“Özbəkistanlı tələbələrin sayını artırmaq imkanı var” – Emin Əmrullayev
“Son illərdə Özbəkistan və Azərbaycan arasında təhsil əlaqələrinin inkişafı baxımından çox yaxşı dinamika var”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir neçə il ərzində iki ölkə arasında bir sıra saziş və müqavilələr imzalanıb.
“Bu müqavilələr nəticəsində həm Azərbaycanda təhsil alan özbəkistanlı tələbələrin, həm də Özbəkistanda təhsil alan azərbaycanlı tələbələrin sayında artım olub. Hazırda Azərbaycanda 150-dən çox özbəkistanlı tələbə təhsil alır. Bu, yaxşı göstəricidir. Çünki bir neçə il əvvəl bu rəqəm təxminən üç-dörd dəfə az idi. Tələbələrin sayını 30-40 nəfərdən 150-dən çoxa çatdırmışıq.
Nəzərə alsaq ki, Özbəkistanın əhalisi çoxdur və artmaqda davam edir, bu baxımdan tələbələrin sayını bir neçə dəfə artırmaq imkanımız var. İstərdik ki, Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən Qarabağ Universitetində də Özbəkistandan olan tələbələr təhsil alsınlar”.
E.Əmrullayev qeyd edib ki, bu il ilk dəfə olaraq xarici tələbələr də Qarabağ Universitetində təhsil almağa başlayırlar:
“Bu tələbələrin arasında Özbəkistan vətəndaşının da olması bizi çox sevindirir”.




