Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq necə gedir? - REPORTAJ
Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək Məktəblilərin Respublika İdman Olimpiadasına sayılı günlər qalır.
Bəs olimpiadaya hazırlıq necə gedir? Hansı idman növlərində məktəbli idmançılar güclərini sınayacaqlar? Onların olimpiadadan gözləntiləri nədir? Bu və digər suallara cavab tapmaq məqsədilə "Azərbaycan müəllimi" Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində olimpiadaya hazırlıq prosesi ilə tanış olub.
"Məktəbimiz olimpiadada 3 idman növü üzrə ümumilikdə 20 idmançı ilə iştirak edəcək"
Ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafında, yüksək dərəcəli məşqçilərin hazırlanmasında idman məktəblərinin rolu böyükdür. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbləri respublikamızda idmanın inkişafına böyük töhfələr verməkdədir. Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi də məhz belə müəssisələrdən biridir. Məktəbin yetirmələri nəinki Quba-Xaçmaz regionunda, bütövlükdə respublika və beynəlxalq səviyyədə keçirilən yarışlarda medallara layiq görülür, çempion adı qazanırlar. Məşq zalları hər zaman səs-küylü, məşqçi və idmançılarla dolu olan məktəbdə bu günlərdə xüsusi canlanma hiss olunur. Məktəbin şagird idmançıları ölkədə ilk dəfə keçiriləcək Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlaşır.
Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Nəriman Babayev qeyd edir ki, Məktəblilərin Respublika İdman Olimpiadasının keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək, idman ustalığını qaldırmaq və gələcəkdə məktəbli idmançıların üzə çıxarılmasından ibarətdir və bu baxımdan böyük əhəmiyyət kəsb edir: "Bunun üçün kollektivimiz adından təşkilatçılara və olimpiadanın ərsəyə gəlməsində rolu olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Çox sevindirici haldır ki, ölkədə ilk dəfə keçirilən bu olimpiadada məktəbimiz 3 idman növü - atletika, cüdo, sərbəst güləş üzrə ümumilikdə 20 idmançı ilə iştirak edəcək. Məşqçilərimiz idmançılarımızla müntəzəm məşğul olaraq onları yarışlara daha ciddi hazırlayırlar. İnanırıq ki, idmançılarımız yarışlarda yaxşı iştirak edərək layiqli nəticələrlə rayonumuza qayıdacaqlar".
Həm öyrədir, həm motivasiya verirlər
Yetirmələrinə idman növünün sirlərini ustalıqla başa salan Xaçmaz rayon UGİŞM-in məşqçiləri ruh yüksəkliyi yaradan, qələbəyə ruhlandıran söhbətləri ilə diqqətimizi çəkir. Onları dinləyən idmançıların simasından özünəinam, qalibiyyət həvəsi sezilir.
Sərbəst güləş üzrə məşqçi Rəşad Cümşüdov qeyd edir ki, respublikamızda keçiriləcək ilk Məktəblilərin Respublika İdman Olimpiadasına sərbəst güləş idman növü üzrə məktəbin 7 idmançısı qatılacaq:
"İdmançılarımız böyük ruh yüksəkliyi ilə yarışlara hazırlaşır. Hazırlıq səviyyəmiz çox yaxşıdır. Çalışacağıq ki, olimpiadadan medallarla qayıdaq".
Zakir Rəhimov cüdo idman növü üzrə məşqçidir və böyük səylə yetirmələri ilə olimpiadaya hazırlaşır. O, məşqə ara verərək bildirir:
"Sevindirici haldır ki, ölkəmizin idman məktəbləri arasında olimpiada təşkil olunub. İnanıram ki, bu olimpiada məktəbli və yeniyetmələrimizin idmana marağının artmasına müsbət təsir göstərəcək. Cüdo idman növü üzrə 5 idmançı ilə bu mübarizəyə qatılmışıq. Yarışdan yaxşı nəticələrlə qayıdacağımıza böyük ümidlər bəsləyirəm".
"Ümid edirəm ki, bütün rəqiblərimi geridə qoymağı bacaracağam"
Söhbətimizi Məktəblilərin Respublika İdman Olimpiadasında iştirak eməyə hazırlaşan şagird idmançılarla davam edirik.
Həsən Sahibov Xaçmaz şəhər M.Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin şagirdidir. 14 yaşlı idmançı olimpiadaya sərbəst güləş növü üzrə qatılacaq:
"Mən 41 kq çəki dərəcəsində yarışacağam. Yarışlara ciddi hazırlaşırıq, çox məşqlər edirik. Ümid edirəm ki, qızıl medal əldə edəcəm".
Ömər Həsənzadə də sərbəst güləşlə məşğul olur. O, Xaçmaz şəhər Ç.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxuyur. Bildirir ki, öz üzərində durmadan çalışır, məşqlər edir:
"İlk dəfədir belə bir olimpadaya qatıldığım üçün həyəcanlıyam. 14 yaşım var və 57 kq çəki dərəcəsində yarışacağam. Uğur qazanacağımıza inanıram".
Vadim Məhərrəmov Xaçmaz rayon Xudat şəhər N. Nərimanov adına 2 nömrəli tam orta məktəbin şagirdidir. 2010-cu il təvəllüdlü idmançı 66 kq çəki ilə olimpiadaya qatılacaq:
"Gördüyünüz kimi, böyük səylə yarışa hazırlaşırıq, mütəmadi məşqlər edirik. Respublika səviyyəsində olimpiadada gücümüzü sınayacağımız üçün çox sevinirik və qürurluyuq".
Alsu Zəkiyeva Xaçmaz şəhər akademik Z.Əliyeva adına 8 nömrəli liseyin şagirdidir və olimpiadaya atletika idman növü üzrə qatılacaq: "Atletika üzrə 8 idmançı ilə olimpiadaya hazırlaşırıq. Mən 300 metr məsafəyə qaçış yarışında iştirak edəcəyəm. Yorulmadan məşq edirəm, öz üzərimdə çalışıram. Ümid edirəm ki, bütün rəqiblərimi geridə qoymağı bacaracağam".
Məktəbli idmançıların və onların məşqçilərinin məqsədə çatmaq yolunda həddindən artıq səy, cəhd göstərməsinin, can yandırmasının şahidi olduqca qarşıda bizi necə maraqlı yarış gözlədiyinə əmin oluruq. Olimpiadada iştirak edəcək bütün məktəblilərə uğurlar arzulayırıq.




