Mətin Kərimli: Qərbi Azərbaycandakı maarif mühiti pedaqoji fikrin inkişafında mühüm rol oynayıb
"Qərbi Azərbaycan xalqımızın milli kimlik məsələsidir və bu, hər zaman belə olub. Bu tarixi torpaqlarda formalaşmış maarif mühiti Azərbaycan maarifinin və pedaqoji fikrinin inkişafında mühüm rol oynayıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Elm və Təhsil Nəzirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış sülh missiyasıdır:
"Azərbaycan Prezidenti tərəfindən irəli sürülən Qayıdış Konsepsiyası xaricdə yaşayan soydaşlarımızın səsini beynəlxalq ictimaiyyətə çatdırılmasını, onların hüquqlarının müdafiəsini və doğma yurdlarına sülh yolu ilə qayıdış hüququnun təmin olunmasını nəzərdə tutur.
Bu məsələ hər şeydən əvvəl insan hüquqları, tarixi ədalət və beynəlxalq hüquq məsələsidir.
Məmnunluqla qeyd edirik ki, cənab Prezidentin təxminən dörd il əvvəl Qərbi Azərbaycanla bağlı etdiyi tarixi çıxışdan sonra ötən dövr ərzində Qərbi Azərbaycan məsələsi ideyadan fəaliyyətə, sözdən əmələ çevrilməkdədir. Çıxışımın sonunda üç məqamı bir daha vurğulamaq istəyirəm.
Birincisi, Qərbi Azərbaycan məsələsi insan hüquqları, tarixi ədalət və beynəlxalq hüquq məsələsidir. İkincisi, bu missiya artıq bəyanatlardan əməli fəaliyyət mərhələsinə keçib. Qərbi Azərbaycana qayıdış davamlı sülh və gələcək inkişaf strategiyamızın ayrılmaz hissəsidir. Üçüncüsü, bu məsələ bizdən yalnız xatirələrlə deyil, planlarla yaşamağı tələb edir. Güclü dövlət kimi biz illəri deyil, gələcək nəsilləri nəzərə alaraq planlar qurmağı öyrənməliyik və bunu da edirik".



