Məleykə Abbaszadə: Problemlərin kökünə getməliyik
"Təhsil sahəsində aşağı nəticələrin kökünə getməliyik”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, məsuliyyət hissini uşaqlarda yaratmaq lazımdır:
"Ailədə 7-ci sinifdə oxuyan uşaq 5-ci sinifdə oxuyan kiçik qardaşına və ya bacısına kömək edə bilər. Burada müxtəlif yanaşmalar ola bilər. Bəlkə ailə ilə danışıb uşağın böyük qardaşının onunla məşğul olmasını təşkil etmək olar. Bəlkə də siniflər arasında yarışlar yaratmaq olar, belə olduqda uşaqlar özləri də istəməyəcəklər ki, onların arasında zəif nəticə göstərən şagird olsun. Yanaşmalar tamamilə müxtəlif ola bilər. Mənə elə gəlir ki, hər bir məktəbdə, hətta hər bir sinif rəhbəri bu yanaşmaları özü müəyyən edə bilər. Amma bu, çox vacib işdir. Doğrudan da ilkin olaraq ibtidai sinifdə yaranan zəif nəticələr sonradan ona gətirib çıxarır ki, 9-cu sinifdə buraxılış imtahanında yazmağı və oxumağı bacarmayan şagirdlərlə qarşılaşırıq. 2012-ci ildə biz ilk dəfə buraxılış imtahanı aparanda bu mənim üçün şok oldu. Mən həmin uşaqları öz gözlərimlə görmüşdüm".
Sədr əlavə edib ki, buraxılış imtahanı zamanı məktəbləri ziyarət edib:
"Mən o vaxt imtahanları müşahidə edirdim, ilk 9-cu sinif buraxılış imtahanları zamanı rayonlara, kəndlərə gedirdim. 9-cu sinif məzunu olan sağlam uşaq qarşımda oturmuşdu, qarşısında cavab kartı, sual kitabçası var idi, amma heç nə yazmamışdı. İmtahandan sonra həmin uşaqla özüm danışdım. Məlum oldu ki, həmin uşaq ümumiyyətlə məktəbə getmirdi, fermada atasına kömək edirdi.
Sağlam uşaq idi və utanırdı ki, 9-cu sinfə gəlib çatıb, amma oxumağı bacarmır. İndi belə faktlar yoxdur. O vaxtdan bəri biz hər il belə faktları müəyyənləşdirəndə Elm və Təhsil Nazirliyinə göndərmişik və demək olar ki, bu problemi aradan qaldırmışıq. İndi 4-cü sinifdən başlamışıq və bu, çox vacibdir. Biz bunu ona görə edirdik ki, problemlərin kökünə getməliyik. Onu deyim ki, son 10-13 il ərzində aparılan institusional dəyişikliklərin nəticəsini biz görəcəyik".




