“Məqsədim süni intellekt tətbiqlərini genişləndirməkdir” – DP qalibi 

28 Avqust, 2026 - 11:40
“Məqsədim süni intellekt tətbiqlərini genişləndirməkdir”

Rəqabətli proqramlaşdırma sahəsində qazandığı uğurlar, informatika olimpiadalarındakı nailiyyətləri və ali təhsil dövründə göstərdiyi yüksək nəticələr gənc tələbə Fərid Tariverdiyevə daha bir mühüm uğur qazandırıb.

"Azərbaycan müəllimi"nin bu dəfə uğurlarından bəhs edəcəyi Fərid Tariverdiyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində (University of Birmingham) “Süni intellekt və kompüter elmləri ("Artificial Intelligence and Computer Science") ixtisası üzrə təhsil almaq hüququ qazanıb.

Qazanılan medallar və beynəlxalq yarış təcrübəsi

Qubada anadan olan Fərid Tariverdiyev 2024-cü ildə Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib. Elə həmin il ADA Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olunub. ADA Universitetində iki il təhsil aldıqdan sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyada təhsil almaq imkanı əldə edib.

Fərid Tariverdiyev bildirib ki, Dövlət Proqramının qalibləri siyahısında adını gördüyü an həm böyük həyəcan, həm də qürur hissi keçirib: “Dövlət Proqramının qalibləri siyahısını yoxlayanda böyük həyəcan yaşayırdım. Qalib olduğumu öyrəndikdə isə qürur və sevinc hissi keçirdim və ilk olarq bu şad xəbəri ailəmlə paylaşdım. Bu uğurun arxasında dayanan əsas amillər özünəinam, planlı şəkildə çalışmaq və daima yeniliklərdən xəbərdar olmaqdır”.

Məktəb illərindən informatika və proqramlaşdırmaya xüsusi maraq göstərən Fərid bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm nəticələr əldə edib. O, 2018-ci ildə Lütfi Zadə adına Məntiq Olimpiadasında I yerə layiq görülüb. İnformatika üzrə Respublika Olimpiadalarında 2021 və 2024-cü illərdə bürünc, 2022 və 2023-cü illərdə isə gümüş medal qazanıb. Bundan əlavə, 2022-ci ildə Avropa Yeniyetmələrinin İnformatika Olimpiadasında (EJOI) və Balkan Yeniyetmələrinin İnformatika Olimpiadasında (JBOI) fərqlənmə sertifikatına layiq görülüb.

Universitet təhsili dövründə də proqramlaşdırma sahəsində fəaliyyətini davam etdirən gənc tələbə ICPC (International Collegiate Programming Contest) yarışlarında iştirak edib. Azərbaycan üzrə seçmə mərhələləri uğurla keçərək yarışın "Northern Eurasia Finals" mərhələsinə vəsiqə qazanıb. O, Gürcüstanda keçirilən final mərhələsində iştirak edərək 2024-cü ildə "Honorable Mention" (Fərqlənmə) sertifikatı əldə edib.

ADA Universitetində aldığı təhsil ona akademik baza və dəyərli təcrübə qazandırıb

Fərid Tariverdiyev ADA Universitetində aldığı təhsilin ona akademik baza və dəyərli təcrübə qazandırdığını vurğulayaraq, təhsilini xaricdə davam etdirmək qərarının arxasında duran səbəblərdən də danışıb:“ADA Universitetində aldığım ikiillik təhsil sayəsində mənim təcrübəm və bazam oldu. Bu ixtisas üzrə təhsilimi xaricdə davam etdirmək  qərarı almağımda ən böyük motivasiyam ölkəmizdə həyata keçirilən rəqəmsallaşma addımları oldu. Ölkə başçısı İlham Əliyevin rəqəmsallaşma ilə bağlı fərmanları bu sahənin strateji əhəmiyyətini göstərir. Mən də təhsilimi dərinləşdirərək peşəkar bir mütəxəssis kimi  ölkəmizə öz töhfəmi vermək istəyirəm.  

Niyə məhz Birmingem Universiteti?

Fəridin sözlərinə görə, Birmingem Universitetini seçməsində bir neçə mühüm amil rol oynayıb. Belə ki, universitet dünyanın ən nüfuzlu ali təhsil müəssisələri sırasında yer alır, dünya reytinqlərində ilk 68 universitet arasında göstərilir və Böyük Britaniyanın aparıcı universitetlərini birləşdirən "Russell Group"un üzvüdür. Bundan başqa, universitetdə süni intellekt sahəsində real tətbiqlər və tədqiqatlarla tanınan "The Alan Turing Institute" fəaliyyət göstərir ki, bu da gəncimizin seçimində xüsusi əhəmiyyət daşıyıb.
Gənc tələbə hesab edir ki, rəqabətli proqramlaşdırma sahəsində qazandığı uğurlar gələcək təhsilində və peşəkar fəaliyyətində ona ciddi üstünlüklər qazandıracaq:“Əldə etdiyim medallar mənə intizam, yüksək motivasiya və davamlılıq kimi keyfiyyətlər qazandırıb. Rəqabətli proqramlaşdırma sayəsində güclü alqoritmik baza əldə etmişəm, zamanı düzgün idarə etməyi və stresli anlarda tez həll yolları tapmağı öyrənmişəm. Süni intellekt mürəkkəb alqoritmlər üzərində qurulduğu üçün bu təcrübə təhsilimdə mənə böyük üstünlük verəcək. Bu bacarıqlar çətin AI problemlərini daha sürətli və effektiv həll etməyimə birbaşa kömək edəcək”.
Xaricdə təhsil almağı qarşısına məqsəd qoyan gənclərlə tövsiyələrini bölüşən Fərid Tariverdiyev onların yalnız akademik nəticələrlə kifayətlənməməsinin vacibliyini vurğulayıb:“Yüksək akademik ortalama ilə yanaşı, dərsdənkənar fəaliyyətlərə və layihələrə də vaxt ayırmaq lazımdır. Ən əsası, gələcəklə bağlı aydın planlar qurmaq, seçilən sahədəki yenilikləri daim izləmək və hər zaman özünə inanmaq lazımdır”.

Əldə edəcəyi bilik və təcrübəni Azərbaycanın rəqəmsal inkişafına yönəltməyi hədəfləyir

Gələcək planlarından danışan Fərid Tariverdiyevin sözlərinə görə, Böyük Britaniyada təhsil aldığı müddətdə orada təhsil alan azərbaycanlı tələbələrlə sıx əlaqələr quraraq müasir texnologiyaların ölkəmizə gətirilməsi istiqamətində əməkdaşlıq etməyi planlaşdırır: “Məqsədim həm özəl, həm də dövlət sektorunda süni intellekt tətbiqlərini genişləndirərək iş proseslərini asanlaşdırmaqdır. Eyni zamanda, ölkəyə qayıtdıqdan sonra gənclərimizin bu sahəyə inteqrasiyasını təmin etmək üçün yeni "bootcamp"lər və təlim kursları təşkil etməyi planlaşdırıram”, – deyə o qeyd edib.

Beləliklə, məktəb illərindən informatika və proqramlaşdırma sahəsində qazandığı uğurları ardıcıl şəkildə davam etdirən Fərid Tariverdiyev indi qarşısına daha böyük məqsədlər qoyur. Dövlət Proqramının dəstəyi ilə dünyanın nüfuzlu universitetlərindən birində təhsil alacaq gənc mütəxəssis gələcəkdə süni intellekt sahəsində əldə edcəyi bilik və təcrübəni Azərbaycanın rəqəmsal inkişafına yönəltməyi hədəfləyir.