7 dəqiqəlik videomateriallar hazırlanaraq təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır. 
 
Festivalda iştirak etmək üçün qeydiyyat fevral ayından başlayıb. Layihə çərçivəsində Musiqi dərsi deyən müəllimlər təlimlər alacaq, uğurlu 10 çıxışın iştirakı ilə qala konserti təşkil ediləcək. 6 ay ətrzində başa çatacaq layihənin sonunda yüksək nəticələr əldə ediləcəyinə inanan təşkilatçılar hesab edir ki, iştirakçı nə qədər çox olarsa, nəticə bir o qədər yaxşı olacaq.

Xatırladaq ki, https://forms.gle/NTwawXtV89ZcaeM98 linki vasitəsi ilə aparılan qeydiyyat aprelin 15-dək davam edəcək.  
 
Festivala qatılacaq məktəb xorlarını komissiya qiymətləndirəcək

Festivalın iki mərhələli seçim turunda qiymətləndirməni həyata keçirəcək komissiya tanınmış musiqiçilərdən təşkil edilib. Belə ki, festivala qatılacaq məktəb xorlarını “Mədəniyyət könüllüləri” İctimai Birliyinin  həmtəsisçisi, “Səslərimiz birləşsin” I xor festivalının layihə rəhbəri Bəbir Bəbirli, Əməkdar artist, “Qaya” ansamblının solisti, Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının vokal ansamblı dərsinin müəllimi Şölə Səfərəliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin müəllimi, beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Fəxri Kazımnicat, beynəlxalq müsabiqələr laureatı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti İlhamə Qasımova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada simfonik orkestrinin vokal sinfi üzrə konsertmeysteri Zülfiyyə Mövsümzadə qiymətləndirəcək.

Komissiya üzvləri layihədə həvəslə iştirak edir, nəticələrinə böyük ümidlərlə baxırlar. Onların fikrincə, bu layihə çərçivəsində çox  yaxşı nəticələr əldə edəcəklər. “Səslərimiz birləşsin” I xor festivalının layihə rəhbəri Bəbir Bəbirlinin fikrincə, xor uşaqların sosial birliyi deməkdir: “Əslində biz burada böyük bir ideyanın reallaşma başlanğıcını müzakirə edirik. İdeyanın əsası bundan ibarətdir ki, uşaqların musiqi duyumu, mədəniyyəti inkişaf etsin, onların dünyagörüşü musiqi vasitəsi ilə daha da artsın. Çünki xor yalnız səs deyil, uşaqların sosial birliyi deməkdir”.

“Qaya” ansamblının solisti Şölə Səfərəliyeva da layihənin yüksək nəticə verəcəyinə inanır. O, “Azərbaycan müəllimi”nə müsahibəsində xorun məktəblilər üçün əhəmiyyətini vurğulayıb:  “Hər şeydən əvvəl bu, kollektiv şəkildə çalışmağın təməlidir. Uşaqlar balaca vaxtından hər hansı iş üzrəində bir yerdə çalışmağı öyrənirlər. Xor dərsləri həm də uşaqların gələcəkdə qulaq, səs duyumunun inkişafına böyük dəstək verir, not bilgilərini artırır. Uşaqlar mahnıları əzbərləmir, qarşılarına qoyulan notlarla ifa edirlər. Bu da onların gələcək peşə seçimlərində mühüm rol oynayır”.

Komissiya üzvü Fəxri Kazımnicat layihəyə görə Elm və Təhsil Nazirliyinə, “Məktəb könüllüləri  İctimai Birliyinə təşəkkür edib: “Bu, Azərbaycan musiqi tarixində bir ilkdir. Xor birlikdir, çoxluqda fikir bildirməkdir. Bu, tək ifa deyil, özlüyündə bir çox fikirləri bildirir”.
Solist İlhamə Qasımova da xorun birgə işin nəticəsi olmasından qaynaqlanan əhəmiyyətinə diqqət çəkir: “Burada səslər birləşir, təki ürəklər də birləşsin”.

Konsertmeyster Zülfiyyə Mövsümzadə musiqi dərslərində xor ifa üslubunu çox əhəmiyyətli hesab edir: “Çox gözəl bir festival olacaq. Mədəniyyət bizi birləşdirən amillərdəndir. Müasir təhsil proqramında xor ifa mədəniyyətinin təbliği qruplarla, siniflə iş üçün ən əlverişli üsullardandır. Xüsusən musiqi dərslərində xor ifa üslubu çox əhəmiyyətlidir. Bu baxımdan bu layihə çox önəmlidir”.

Azərbaycan Milli Konservatoriyasının müəllimi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada simfonik orkestrinin dirijoru, xormeyster Ellada Məmmədova xorun həm də dinləmə mədəniyyəti formalaşdırdığını vurğulayıb. O, “Azərbaycan müəllimi”nə müsahibəsində festivala seçilməyin şərtlərindən danışıb. Onun sözlərinə görə, festivala qatılmaq istəyən müəllimlər bir sıra vacib məqamlara diqqət etməlidirlər: “Xor qrupu 10-39 nəfərdən ibarət ola bilər. Müəllimlər 7-11 yaş, 12-15 yaş və 16-18 yaş qrupunda uşaqlardan xor təşkil edə bilərlər. Müəllimlərə tövsiyəmiz budur ki, 7-15 yaş qrupunda xoru qızlardan təşkil etsinlər. Bu yaş mərhələsində oğlanların səsində problemlər yarana bilər. Repertuar seçimində uşaqların yaş dövrünə uyğun mahnılar seçsinlər. Hazırlaşarkən səhnə mədəniyyətinə - uşaqların geyimindən, səhnəyə girişi-şıxışından tutmuş, oxuduğu mahnının dramaturji  təqdimatına, uşaqların hansı nöqtəyə baxacağına qədər hər detala fikir versinlər. Müsabiqə şərtlərinə görə, xorun təşkili üzrə iş prosesindən canlı nümunə də tələb ediləcək”.  

Ellada Məmmədova onu da qeyd edib ki, festivalın ilk infosessiyası keçirilib: “İnfosessiyada xor sənətinin əsas məqamlarnıı həm praktiki, həm də nəzəri formada izah etdim. Müəllimləri meyarlar barədə ətraflı məlumatlandırdım. Növbəti mərhələdə videoçarxlar olacaq. Müxtəlif mövzularda hazırlanan həmin videoçarxlar məlumatlandırıcı xarakter daşçıyacaq. İnfosessiyalar da inkişaf etdiriləcək”.
 
“Orta məktəblərdə musiqi dərslərinin daha yaxşı səviyyədə tədris olunmasını istəyirəm” 

Günay Kubişova layihəyə qatılan musiqi müəllimlərindən biridir. O, Qaradağ rayonu Ələt qəsəbəsi 302 nömrəli tam orta məktəbin musiqi müəllimidir. Bakı Musiqi Akademiyasının məzunu festival barədə xəbər tutanda tərəddüd etmədən layihəyə qoşulmağa qərar verib: “Orta məktəblərdə musiqi dərslərinin daha yaxşı səviyyədə tədris olunmasını istəyirəm. Məktəblərimizdə musiqi dərslərini ikinci plana atırlar. Özüm də şagirdlərimdən ibarət xor yaratmışam. Onlarla iki ildir ki, konsertlərdə iştirak edirik. 

Bu layihəyə qoşulmaqla həm öz təcrübəsinin, həm də şagirdlərinin bacarığının artırılmasına töhfə verəcəyini düşünür: “Çox istedadlı şagirdlərim var. Bu layihədə onlar niyə olmasınlar ki?”.