“Müraciət prosesində mənim üçün əsas məqsəd sadəcə xaricdə təhsil almaq deyildi” - DP təqaüdçüsü

23 Sentyabr, 2026 - 09:58
“Müraciət prosesində mənim üçün əsas məqsəd sadəcə xaricdə təhsil almaq deyildi”

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi seçilənlərdən biri də London Kral Kollecində (King's College London) STEM təhsili (STEM Education) üzrə magistratura təhsili alacaq Şəhla Baxışovadır.

"Azərbaycan müəllimi"nə müsahibəsində o, London Kral Kollecini seçməsinin səbəblərindən, karyera planlarından danışıb. 

“Mənə görə, təhsil heç vaxt yalnız yüksək qiymətlərdən və diplomdan ibarət olmayıb”

1998-ci ildə Mingəçevir şəhərində anadan olan Şəhla Baxışova Şəki şəhəri 18 nömrəli tam orta məktəbdə oxuyub. Ali təhsilini 2014–2018-ci illərdə Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Magistraturanı isə Xəzər Universitetində “Dilşünaslıq” ixtisası üzrə bitirib.

Şəhla növbəti akademik mərhələdə isə təhsil sahəsində formalaşan maraqlarını daha geniş və interdisiplinar kontekstdə inkişaf etdirmək istədiyini qeyd edir: "Məktəb və tələbəlik illərindən öyrənməyə maraqlı, məsuliyyətli, daim öz üzərində işləməyə çalışan və hər zaman “niyə?” sualını verən biri olmuşam. Universiteti fərqlənmə ilə bitirməyimə baxmayaraq, mənə görə, təhsil heç vaxt yalnız yüksək qiymətlərdən və diplomdan ibarət olmayıb. Müxtəlif sahələri araşdırmaq, yeni bacarıqlar qazanmaq və öyrəndiklərimi praktikada tətbiq etmək həmişə inkişafımın vacib hissəsi olub.

Ali təhsilimi başa vurduqdan sonra müəllimlik fəaliyyətinə başlamışam. 8 ilə yaxındır ki, müəllimliklə məşğul oluram  Bu müddətdə həm dövlət, həm də özəl təhsil müəssisələrində çalışmışam. Müxtəlif təhsil mühitlərində işləmək mənə təhsilə fərqli perspektivlərdən baxmaq imkanı verib".

Müxtəlif təcrübələrdən doğan peşəkar inkişaf

Peşəkar inkişafını daim davam etdirən gənc qız 2024-cü ildə CELTA beynəlxalq sertifikatını əldə edib. Bununla yanaşı, təhsil və müəllimlik sahəsində onlarla beynəlxalq və yerli sertifikat və peşəkar inkişaf proqramında iştirak edib: "Gəncləri dayanıqlı inkişaf sahəsində liderliyə təşviq edən “Davamlı inkişaf üzrə liderlik” (“UPG Sustainability Leadership”) proqramında iştirakım baxışımı daha da genişləndirib və təhsil, dayanıqlılıq, liderlik, sosial inkişaf arasındakı əlaqələri daha dərindən düşünməyimə imkan yaradıb. Bu yolda ən böyük dəstəyim ailəmin mənə olan inamı olub. Həmçinin fəaliyyətim ərzində qarşılaşdığım müəllimlərin, həmkarların və mənə yeni imkanlar qazandıran insanların da inkişafımda xüsusi rolu var. Amma düşünürəm ki, insanın özünü inkişaf etdirmək istəyi və qarşısına davamlı olaraq yeni suallar qoyması da uğurun vacib hissəsidir. Mən həmişə özümə “Bundan sonra nə öyrənə bilərəm?” və “Öyrəndiklərimlə cəmiyyət üçün necə faydalı ola bilərəm?” suallarını verməyə çalışmışam".

Şəhla Baxışovanın sözlərinə görə, Dövlət Proqramına qədərki yolu düz xətt üzrə inkişaf edən bir karyera olmayıb. Əksinə, müxtəlif təcrübələrin bir-birini tamamladığı bir yol olub: "Mən özüm dövlət məktəbində təhsil almışam və bu gün əldə etdiyim hər bir uğurun təməlində həmin məktəbdə qazandığım təhsilin dayandığını düşünürəm. Daha sonra həm dövlət, həm də özəl məktəbdə müəllim kimi çalışmaq mənə təhsilin müxtəlif reallıqlarını yaxından görmək imkanı verdi. Bu təcrübə məndə bir inam formalaşdırdı: təhsildə davamlı inkişafın ən vacib şərtlərindən biri yaxşı müəllimlər yetişdirməkdir. Çünki təhsilin keyfiyyətinə təsir edən əsas amillər müəllimin bilikləri, dünyagörüşü, pedaqoji yanaşması və hər bir şagirdin potensialını görmək bacarığıdır.

Mən öz həyatımda keyfiyyətli təhsilin və yaxşı müəllimlərin insanın gələcəyinə necə təsir etdiyini görmüşəm. Buna görə istəyirəm ki, şagirdin hansı məktəbdə, bölgədə və ya hansı sosial mühitdə böyüməsindən asılı olmayaraq, onun keyfiyyətli təhsilə və inkişaf imkanlarına çıxışı olsun. Müəllimlik təcrübəm artdıqca mənim təhsilə baxışım da genişlənib. Mən başa düşmüşəm ki, təhsil yalnız sinif otağından ibarət deyil. Təhsil sosial inkişaf, innovasiya, texnologiya, dayanıqlılıq, liderlik və cəmiyyətin gələcəyi ilə birbaşa bağlıdır. Məhz bu inteqrativ yanaşma məni zamanla STEM təhsili istiqamətinə gətirdi. Dövlət Proqramı isə bu maraqları beynəlxalq akademik mühitdə daha sistemli şəkildə inkişaf etdirmək üçün mənə böyük imkan yaratdı".

“Bu yeni mərhələnin başlanğıcıdır” 

Həmsöhbətim vurğulayır ki, Dövlət Proqramının qalibi olması xəbərini eşitdiyi an  çox xüsusi və emosional olub. Bu nəticənin arxasında uzunmüddətli hazırlıq, sənədləşmə, gözlənti və ən əsası, seçdiyi istiqamətə olan inam dayanıb: "Müraciət prosesində mənim üçün əsas məqsəd sadəcə xaricdə təhsil almaq deyildi. Seçəcəyim proqramın illər ərzində formalaşan peşəkar maraqlarımla və gələcək hədəflərimlə uyğun olması mənim üçün daha vacib idi. Nəticəni gözlədiyim müddətdə təbii olaraq həyəcanlı idim. Qalib olduğumu öyrənəndə isə böyük sevinc və rahatlıq hiss etdim. Çünki bu, mənim üçün sadəcə bir təqaüd qazanmaq deyildi. İllər ərzində topladığım təcrübələrin məni gətirdiyi növbəti mərhələnin artıq reallığa çevrilməsi idi. Dövlət Proqramı çərçivəsində London Kral Kollecində (King's College London) STEM təhsili (STEM Education) üzrə magistratura təhsili alacağam. Bu mənim üçün yeni mərhələnin başlanğıcıdır. STEM-ə marağım əslində illər ərzində müəllimlik fəaliyyətim və təhsilə baxışımın tədricən dəyişməsi nəticəsində formalaşıb. Proqramın modulları ilə tanış olduqda gördüm ki, burada məni uzun müddətdir maraqlandıran müxtəlif istiqamətlər — tədris və öyrənmə, tədqiqat, innovasiya, problem həlli, yaradıcılıq və fənlərarası yanaşma bir araya gəlir. Bu, mənim öyrətmə və öyrənmə fəlsəfəmlə çox uyğun gəlir. Mənim üçün yaxşı təhsil şagirdin sadəcə məlumatı yadda saxlaması deyil. Şagird sual verməli, araşdırmalı, əlaqələr qurmalı, problem həll etməli və öyrəndiklərini real həyatla əlaqələndirməlidir.

Ona görə də STEM-i mənim üçün tamamilə yeni istiqamət kimi deyil, indiyə qədər topladığım təcrübələrin və maraqların təbii davamı kimi görürəm".

"İstəyirəm ki, mənə verilən bu imkan yalnız şəxsi akademik uğurum olaraq qalmasın" 

DP təqaüdçüsü bildirir ki, yeni biliklər öyrənmək onun üçün həm peşə, həm də şəxsi maraqdır. Xarici dillərə xüsusi marağı var və hazırda fransız dili də öyrənir. Səyahət etmək, yeni mədəniyyətlərlə tanış,yaradıcılıqla məşğul olmaq və müxtəlif mövzular haqqında araşdırmaq da sevdiyi məşğuliyyətlərdəndir.Gələcək arzu və hədəfləri barədə danışan Şəhlanın əsas məqsədi xaricdə əldə edəcəyi akademik və praktiki təcrübəni Azərbaycandakı təhsil mühitinə gətirməkdir:

"Xüsusilə STEM təhsilinin, müasir pedaqoji yanaşmaların və tədqiqata əsaslanan öyrənmənin inkişafına töhfə vermək istəyirəm. Bununla yanaşı, müəllimlərin davamlı peşəkar inkişafı və şagirdlər üçün daha bərabər, yaradıcı və araşdırmaya əsaslanan öyrənmə imkanlarının yaradılması da gələcək fəaliyyətimin əsas istiqamətlərindən olacaq.

İstəyirəm ki, mənə verilən bu imkan yalnız şəxsi akademik uğurum olaraq qalmasın. Qazandığım bilik və təcrübəni gələcəkdə müəllimlər və şagirdlərlə bölüşərək daha geniş təsir yaratmaq istəyirəm.

Məncə, uğurun əsas şərtlərindən biri öz yolunu başqalarının yolu ilə müqayisə etmədən davamlı inkişafa çalışmaqdır. Kənardan uğur bəzən bir anda baş verən hadisə kimi görünür. Əslində isə onun arxasında illərlə toplanan təcrübə, uğursuzluqlar, verilən qərarlar, yeni şeylər öyrənmək və yenidən cəhd etmək dayanır.

Fikrimcə, məqsədyönlü tələbə üçün uğurun əsas sirri öyrənməyi dayandırmamaqdır. İnsan daim özünə yeni suallar verməli və inkişaf etməlidir. Eyni zamanda, əldə etdiyi imkanları yalnız özü üçün deyil, başqalarına fayda vermək üçün də istifadə etdikdə uğur daha mənalı olur.

Mənim üçün Dövlət Proqramı öyrənmək, peşəkar və şəxsi inkişafımı davam etdirmək, eyni zamanda qazandığım bilik və təcrübəni gələcəkdə Azərbaycanda təhsilin inkişafına töhfə vermək üçün dəyərləndirmək baxımından əvəzolunmaz bir imkandır”.