Musiqi elminin görkəmli nümayəndəsi

6 Sentyabr, 2026 - 12:46
Musiqi elminin görkəmli nümayəndəsi

Azərbaycan musiqişünaslığında önəmli yer tutan bəstəkar, görkəmli alim, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin sentyabrın 7-də 80 yaşı tamam olur. Onun keçdiyi şərəfli ömrünün səhifələrini vərəqlədikcə qarşımızda Vətənini bütün varlığı ilə sevən, xalq musiqisini gözəl bilən, geniş dünyagörüşünə malik, dahi Üzeyir Hacıbəylinin ənənələrinə daim sadiq, xeyirxah, ədalətli, kübar xanıma xas olan bütün mənəvi cəhətləri özündə cəmləşdirən əsl Azərbaycan qadını obrazı canlanır.

Gülnaz Abdullazadə haqqında 2016-cı ildə yazdığım “Elmin zirvəsində – Gülnaz Abdullazadə” adlı monoqrafiyada onun olduqca çoxşaxəli fəaliyyətini ətraflı işıqlandırmışam. Bu gün isə görkəmli alimin elmi fəaliyyətindəki bəzi önəmli hadisələri bir daha oxucuların diqqətinə çatdırmaq istəyirəm.

XXI əsrdə Qərb ölkələrin Şərq dünyasına qarşıdurmalar yaşatdığı bir vaxtda Gülnaz Abdullazadənin böyük elmə elə ilk qədəm qoyduğu illərdən Şərqin qədim mədəniyyətinin lap dərin qatlarını tədqiq etməsilə onun bu sivilizasiyaya olduqca həssas münasibətindən xəbər verir.

Gülnaz xanımın ali təhsil müəssisəsində pedaqoq kimi fəaliyyət yolunun başlanğıcı XX əsrin 80-ci illərinin birinci yarısına təsadüf edir. O, üzərinə düşən vəzifələrin icrasına böyük həvəslə başlamış və çox keçmədən Xarici Dillər İnstitutunun pedaqoji prosesinə fəal şəkildə qoşulmuşdur. Onun elmi məqalələri akademik və ali məktəblərarası elmi məcmuələrdə, eləcə də o dövrün nüfuzlu qəzet və jurnallarının səhifələrində dərc olunurdu. Cəmi iki il ərzində o, artıq Xarici Dillər İnstitutunun “İctimai elmlər” kafedrasının müdiri vəzifəsinə təyin edilmiş və çapa iki monoqrafiya hazırlamışdır: “Azərbaycan muğamının fəlsəfi mahiyyəti” (1983) və “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (1985).

Bu əsərlərdə müxtəlif tarixi dövrlərin mənəvi mədəniyyətinə prinsipial olaraq yeni yanaşma, Şərq və Qərb dinlərində ilahi vəhylərin mahiyyəti, eləcə də meditasiya məsələləri öz əksini tapmışdır. Bu kitabların ərsəyə gəlməsi hazırkı dövrümüzdə olduqca aktual problem olan sivilizasiyalararası dialoqa çağırış kimi dəyərləndirilə bilər. Gülnaz xanımın ilk kitabı elmi baxımdan, həqiqətən də, mühüm yenilik kimi qiymətləndirilmişdir. Bu əsər onun namizədlik dissertasiyasının elmi rəhbəri, tanınmış alim-filosof M. Ovsyannikov tərəfindən də yüksək qiymətləndirilmişdir: “Kitabı oxuduqdan sonra müəllifin düşüncələrinin və fəlsəfi mülahizələrinin dərinliyi, şübhəsiz ki, oxucuda heyranlıq doğurur”.

Gülnaz Abdullazadə hələ 1980-ci illərdə xalqımıza əcdadlarından miras qalmış ən qiymətli irs nümunələrindən biri olan muğamın tükənməz fəlsəfi mahiyyətini araşdıraraq üzə çıxarmışdır. O, göstərmişdir ki, “Şərq dünyagörüşünə görə, muğam Tanrı tərəfindən bəxş edilmiş musiqidir və məhz buna görə də müalicəvi xüsusiyyətə malikdir. A. Marağalının fikrincə, muğamların mahiyyəti isə ilahi melodiyanın bilavasitə təcəssümündə ifadə olunur”.

Görkəmli alimin “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti” kitabı nəinki bizim musiqişünas alimlərimiz tərəfindən böyük rəğbətlə qarşılanmış, eləcə də Sankt-Peterburqun tanınmış musiqişünası A. Q. Yusfinin rəyində belə qiymətləndirilmişdir: “Bu əsər həm yanaşma aspektinə, həm təqdimat xarakterinə, həm elmi cəsarətinə, həm də bütün sözlərin mənasını itirdiyi həqiqi idrak dərinliyinə görə unikal əsərdir”. Bu gün muğama xüsusi əhəmiyyət verildiyi bir şəraitdə həmin elmi əsər öz əhəmiyyətini daha da artıraraq, müstəsna dəyərə malik fəlsəfi risalə kimi mühüm elmi məna kəsb edir.

G. Abdullazadənin ikinci kitabı məzmun baxımından əvvəlki əsərindən tamamilə fərqlənsə də, tədqiq olunan problemə yanaşma prinsipi baxımından onunla müəyyən oxşarlıq təşkil edirdi.Tədqiqatda tarixi aspektdən qədim Şərqdən başlayaraq, Yunanıstanın, Qərbi Avropanın Orta əsrlər və İntibah dövrünün, eyni zamanda, klassik alman və Şərq ölkələrinə aid — Hindistanın, Çinin musiqi estetikası geniş faktoloji material əsasında ətraflı şəkildə təqdim olunur. Bu monoqrafiya, şübhəsiz ki, problemin dərindən dərk edilməsi və tədqiq olunan materiala elmi yanaşmanın özünəməxsusluğu ilə seçilən, həqiqətən də, yeni və mühüm bir tədqiqat əsəri olmuşdur. Qeyd etmək lazımdır ki, sonralar bu əsər Gülnaz xanımın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1990-cı ildə Gülnaz xanım Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili (Şərq-Qərb problemi kontekstində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə isə ona Ali Attestasiya Komissiyası tərəfindən yüksək elmi ad — professor adı verilmişdir.

Günlərin birində Gülnaz xanım qəzetdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “İctimai elmlər” kafedrasının müdiri vəzifəsinə elan olunmuş müsabiqə haqqında məlumat əldə edir. O, bu müsabiqədə iştirak etmək üçün professor, həmin ali təhsil müəssisəsinin rektoru Elmira Abbasovanın yanına gedir. Elmira xanım həqiqətən də görkəmli alim idi və Gülnaz xanımın elmi fəaliyyəti ilə onun kitabları vasitəsilə tanış olmuşdu. Müsabiqənin şərtləri barədə söhbət edərkən  Elmira xanım ona gözlənilməz başqa bir təklif irəli sürür: “Mən sizi elmi işlər üzrə prorektor vəzifəsində görmək istərdim”. Gülnaz xanım bu təklifdən həm çox təəccüblənir, həm də sonsuz dərəcədə sevinir. Çünki onu musiqi aləmindən və doğma ocağından uzaq düşməyin doğurduğu acı təəssürat uzun müddət tərk etməmişdi.

Gülnaz Abdullazadənin prorektor vəzifəsində hazırladığı ilk tədbir 1990-cı ilin mayında  Azərbaycan Demokratik Respublikasının (ADR) elan edilməsinin növbəti ildönümünə həsr olunmuş elmi-praktiki konfrans olmuşdur. Konfrans “Azərbaycanın qədim və orta əsrlər bədii mədəniyyətinin formalaşması və inkişafının sosial aspektləri” adı altında keçirilmişdir. Bu, yeni prorektor tərəfindən atılmış olduqca cəsarətli bir addım idi, çünki həmin dövrdə Azərbaycan hələ Sovet İttifaqının tərkibində idi. Qeyd etmək lazımdır ki, konfrans milli ruhun yüksəlişi və ümumi milli oyanış ab-havası şəraitində keçirilmişdir.

Həmin illər respublikamız üçün olduqca mürəkkəb və ağır bir dövr idi. Mərkəzin nəzarəti altında fəaliyyət göstərən dövlət strukturları bu tədbirin keçirilməsində sovet hakimiyyətinə qarşı yönəlmiş əhval-ruhiyyə əlamətlərinə görə təşkilatçıları ciddi şəkildə cəzalandıra bilərdilər.Lakin Gülnaz xanımın vətənpərvərlik duyğuları hətta şəxsi təhlükəsizliyindən belə üstün olmuşdur. Şübhəsiz ki, bu tədbir Azərbaycanın orta əsrlər bədii mədəniyyətinin öyrənilməsi və inkişafı baxımından mühüm hadisə olmuşdur. Konfrans çərçivəsində Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramının keçirilməsi də nəzərdə tutulmuşdu.
Lakin proqramın, şübhəsiz ki, ən mühüm və diqqətçəkən nömrəsi 1918-ci ildə Üzeyir Hacıbəyli tərəfindən Əhməd Cavadın sözlərinə yazılmış, Aydın Əzimovun aranjimanında ilk dəfə səsləndirilmiş Azərbaycan Respublikasının Dövlət Himni olmuşdur. Konsert zamanı alqışların necə də möhtəşəm olduğunu sözlə ifadə etmək çətindir. İştirak edənlərin bəziləri göz yaşlarını saxlaya bilmirdilər. Bu, insanların qəlbində öz xalqına və onun qəhrəmanlıqla dolu keçmişinə duyulan qürurun təntənəsi idi. 
Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında prorektor vəzifəsində çalışdığı dövrdə Gülnaz xanımın təşkilatçılıq bacarığı parlaq şəkildə özünü göstərməyə başlamışdır. İlk növbədə, o, milli musiqişünaslıq kadrlarının hazırlanmasına böyük diqqət yetirmiş və milli musiqişünaslıq elminin inkişafı üçün hərtərəfli şərait yaratmağa çalışmışdır. O, prorektor olaraq XXI əsrin gətirdiyi yeni çağırışlara uyğun türk xalqlarının musiqi sənətinin araşdırılmasına yönəlmiş elmi-tədqiqat işlərinin genişləndirilməsi kimi qarşısına mühüm məqsəd qoymuşdur.

G. Abdullazadənin növbəti əsəri — “Musiqi. İnsan. Cəmiyyət…” monoqrafiyası hələ 1991-ci ildə işıq üzü görmüşdür. Bu, Şərq və Qərb ölkələrinin qədim və orta əsrlər musiqi mədəniyyətlərinin tarixi-fəlsəfi aspektdən tədqiqinə həsr olunmuş, olduqca ciddi və fundamental elmi əsərdir. Monoqrafiyanın ikinci hissəsi isə tamamilə Qərb ölkələrinin qədim və orta əsrlər musiqi mədəniyyətinin tədqiqinə həsr edilmişdir.

Əlbəttə, çoxillik ənənələrə malik, nüfuzlu elm və təhsil ocağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsini daşımaq heç də asan deyildir. Gülnaz Abdullazadə gənc alimlərin və doktorantların apardıqları elmi-tədqiqat işlərinin gedişinə daim nəzarət edir, onların dissertasiya işlərinin müdafiəsi üçün əlindən gələni əsirgəmir. Eyni zamanda, onun fəaliyyət dairəsinə tələbələrlə və magistrantlarla iş də daxildir. Gülnaz xanım hər zaman ən istedadlı və perspektivli gəncləri seçir, onların elmi potensialının inkişafına dəstək göstərir və əsl alim kimi formalaşmalarına kömək edir. Gənc nəslin intellektual səviyyəsinin formalaşmasına böyük əhəmiyyət verən G. Abdullazadə tədris materiallarının daim yenilənməsinə xüsusi diqqət yetirir, pedaqoqların yeni dərs vəsaitləri, metodik tövsiyələr və tədris proqramları hazırlayıb nəşr etdirmələrinə hərtərəfli dəstək göstərir.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşduqdan sonra alimlər arasında elmi-tədqiqat işlərinin mübadiləsi üçün geniş imkanlar yaranmış, eyni zamanda, alimlərimizin beynəlxalq konfrans və simpoziumlarda iştirak etdiyi ölkələrin coğrafiyası da əhəmiyyətli dərəcədə genişlənmişdir. Azərbaycan musiqiçilərinin ən çox səfər etdiyi ölkə Türkiyə olmuşdur. Professor Gülnaz Abdullazadə Azərbaycan və Türkiyə musiqi xadimləri arasında elmi və mədəni əlaqələrin, musiqi sahəsində əməkdaşlığın inkişafı istiqamətində ilk təşəbbüs göstərən alimlərdən biri olaraq, iki xalq arasında “mədəni körpü” rolunu oynamışdır.

O, Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əldə etdikləri nailiyyətləri fəal şəkildə təbliğ edir, Türkiyə ictimaiyyətini bu uğurlarla yaxından tanış edirdi. Əsl Azərbaycan ziyalısı kimi Gülnaz xanım xalqımızın milli-mədəni köklərinə həssaslıqla yanaşması ilə seçilmişdir. Böyük elmi və pedaqoji təcrübəyə malik olan Gülnaz xanım konfrans və simpoziumlarda çıxış edərək Azərbaycanın musiqi irsini, musiqimizin zəngin aləmini beynəlxalq ictimaiyyətə tanıtmasına nail olmuşdur. O, öz elmi fəaliyyəti və zəhməti sayəsində yalnız Azərbaycanda deyil, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və digər ölkələrin musiqi və elm ictimaiyyətində də tanınır.

Professor Gülnaz Abdullazadənin türk xalqlarının mədəni əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı olaraq zənginləşdirilməsi istiqamətindəki töhfələri olduqca böyükdür. Gülnaz Abdullazadə kimi dərin düşüncəli, elmi baxımdan yüksək səviyyəli və həqiqi mənada adı böyük hərflə yazılmağa layiq olan alimin iştirakı olmadan musiqi aləmində əhəmiyyətli hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək çətindir.

Tanınmış pedaqoq 150-dən artıq elmi məqalənin, 8 kitabın və saysız-hesabsız elmi-praktiki konfranslarda dəyərli çıxışların müəllifidir. Onun yetişdirdiyi musiqişünaslar İordaniya, Misir, Türkiyə kimi ölkələrdə elmi, pedaqoji və inzibati vəzifələrdə çalışırlar. Artıq indi onun yetirmələri arasında tanınmış sənətşünaslıq üzrə fəlsəfə və elmlər doktorları, professorlar ölkəmizdə fəaliyyət göstərərək elmi rəhbərləri və müəllimləri olmuş bu gözəl insanın adını uca tutaraq, ona dərin hörmət və ehtiram bəsləyirlər.

Nuridə İsmayılzadə, 
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent