MİQ və sertifikasiya imtahanları üçün mərkəzlərin sayı artırılıb

3 İyun, 2026 - 14:20
MİQ və sertifikasiya imtahanları üçün mərkəzlərin sayı artırılıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin 1–8 iyul 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu gündən etibarən isə müsabiqə üzrə elektron sənəd qəbuluna başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, MİQ və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanlarının təşkili üçün ölkə üzrə 23 şəhərdə ümumilikdə 56 imtahan mərkəzi mövcuddur.

Müqayisə üçün qeyd edək ki, ötən il 19 şəhərdə 44 imtahan mərkəzi fəaliyyət göstərib. Beləliklə, imtahan mərkəzlərinin əhatə etdiyi şəhərlərin sayı 4, ümumi mərkəzlərin sayı isə 12 vahid artırılıb. Bu il imtahan mərkəzlərinin yerləşdiyi şəhərlərin sırasına Balakən, Zaqatala, Hacıqabul və Şəmkir də əlavə olunub.

Mərkəzlərin ümumi tutumu da artırılıb. Belə ki, ötən il 10 040 nəfər olan tutum bu il 11 564 nəfərə çatdırılıb.

Bununla yanaşı, daimi fəaliyyət göstərən imtahan mərkəzlərinin sayı 36-dan 48-ə yüksəldilib. Həmin mərkəzlərin ümumi tutumu isə 5 504 nəfərdən 7 028 nəfərə çatdırılıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Sertifikatlaşdırma imtahanları üçün də sözügedən mərkəzlər nəzərdə tutulub.