Müəllimlərimiz müsahibə mərhələsinə kifayət qədər önəm vermirlər – MÜTDA-nın direktor müavini

11 İyun, 2026 - 16:07
Müəllimlərimiz müsahibə mərhələsinə kifayət qədər önəm vermirlər – MÜTDA-nın direktor müavini

"Müəllimlər sertifikatlaşdırma imtahanlarda uğur qazanmaq üçün sadəcə olaraq məsuliyyətlə işləməlidirlər. İl ərzində sinfində öz fənnini normal tədris edən, şagirdi ilə əks-əlaqə quran, onun harada geri qaldığını nəzərə alan, şagirdə fərdi yanaşan, fənninin içində bilmədiyi mövzuları araşdırıb dərindən öyrənən müəllim sertifikatlaşdırma imtahanında heç bir çətinliklə qarşılaşmır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Real TV-nin "Orta gün" verilişində söyləyib.

V.Yaqublu bildirib ki, müəllim yalnız şagirdə öyrədəcəyi məlumat üzrə imtahan olunur: "Ondan artıq heç nə soruşulmur. İmtahanın qiymətləndirmə çərçivəsi də əvvəlcədən paylaşılır deyə onlar bundan məlumatlıdırlar".

Direktor müavini qeyd edib ki, sertifikasiya müəllimlər arasında diferensiasiya yaradır, eyni iş müqabilində daha savadlı və səriştəli olanlar daha çox maaş alırlar: "Təhsil sisteminə təsadüfən gəlmiş, sənəti sevməyən, bilik və bacarıqları kifayət qədər olmayan şəxslər sistemdən uzaqlaşdırıldı, bir təmizlənmə prosesi getdi. Bu da müəllimlər üçün öz üzərlərində işləmək üçün motivasiya oldu". 

Onun sözlərinə görə, sertifikatlaşdırma imtahanları daha çox şagirdə savadlı müəllimin çıxışını təmin edib. 

V.Yaqublu bildirib ki, sertifikatlaşdırma prosesində bir çox hallarda müəllimlər üçün test imtahanı mərhələsindən keçmək daha asandır: "Müsahibədə müəllimlərin təkcə biliklərini yox, metodiki bacarıqlarını, nitq qabiliyyətini qiymətləndiririk. Müsahibə mərhələsinə hələ də müəllimlərimiz kifayət qədər önəm vermirlər. Müsahibə mərhələsinin onların kim olduğunu daha yaxşı qiymətləndirən proses olmasına hələ də hazır deyirlər".