Müəllimlərin siniflərarası şərti “rotasiyası” təklif olunur
“Şagirdlərin təlim nəticələrini yüksəltmək üçün daha səriştəli, metodiki bilik və bacarıqları yüksək olan müəllimlər mürəkkəb mövzuları paralel siniflərdə tədris edə bilərlər. Bu zaman müəllimlər müvəqqəti olaraq siniflərini dəyişirlər. Bir sinifdə iki müəllimin dərs aparması da mümkündür. Vəziyyətdən asılı olaraq hər iki yanaşma nəticə verə bilər”.
Bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, bu, bir təşəbbüs kimi təklif olunur.
V.Yaqublu bildirib ki, dünyada müəllim əməkdaşlığının bu formaları geniş istifadə edilir.
Agentlik direktorunun müavini əlavə edib ki, həm də dərs dinləmələrin formal deyil, nəticəyönümlü keçirilməsi müəllim əməkdaşlığını yeni səviyyəyə qaldırar:
“Bu gün qarşılıqlı dərs dinləmələri daha intensiv şəkil almalıdır. Burada söhbət açıq dərsdən deyil, hər bir dərsin daha səmərəli keçirilməsindən gedir. Bununçün həmkarların təhlili, dəqiqləşdirici sualı, təkmilləşmə təklifi vacibdir. Həmkarların bir-birinə dəstək olması, məlum problemdən birlikdə çıxış yolları axtarması məktəbdə inkişafetdirici və dəstəkləyici mühiti bərqərar edir”.



