“Müəllimlərin dəyişikliklərə müqaviməti bizə çətinlik yaradır” - Aparıcı metodist
Tədrisin təkmilləşdirilməsində metodist nəzarətini təmin etmək müəllimlərin tədris məqsədlərinə çatmasına yardımçı ola biləcək bir vasitədir. Bir çox tədqiqatçı hesab edir ki, metodistin fəaliyyəti tədris prosesinin inkişaf etdirilməsi və şagirdlərin uğuruna gətirib çıxarır. Ölkəmizdə metodist xidmətinin səmərəliliyini artırmaq üçün bu sahədə qabaqcıl dünya təcrübəsinin yenilikləri öyrənilir və həmin yeniliklər ehtiyaclar və perspektivlər çərçivəsində tətbiq edilməkdədir.
“Azərbaycan müəllimi” müsabiqə əsasında seçilən qabaqcıl metodistlərdən biri - Könül Qafarova ilə söhbət edib.
Metodist fəaliyyətinin əsas uğuru
İxtisasca ingilis dili müəllimi olan Könül Qafarova 25 ildən çoxdur ki, Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbdə işləyir. 10 ildən artıq müddətdə isə həm də təlimçi olaraq fəaliyyət göstərir. Təlimçilik fəaliyyətinə mentor kimi başlayıb, müəllimlərə fərdi şəkildə İKT sahəsi üzrə mentorluq edib. Həmçinin ARTİ-nin Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparıcı metodisti olaraq fəaliyyət göstərir.
“İndiyə qədər bir çox nailiyyətlərim olub. Onlardan ən uğurlusu Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülməyimdir. Aparıcı metodist seçilməyim mənim üçün növbəti nailiyyətdir. Bu, çox məsuliyyətli, həm də maraqlı vəzifədir. Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə fəaliyyət planına əsasən, Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində təşkil olunan “Təhsildə liderlik” mövzusunda təlimin iştirakçısı olmuşam. Layihə 4 həftəlik idi və onun 3 həftəsi İsraildə, son həftəsi isə Bakı şəhərində reallaşdı. Həmin səfərdə seçilmiş 50 nəfərdən biri olmaq mənim üçün qürurverici idi. Bu təşəbbüs mənə liderliklə yanaşı layihə əsaslı təlimi öyrətdi. XXI əsr bacarıqlarının hamısı bu layihədə cəmlənmişdi. Seçildiyim üçün ARTİ-yə çox minnətdaram”, - özü haqqında məlumat verən K.Qafarova bildirir.
"Müəllimlərin irəliləyişi və dərslərin keyfiyyətində yüksəliş metodist fəaliyyətinin əsas uğurudur”
Könül xanımın fikrincə, metodist fəaliyyəti təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş sistemli və planlı işdir, onun vəzifəsi yalnız nəzarət deyil, həm də dəstək, istiqamətləndirmə və inkişafetdirmə funksiyasını daşıyır:
“Metodist müəllimlə rəhbərlik arasında peşəkar körpü rolunu oynayır. Metodist məqsədyönlü dərsin təşkilində müəllimlərə dəstək olan şəxsdir. Müəllimlərin peşəkar inkişafına dəstək, əməkdaşlıq mühitinin təmin edilməsi, metodistlərə dəstəyin göstərilməsi, həmkardan həmkara dəstək mühitinin yaradılması, yeni tədris üsullarını tətbiq etmək, dərsin keyfiyyətinə nəzarət metodistin fəaliyyətinə daxildir. Müəllimlərin peşəkar inkişafında real irəliləyişi və dərslərin keyfiyyətində yüksəlişi metodist fəaliyyətinin əsas uğuru kimi qeyd edə bilərəm”.
İnkişaf yönümlü əks-əlaqə
Aparıcı metodist qeyd edir ki, fəaliyyəti çərçivəsində müəllimlərlə fərdi və qrup şəklində metodik görüşlər keçirir. Onların dərsi müşahidə olunur və konstruktiv rəy verilir. Müasir təlim strategiyalarının öyrədilməsində qiymətləndirmə üsulları və meyarların çıxarılmasında dəstək göstərilir. Eyni zamanda psixoloji və motivasiyaedici söhbətlər aparılır: “Aparıcı metodist olaraq müəllimlər üçün təlim və seminarlar təşkil edirik. Gənc müəllimlərin adaptasiya prosesinə dəstək olunur. Ötən ilin sonunda Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktor müavinləri üçün aparıcı metodistlər tərəfindən 2 günlük “Dərsdinləmənin aparılması və müəllimə əks-əlaqənin qurulması” mövzusunda təlim təşkil olundu. Təlim interaktiv formatda həyata keçirildi, iştirakçılar praktiki nümunələr üzərində fikir mübadiləsi apardılar. Təlimdə dərsdinləmə prosesinin təşkili və müəllimə inkişaf yönümlü əks-əlaqənin verilməsi məsələləri ətraflı müzakirə olundu. Bununla belə, nümunəvi dərslərin təşkili və müsbət təcrübənin yayılması yönəmində də işlərimiz davam edir”.
"Müəllimlər qiymətləndirmə meyarlarının düzgün çıxarılmasında çətinlik çəkirlər"
Könül Qafarova təhsilverənlərin qarşılaşdığı problemlər haqqında məlumat verərkən qeyd edir ki, müəllimlər şagird motivasiyasının aşağı olmasından, sinfin idarə olunmasından, vaxtın düzgün bölüşdürülməməsindən narazılıq edir, qiymətləndirmə meyarlarının düzgün çıxarılması ilə bağlı çətinlik çəkirlər:
“Metodist müəllimlərə praktiki seminarlar və təlimlərin təşkil olunmasında, nümunəvi dərslərin təşkilində, fərdi inkişaf planlarının qurulmasında, təcrübə mübadiləsinin təşkilində, rəqəmsal platformalardan istifadədə dəstək göstərə bilər. Düşünürəm ki, həftədə bir dəfə ARTİ-də olduğu kimi, davamlı peşəkar inkişaf təlimləri təşkil edilməlidir. Beynəlxalq təcrübə ilə tanışlıq, dünya təcrübəsinə inteqrasiya etmək vacibdir. Metodistin rolunun bəzən düzgün anlaşılmaması və müəllimlərin dəyişikliklərə müqaviməti bizim üçün böyük çətinlik yaradır”.
Beləliklə, metodistin əsas vəzifəsi müəllimlərin gələcək inkişaflarına müəyyən istiqamətlər vermək və dəstək göstərməkdir. Peşəkar metodist müəllimlərin öz bacarıqlarını kəşf etmələrinə və bununla qürur duymalarına, peşəkar inkişaflarında bu bacarıqları uğurlu tətbiq etmələrinə yardımçı olmalıdır. Metodist vahid yanaşma seçmək əvəzinə hər bir müəllimin individual ehtiyaclarına uyğun yanaşmaqla daha faydalı xidmət göstərə bilər.



