"Müəllim əməyinin dəyəri artmağa davam edəcək" - Emin Əmrullayev
“Müəllimlərin 2021-ci ildə 533 manat olan orta əməkhaqqısı 2025-ci ildə 965 manata yüksəlib və bu tendensiya növbəti illərdə də davam edəcək”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olarkən səsləndirib.
Nazir bildirib ki, proses son illərdə mütəmadi olaraq davam edir və müəllimlərin orta əməkhaqqında əhəmiyyətli artım qeydə alınıb: "Artıq açıqlanan 2026-cı il büdcəsi müəllimlərin maaş artımını davam etdirməyə imkan verir".
Emin Əmrullayev 2027-ci ildə də bu istiqamətdə müəyyən planların olduğunu vurğulayıb. Lakin onun fikrincə, “2027-ci ildən sonra nə olacaq?” sualı daha vacibdir. Nazir deyib ki, mövcud prosesi eyni şəkildə davam etdirmək mümkün olsa da, bu yanaşma hər zaman səmərəli nəticə vermir:
“Son 5 ildə çox şey öyrənmişik və düşünürük ki, növbəti 5 ildə bu işi daha da yaxşı təşkil etmək olar. Bununla bağlı daha sonra geniş məlumat verəcəyik”.
Nazirin təqdim etdiyi slaydlardan biri də müəllim sayındakı dəyişikliklə bağlı olub. O bildirib ki, son dövrdə ölkədə müəllimlərin ümumi sayında azalma müşahidə edilir – 130 min müəllimdən 120 min müəllimə enmə qeydə alınıb. Bu isə müəllim əməyinin dəyərinin artırılmasına birbaşa təsir göstərən amillərdən biridir.
Emin Əmrullayev əlavə edib ki, cəmiyyətin bir çox üzvləri üçün “müəllim” anlayışı eyni görünür, lakin əslində müəllimlər müxtəlif kateqoriyalara bölünür və əməkhaqqının formalaşması da bu kateqoriyalara görə dəyişir: “Biz kimlərə “müəllim” deyirik, bunu daha dəqiq ölçülərlə göstərməyə çalışacağıq”.




