Müəllimlik ixtisasları üzrə plan yerləri 32,8 faiz azaldılıb - Nazir
Bu il ali məktəblərə 76 mindən çox şəxs qəbul olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, ötən illə müqayisədə bakalavriat səviyyəsində qəbul planı 2,3 faiz, yəni 1 444 yer artıb. Dövlət sifarişli yerləri sayı isə 0,9 faiz, yəni 273 yer artıb.
Emin Əmrullayev qeyd edib ki, magistratura səviyyəsində qəbul planı 4,7 faiz, yəni 826 yer artırılıb:
“Müəllimlik ixtisasları əmək bazarının real tələblərinə uyğun olaraq plan yerləri 32,8 faiz azaldılıb. Bu da 7540 yer deməkdir”.
Nazir qeyd edib ki, müəllimlik ixtisaslarına plan yerlərinə azaltmaqla tədrisin keyfiyyətini artırmağa çalışırlar:
"Bəzi ali təhsil müəssisələrində müəllimlik ixtisaslarına aşağı balla qəbul olanlar MİQ imtahanından keçə bilmirlər. Ona görə də müəllimlik ixtisasının rəqabətli peşəyə çevrilməsi ölkənin xeyrinədir".
Onun sözlərinə görə, mühəndislik, xüsusilə informasiya texnologiyaları və təbiət elmləri üzrə həm ümumi, həm da dövlət sifarişli yerlərin sayı artırılır.




