Sosial mediada müəllim məsuliyyəti: etik davranış qaydalar nə deyir?
Müəllim yalnız şagirdlərə bilik və bacarıqlar aşılayan, onları dərs proqramını mənimsəməyə və imtahanlara hazırlaşmağa yönəldən şəxs deyil. O, eyni zamanda, davranışı, nitqi, dünyagörüşü və insanlarla münasibəti ilə yetişməkdə olan nəslə nümunə göstərən şəxsiyyətdir. Şagirdlər müəllimlərindən yalnız bilik deyil, həm də ədalətli olmağı, başqalarına hörmətlə yanaşmağı, məsuliyyət daşımağı və cəmiyyətdə düzgün davranmağı öyrənirlər. Məhz buna görə müəllimlik peşəsi yüksək bilik və peşəkarlıqla yanaşı, ciddi mənəvi məsuliyyət də tələb edir.
Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə bu məsuliyyət müəllimlərin sosial şəbəkələrdəki fəaliyyətini də əhatə edir. Çünki sosial mediada paylaşılan fikirlər, istifadə olunan ifadələr və nümayiş etdirilən davranış təkcə şəxsi mövqenin ifadəsi deyil, eyni zamanda, müəllimin peşəkar nüfuzuna təsir göstərən amillərdəndir.
Etik davranış qaydaları sosial media fəaliyyətini də əhatə edir
Bütün ölkələr üçün vahid standartlar olmasa da, dövlətlərin çoxu müəllimlərin peşə etikasını, ictimai davranış normalarını, sosial şəbəkələrdən istifadə qaydalarını müəyyən bir formada tənzimləyir.
Azərbaycanda bu, Təhsilverənlərin Etik Davranış Qaydalarında öz əksini tapıb. Bu sənəddə müəllimlərin fəaliyyətinə istiqamət verən bir sıra mühüm prinsiplər müəyyənləşdirilib. Bu prinsiplərə qanunvericiliyin tələblərinə əməl etmək, vicdanlı və məsuliyyətli davranmaq, peşəkar ünsiyyət mədəniyyətini qorumaq, şəxsi həyatla peşə fəaliyyəti arasında düzgün sərhəd saxlamaq və ictimai davranış normalarına riayət etmək daxildir.
Müəllim sosial şəbəkələrdən istifadə edərkən də bu prinsipləri nəzərə almalıdır. Təhsil müəssisəsinin nüfuzuna xələl gətirə biləcək paylaşımlardan, təhqiramiz ifadələrdən və hüquq pozuntularından çəkinmək, xidməti məlumatların məxfiliyini qorumaq, peşəkar ünsiyyət normalarına riayət etmək xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, müəllim sosial mediada açıqlamalar verərkən müəssisədaxili qaydaları və paylaşılması məhdudlaşdırılan məlumatlarla bağlı tələbləri nəzərə almalıdır.
Bununla belə, sosial şəbəkələrdə müəllimin davranışına yanaşarkən şəxsi fikir bildirmək hüququ ilə peşə məsuliyyəti arasında tarazlığın qorunması da vacibdir. Əsas məsələ müəllimin şəxsi həyatına müdaxilə etmək deyil, onun davranışının hüquqi və etik çərçivələrə uyğunluğunu təmin etməkdir.
Müəllimin sosial mediadakı davranışı şagirdlər üçün də nümunədir
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə bildirib ki, müəllim cəmiyyətin mənəvi və intellektual inkişafında, gənc nəslin dünyagörüşünün, dəyərlərinin, davranış mədəniyyətinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, müəllimin fəaliyyəti yalnız şagirdlərə bilik və bacarıqlar aşılamaqla məhdudlaşmır. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti və insanlara münasibəti ilə də şagirdlərin tərbiyəsinə və həyata baxışına təsir göstərir. Buna görə də onun peşə məsuliyyəti yalnız sinif otağı və tədris prosesi ilə məhdudlaşmır, ictimai davranışı və rəqəmsal platformalardakı fəaliyyəti də peşə nüfuzunun mühüm tərkib hissəsi hesab olunur.
Deputat qeyd edib ki, müasir dövrdə sosial şəbəkələr informasiya mübadiləsinin, ictimai müzakirələrin və insanlar arasında ünsiyyətin əsas vasitələrindən birinə çevrilib. Bu platformalar biliklərin yayılması, maarifləndirmə işinin aparılması, yeni ideyaların müzakirəsi və faydalı təcrübələrin bölüşülməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, məlumatların qısa müddətdə geniş auditoriyaya çatması müəllimlər kimi ictimai məsuliyyət daşıyan şəxslərdən daha diqqətli və məsuliyyətli davranış tələb edir.
V.Rəhimzadənin fikrincə, müəllimlərin sosial mediada paylaşdıqları məzmun, istifadə etdikləri ifadələr və insanlarla ünsiyyət forması onların peşə nüfuzuna təsir göstərməklə yanaşı, şagirdlər üçün də müəyyən davranış modeli formalaşdırır. Müəllimlər sosial şəbəkələrdən istifadə edərkən etik normalara, qarşılıqlı hörmət prinsipinə və peşə məsuliyyətlərinə əməl etməlidirlər. Xüsusilə təsdiqlənməmiş məlumatların yayılması, insanların şərəf və ləyaqətinə toxunan ifadələrin işlədilməsi, aqressiv və təhrikedici ünsiyyət tərzinin seçilməsi müəllimin nüfuzuna mənfi təsir göstərə bilər.
Deputat, həmçinin şagirdlərin şəxsi həyatının və məlumatlarının qorunmasının vacibliyinə diqqət çəkib. Bildirib ki, müəllimlər şagirdlərin foto və videolarını, şəxsi məlumatlarını, eləcə də təhsil fəaliyyəti ilə bağlı məxfi informasiyaları paylaşarkən qanunvericiliyin tələblərini nəzərə almalıdırlar.
Onun sözlərinə görə, sosial şəbəkələrdən maarifləndirmə, faydalı tədris resurslarının yayılması və elmi biliklərin bölüşülməsi məqsədilə istifadə edilməsi müəllimlərin cəmiyyətə töhfəsini artırmaqla yanaşı, onların peşəkar fəaliyyətinin daha geniş auditoriyaya çatmasına da imkan yaradır.
Deputat müəllimlərin etik davranış qaydalarına riayət etməsinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, qeyri-etik davranışlar yalnız müəllimin nüfuzuna deyil, şagirdlərin tərbiyəsinə, təhsil mühitində sağlam münasibətlərin formalaşmasına və müəllimlə şagird arasında qarşılıqlı etimada da mənfi təsir göstərə bilər.
Vüqar Rəhimzadə qeyd edib ki, müəllim istər təhsil müəssisəsində, istər ictimai mühitdə, istərsə də sosial şəbəkələrdə davranışına məsuliyyətlə yanaşmalı, peşə etikasının tələblərinə əməl etməlidir.
O bildirib ki, etik davranış qaydalarının pozulması halları aşkarlandıqda faktlar obyektiv və hərtərəfli araşdırılmalı, pozuntunun xarakteri və ağırlığı nəzərə alınmaqla qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Burada əsas məqsəd yalnız pozuntuya hüquqi qiymət vermək deyil, həm də belə halların təkrarlanmasının qarşısını almaq və təhsil mühitində sağlam mənəvi-etik münasibətləri qorumaqdır.
Deputat müəllimlər arasında rəqəmsal etika, informasiya savadlılığı, şəxsi məlumatların qorunması və sosial şəbəkələrdə peşəkar ünsiyyətlə bağlı maarifləndirmə işlərinin gücləndirilməsini də vacib hesab edib.
Vüqar Rəhimzadənin fikrincə, müəllim hər zaman öz davranışı ilə nümunə olmalı, cəmiyyətin, xüsusilə də yetişməkdə olan nəslin ona göstərdiyi etimadı doğrultmalıdır. Bu baxımdan peşə etikasına riayət edilməsi və sosial şəbəkələrdən məsuliyyətli istifadə həm müəllim nüfuzunun qorunması, həm də yüksək mənəvi dəyərlərə malik nəslin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




