Müəllim-şagird münasibətində balans necə qurulmalıdır? 

9 Oktyabr, 2026 - 09:24
Müəllim-şagird münasibətində balans necə qurulmalıdır? 

Müəllim-şagird münasibətləri təhsil prosesinin mühüm tərkib hissələrindən biridir. Bu münasibətlərin qurulmasında qarşılıqlı hörmət, etimad və sağlam ünsiyyətin olması, sərhədlərin qorunması xüsusi əhəmiyyət daşıyır. 

Bəs müəllim-şagird münasibətlərində bu sərhədlər necə müəyyənləşdirilməli və qorunmalıdır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan müəllim Gözəl Azayeva bildirib ki, müəllim-şagird münasibətində ilk addım şagirdi tanımaqdır:

“Çünki hər şagirdin xarakteri, ehtiyacı və müəllimdən gözləntisi fərqlidir. Bunun ən vacib yolu isə onu dinləməkdir. Şagirdin yerinə danışmaq yox, onun öz fikrini ifadə etməsinə imkan vermək lazımdır. Müəllim əvvəlcə dinləməli, sonra istiqamət verməlidir.

Məsələn, sakit bir şagirdim varsa, onu dərhal “maraqsızdır” kimi qiymətləndirmərəm. Əvvəlcə səbəbini anlamağa çalışaram. Bəlkə fikri var, sadəcə danışmağa çəkinir. Ona söz vermək, özünü ifadə etməsinə imkan yaratmaq, “Səni dinləyirəm, tələsmə” demək bəzən kifayət edir.
Amma şagirdi anlamaq və ona yaxın olmaq sərhədləri aradan qaldırmaq demək deyil. Bu sərhəd yalnız dərs prosesində deyil, məktəbdəki gündəlik ünsiyyətdə, dərsdənkənar münasibətlərdə, sosial şəbəkələrdə və digər mühitlərdə də qorunmalıdır”,

Onun sözlərinə görə, həddindən artıq səmimiyyət şagirdə sərhədsizlik hissi verə bilər:

“O, müəllimin güzəştini qayda kimi qəbul edə, özünü hər şeyi edə biləcək və hər şeyə haqqı çatan biri kimi görə bilər. Bu isə zamanla müəllimin sözünün təsirini, tədrisin ciddiliyini və məktəbdəki münasibətlərin sağlamlığını zəiflədə, müəllimin peşəkar imicinə də xələl gətirə bilər.
Əksinə, həddindən artıq sərtlik də şagirdi müəllimdən uzaqlaşdıra bilər. Şagird qorxduğu üçün fikrini söyləməyə, sual verməyə və özünü rahat ifadə etməyə çəkinə bilər. Belə münasibətdə zahiri intizam qorunsa da, qarşılıqlı etimad zəifləyir.

Xüsusilə indi bu balansı qorumaq daha vacibdir. Şagirdlər və ünsiyyət formaları dəyişib. Müəllim müasir şagirdi anlamalı, onu dinləməli və dəstəkləməlidir, amma öz peşəkar mövqeyini və şəxsi sərhədlərini də qorumalıdır.

Məncə, müəllim nə soyuq divar olmalıdır, nə də sərhədsiz dost. Şagirdin yanında olmalıdır, amma onun yerində deyil. Çünki düzgün sərhəd şagirdi uzaqlaşdırmaq üçün yox, qarşılıqlı hörməti, müəllimin nüfuzunu və təhsilə olan münasibəti qorumaq üçün lazımdır”.