Metro, avtobus, skuter, yoxsa velosiped? - Tələbələr arasında sorğu
Universitetə gündəlik gediş-gəliş zamanı vaxta qənaət etmək və gediş-gəliş xərclərini azaltmaq tələbələrin nəqliyyat seçiminə təsir edən əsas amillərdəndir. Son illərdə şəhər nəqliyyatında mikromobillik vasitələrinin, xüsusilə skuter və velosipedlərin istifadəsinin genişlənməsi bu nəqliyyat növlərini də tələbələr üçün alternativ seçimə çevirir.
Bəs tələbələr universitetə gedərkən hansı nəqliyyat vasitələrinə üstünlük verirlər? Skuter, velosiped və digər mikromobillik vasitələri onların gündəlik gediş-gəlişləri üçün nə dərəcədə əlverişlidir?
“Azərbaycan müəllimi” müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında sorğu keçirərək onların gündəlik nəqliyyat seçimlərini, mikromobillik vasitələrindən istifadəyə münasibətlərini, eləcə də bu seçimə təsir edən amilləri öyrənib.
Bakı Dövlət Universitetinin magistrantı Gültac Mehdizadə skuter və velosipeddən istifadənin tələbələr üçün həm vaxta, eləcə də nəqliyyat xərclərinə qənaət baxımından əlverişli seçim ola biləcəyini bildirib:
“Universitetə gündəlik gediş-gəlişdə skuter, velosiped və digər mikromobillik vasitələrindən istifadə mənim üçün maraqlı alternativdir. Xüsusilə vaxt və nəqliyyat xərclərinə qənaət baxımından faydalı olduğunu düşünürəm. Bu vasitələrdən istifadənin daha da genişlənməsi üçün təhlükəsiz yolların və parklanma məntəqələrinin artırılması, eləcə də əlçatanlığın təmin olunması vacibdir. Hava şəraiti də bu seçimə təsir edən amillərdəndir. Ümumilikdə, təhlükəsizlik və əlçatanlıq imkanları yaxşılaşdırılarsa, mikromobillik vasitələri tələbələr üçün həm rahat, həm də qənaətli nəqliyyat seçiminə çevrilə bilər”.
Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Sevinc Şahmalıyeva gündəlik gediş-gəlişində ictimai nəqliyyata üstünlük verir, skuter və velosipedin isə daha çox qısa məsafələr üçün praktik seçim olduğunu düşünür:
“Universitetə gedib-gəlmək üçün daha çox ictimai nəqliyyata üstünlük verirəm. Avtobusların xüsusi zolaqla hərəkət etməsi və metroların müəyyən edilmiş qrafik üzrə işləməsi vaxta qənaət etməyə imkan verir. Velosiped və skuter isə qısa məsafələr üçün, xüsusilə hava şəraiti əlverişli olduqda praktik seçimdir. Uzaq məsafələrdə və əlverişsiz hava şəraitində isə ictimai nəqliyyata üstünlük verirəm. Ümumilikdə, nəqliyyat seçimində rahatlıq, vaxt və əlçatanlıq əsas amillərdir”.
Bakı Dövlət Universitetinin tələbəsi Banuçiçək Kalbalıyeva alternativ mobillik vasitələrinin şəhər nəqliyyatında əlavə seçim imkanları yaratdığını qeyd edib:
“Alternativ mobillik vasitələrindən istifadə nəqliyyat sıxlığının müəyyən qədər azalmasına kömək edə bilər. Lakin mənim yaşadığım ərazidən universitetə ictimai nəqliyyatla belə 1-1,5 saata çatmaq mümkündür. Bu baxımdan mənim üçün gündəlik gediş-gəlişdə ictimai nəqliyyatdan istifadə daha əlverişlidir”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Səma Muğanna metrodan istifadənin gündəlik gediş-gəlişdə vaxt baxımından əlverişli olduğunu bildirib:
“Avtobus və avtomobil vaxta qənaət, rahatlıq və əlçatanlıq baxımından müəyyən üstünlüklərə malikdir. Amma hazırda yollarda sıxlıq olduğundan metro ilə bir çox ünvana daha tez çatmaq mümkündür. Buna görə gündəlik gediş-gəlişdə metroya üstünlük verirəm”.
Bakı Dövlət Universitetinin tələbəsi Aytac Kərimova skuteri xüsusilə tıxaclı saatlarda rahat və çevik nəqliyyat vasitəsi hesab etdiyini deyib:
“Universitetə skuterlə getmək, xüsusən tıxac olan saatlarda, məncə, rahat variantdır. Maşınla gedəndə yolda çox vaxt itirmək mümkündür, skuterlə isə daha çevik hərəkət etmək olur. Yanacaq və parklanma xərclərinin olmaması da üstünlüklərindən biridir. Təbii ki, hava şəraiti və təhlükəsizlik də nəzərə alınmalıdır”.
Bakı Dövlət Universitetinin tələbəsi Mehriban Baxışova skuter və velosipedin gündəlik gediş-gəliş üçün maraqlı seçim olduğunu söyləyib:
“Fikrimcə, bunlarla həm vaxta, həm də nəqliyyat xərclərinə qənaət etmək olar. Mənim üçün əsas amillər vaxt və pula qənaət, rahatlıq, əlçatanlıq və təhlükəsizlikdir. Əgər istifadə rahat və təhlükəsiz olsa, universitetə skuterlə və ya velosipedlə gedib-gəlməyi seçərdim. Hətta bu, mənim üçün daha maraqlı olardı”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hikmət Alızadə tələbələr üçün mikromobillik imkanlarının əlçatanlığının artırılmasının bu nəqliyyat vasitələrinə marağı gücləndirə biləcəyini bildirib:
“Mən universitetə yaxın ərazidə yaşadığım üçün skuter və velosipeddən istifadə edə bilərəm. Amma tələbələrin universitetə gediş-gəliş məsafələri fərqlidir. Buna görə də mikromobillik vasitələrinin qiyməti və əlçatanlığı da nəzərə alınmalıdır. Tələbələr üçün xüsusi güzəştlərin tətbiqi bu baxımdan maraqlı imkan yarada bilər. Məsələn, “TələbəPlus” kartı ilə skuter və velosiped xidmətlərindən istifadə zamanı endirimlərin tətbiqi tələbələrin bu vasitələrə marağını artıra bilər. Mən özüm də bulvarda gəzmək üçün skuterdən istifadə edirəm və düşünürəm ki, tələbələr üçün daha əlçatan imkanlar yaradıldıqca bu nəqliyyat vasitələrindən istifadə də genişlənə bilər”.




