“Peşə təmayüllü siniflər” layihəsinə vakansiya elan edilir
“Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində qrup rəhbəri vəzifəsi üzrə müsahibə yolu ilə işə qəbul elan edilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, vakansiya üzrə müraciət edəcək namizədlərdən ali təhsil, minimum 1 il iş təcrübəsi, Azərbaycan dilində səlis danışıq qabiliyyəti, həmçinin ofis proqramları və "Google Drive" alətləri ilə işləmək bacarığı tələb olunur. Bununla yanaşı, namizədlərin layihələrin idarə olunması sahəsində təcrübəyə, güclü ünsiyyət və kollektivlə işləmək bacarığına sahib olması vacibdir.
Qrup rəhbərinin vəzifə öhdəliklərinə layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması, sinif kollektivi ilə sistemli işin təşkili, layihə dərslərini tədris edən müəllimlərin fəaliyyətinin idarə olunması və onlara pedaqoji dəstəyin göstərilməsi daxildir. Eyni zamanda, seçilən namizədlər şagirdlərə peşəyönümü və karyera seçimi istiqamətində kömək göstərəcək, əsas səriştələr fənnini tədris edəcək və tədris prosesini təşkil edərək müvafiq hesabatlar hazırlayacaqlar.
Müraciət prosesində diqqət yetirilməli olan vacib məqamlardan biri budur ki, bir namizəd yalnız bir ümumi təhsil müəssisəsi üzrə müraciət edə bilər. Bir neçə dəfə qeydiyyatdan keçən şəxslərin yalnız birinci müraciəti nəzərə alınacaq. Qeyd olunan tələblərə uyğun gələn və müraciət formasını düzgün tamamlayan namizədlər növbəti mərhələyə — müsahibəyə dəvət alacaqlar.
Müraciət etmək istəyən namizədlər aşağıdakı keçidə daxil olaraq, yaşadıqları bölgəyə yaxın məktəbi seçməklə qeydiyyat formasını doldura bilərlər.
Müraciət linki.
Son müraciət tarixi: 13 noyabr, 2026-cı il.




