Məleykə Abbaszadə: Müəllim dərs dediyi sinfi tanımalıdır
"Bu gün təhsil işçilərinin sentyabr konfransında nümayiş etdirilən təqdimatlar mənə böyük təsir göstərdi".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, təqdimatlarda real problemlər öz əksini tapıb:
"Ümidvaram ki, o materialları əldə edəcək və datalar üzərində işləyəcəyik. 30 ildir ki, fəaliyyət göstəririk. Təhlillər aparanda biz ancaq nəticələri götürür və ictimaiyyətə təqdim edirik. Sizin təhlil isə tamamilə fərqlidir".
DİM sədrinin sözlərinə görə, 20 ildir ki, hər il "Mənim məktəbim" saytında yalnız imtəhan nəticələri açıqlanırdı:
"Biz rayonun və məktəbin nəticələrini verirdik. Amma şagirdlərə gəldikdə, onları tanımaq lazımdır, nəticələrinin nə üçün zəif olduğu bilinməlidir. Bəzi məktəblərdə testlər aparılır. Burada məlum olur ki, onlara necə kömək etmək olar. Müəllim dərs dediyi sinfi tanımalıdır. Bilməlidir ki, hansı uşağın psixometrik göstəriciləri necədir".




