İbtidai, ümumi orta və tam orta təhsil üzrə fərqli maliyyə əmsalları tətbiq ediləcək
Dövlət ümumtəhsil müəssisələrinə ayrılacaq vəsaitin məbləği müəyyənləşdirilərkən şagirdlərin sayı ilə yanaşı, onların təhsil aldığı səviyyə də nəzərə alınacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nda öz əksini tapıb.
Sənədə əsasən, dövlət məktəblərində adambaşına maliyyələşdirmə zamanı təhsil səviyyələri üzrə fərqli əmsallar tətbiq olunacaq.
Belə ki, ibtidai təhsil səviyyəsində hər bir təhsilalan üçün baza xərcinə 1, ümumi orta təhsil səviyyəsində 1,25, tam orta təhsil səviyyəsində isə 1,70 əmsalı tətbiq ediləcək.
Bu o deməkdir ki, eyni baza məbləği əsasında hesablandıqda tam orta təhsil səviyyəsində bir şagird üçün nəzərdə tutulan xərc ibtidai təhsil səviyyəsi ilə müqayisədə daha yüksək olacaq.
Qeyd edək ki, mexanizm çərçivəsində maliyyələşdiriləcək dövlət ümumi təhsil müəssisələrinin siyahısı və həmin məktəblərdə təhsil alanların sayı Elm və Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək.




