Məktəbyaşlı 93 milyon uşaq təhsildən kənarda qalıb – BMT
"Təhsil Fasilə Tanımır" (Education Cannot Wait – ECW) Fondunun yayımladığı yeni hesabata görə, hazırda dünyada böhranların təsirinə məruz qalan 258 milyon məktəbyaşlı uşaq var. Onlardan 93 milyonu, ümumiyyətlə, məktəbə getmir.
"Azərbaycan müəllimi" xəbər verir ki, "Maneələri aşmaq: Böhran şəraitində təhsildən kənarda qalmanın səbəbləri" adlı hesabat 87 ölkəni əhatə edir. Sənədə əsasən, böhranların təsirinə məruz qalan uşaqların sayı son 18 ayda 21 milyon nəfər artıb.
Hesabatda qeyd olunur ki, məktəbə davam edən milyonlarla uşaq da keyfiyyətli təhsil ala bilmir. Yoxsulluq, məcburi köçkünlük, silahlı münaqişələr, təhlükəsizlik problemləri və təhsil sistemlərindəki fasilələr onların öyrənməsini çətinləşdirir və məktəbi tərk etmə riskini artırır.
Araşdırmaya görə, böhrandan təsirlənən və məktəbə getməyən uşaqların təxminən 80 faizi ən ağır böhran yaşayan 20 ölkədə yaşayır. Ümumilikdə bu 20 ölkədə 182 milyon böhrandan təsirlənmiş uşaq var və onların 74 milyonu məktəbdən kənardadır.
Hesabat müəllifləri bildirirlər ki, təhsildən kənarda qalma bütün uşaqlara eyni dərəcədə təsir etmir. Məcburi köçkün uşaqlar, əlilliyi olan uşaqlar və ən ağır böhran şəraitində yaşayanlar təhsilə çıxış baxımından daha böyük maneələrlə üzləşirlər.
Sənəddə vurğulanır ki, ailələrin əksəriyyəti bütün çətinliklərə baxmayaraq, uşaqlarını məktəbdə saxlamağa çalışır. Lakin maddi imkanların tükənməsi bir çox hallarda uşaqların təhsildən uzaqlaşmasına səbəb olur.
Hesabata əsasən, ibtidai siniflərdə yaranan öyrənmə boşluqları sonrakı illərdə daha da dərinləşir və yeniyetməlik dövründə məktəbdən ayrılma riskini artırır. Xüsusilə münaqişə bölgələrində uşaqların öyrənmə tempi daha aşağı olur və bu geriləmə uzunmüddətli xarakter daşıyır.
Bundan başqa, məcburi köçkün uşaqların sinifdən-sinfə keçid göstəricilərinin aşağı olduğu, onların təhsil prosesində daha yavaş irəlilədiyi və zaman keçdikcə təhsil baxımından əlverişsiz vəziyyətə düşdüyü qeyd edilir.




