“Müəllim sinfə özü üçün danışmağa girməməlidir” – Emin Əmrullayev

11 Sentyabr, 2026 - 12:56
“Müəllim sinfə özü üçün danışmağa girməməlidir”

"Təhsilin daha yaxşı olması üçün müəllimimizin keyfiyyəti daha yüksək olmalıdır".

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Onun sözlərinə görə,  sertifikatlaşdırmanın ilkin nəticələrini 2026-cı ildə PIRLS-də görə bilərik:

"Başa düşməliyik ki, bunun nəticəsini bir neçə ildən sonra görəcəyik. Düşünürəm ki, sertifikatlaşdırmanın ilkin nəticələrini 2026-cı ildə PIRLS-də görə bilərik.  Çünki bu, ibtidai sinifləri əhatə edir. Amma yenə də tam nəticəni görməyəcəyik. Onu 2031-ci ildə daha aydın görə bilərik.  Çünki 2026-cı ildə 4-cü sinfi bitirən uşaqların müəyyən qisminə, hətta böyük bir qisminə sertifikatlaşdırmadan keçməyən müəllimlər də dərs deyiblər. Bu mənada təsirlərin ortaya çıxması üçün vaxt lazımdır. Mənim müşahidələrimə görə, bizim axsayan, müəyyən mənada geridə olduğumuz yer haradadır? Təhsil siyasətini ölkə rəhbəri, Azərbaycan hökuməti müəyyən edir, nazirlik isə onu müəyyən qaydalar və çərçivələrə salır".

E.Əmrullayev qeyd edib ki, aşağıya doğru getdikcə, nazirlikdən başlayıb sinif otağına qədər hamı bunu düzgün başa düşsə, mükəmməl təhsil sistemi olacaq:

"Tam səmimi olaraq deyim, bu zalda əyləşən və əyləşməyən insanların bu işdə bizə çox ciddi kömək etməsi lazımdır. Biz sadə məsələləri başa düşməliyik. Təhsilin daha yaxşı olması üçün müəllimimizin keyfiyyəti daha yüksək olmalıdır, məktəbə məktəbəqədər təhsildən daha çox uşaq gəlməlidir, məktəbdə nizam-intizam yerində olmalıdır, uşaqlar dərsə gecikməməlidir.  Sinfə girən müəllim dərs deməli və əmin olmalıdır ki, dərsin sonunda sinifdəki uşaqlar nəyisə öyrəniblər. Müəllim sinfə sadəcə özü üçün danışmağa girməməlidir. Müəllimə və yaxud direktora yönəlik olaraq, ümumiyyətlə, “mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına keçməyin vaxtıdır. Çünki yaxşı təhsil sistemində bir məktəb digər məktəbdən çox fərqlənmir. Azərbaycan vətəndaşının 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, yoxsa 4 nömrəli məktəbə getməsinin heç bir fərqi olmamalıdır. Amma “filankəs müəllimin məktəbi”, “filankəs xanımın məktəbi” anlayışı, səmimi olaraq, yaxşı təhsil sisteminin xüsusiyyəti deyil. Bunlar müəllif məktəbləridir. Bir, iki, üç belə məktəb ola bilər. Amma ölkədə 150 belə “müəllif məktəbi” varsa, orada təhsil sistemindən yox, ayrı-ayrı insanların, şərti olaraq, arzularından danışırıq. Ona görə də sistematiklik çox vacibdir. Bizim danışdığımız əsas məsələ də budur”.