MİQ müsabiqəsi üçün qeydiyyat keçənlərin 20%-i imtahanda iştirak etmirdi - Muxtar Hacıyev
“Əvvəlki illərdə müəllimlərin işə qəbul (MİQ) imtahanı üçün 65 min nəfər qeydiyyatdan keçsə də, onların 20%-i imtahanda iştirak etmirdi”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan qiymətləndirmə şöbəsinin müdir müavini Muxtar Hacıyev deyib.
M.Hacıyev qeyd edib ki, builki MİQ imtahanlarında iştirak etmək üçün artıq 30 minə yaxın şəxs qeydiyyatdan keçib: “Builki saylar daha realdır. Nazirlər Kabinetinin qərarına əsasən, bu ildən ödəniş rüsumu tətbiq edilir. Əvvəlki illərdə biz 65 min nəfər üçün infrastruktur qururduq, onların bir qismi iştirak edirdi. Büdcənin səmərəli bölünməsi üçün Nazirlər Kabineti belə qərara gəldi ki, bu, ödənişli proses olmalıdır”.
Onun sözlərinə görə, MİQ imtahanlarının hər il olduğu kimi, iyulun 1-8-də keçirilməsi planlaşdırılır: “Ən geci, bir həftə əvvəldən şəxsi kabinetlərə məlumat göndərilir. Respublikada 56-ya yaxın mərkəz fəaliyyət göstərir. İmtahan verəcək şəxs “Qaynar xətt” ilə əlaqə saxlaya bilər, biz ona ən yaxın mərkəzdə imtahan verməsi üçün şərait yaratmağa hazırıq. Eyni anda 11 min namizəd elektron qaydada imtahan verə bilər”.


