Nazir: Anlamalıyıq ki, yaxşı təhsil öz-özünə yaranmır

11 Sentyabr, 2026 - 12:33
Nazir: Anlamalıyıq ki, yaxşı təhsil öz-özünə yaranmır

“İmtahanlarda suallarda heç bir səhvin olmaması, hansısa məktəbdə yaxşı tədbirin keçirilməsi, binasının gözəl dizayn olunmasının bir o qədər əhəmiyyəti yoxdur. Əsas məsələ uşaqların öyrənməsidir”. 

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Biz anlamalıyıq ki, məhz yaxşı təhsil, yəni yüksək təlim nəticələri öz-özünə yaranmır”,- söyləyən nazir hesab edir ki, onlar sadaladığı və sadalamadığı alətlərin nəticəsidir:

“Çox vacibdir ki, “Nə vaxt bizim yaxşı təhsilimiz olacaq?” sualının cavabının hansı alətlərdən necə və hansı şəkildə istifadə etməyimizdən asılı olduğunu başa düşək. “Necə və hansı şəkildə?” dedikdə nəyi nəzərdə tuturam? Təbii ki, müəyyən nəzəriyyələr var".

Nazir qeyd edib ki, dünyada bir çox təhsil sistemləri var və onların bəziləri öz nailiyyətlərinə görə digərlərindən kifayət qədər seçilir:
“Həmin təhsil sistemlərinə baxaraq başa düşə bilərik:  hansısa ölkədə təhsil sistemi ona görə irəlidədir ki, orada müəyyən amillər bizdən fərqlidir, yaxud daha çox və ya daha azdır. Amma bu, hələ o demək deyil ki, bizdə də eyni nəticə olacaq. Çünki hər bir ölkənin, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri var. Ona görə bəzi məsələlər bizim sistemə daha sürətlə təsir göstərə bilər, bəzi məsələlər isə işləməyə bilər və yaxud cəmiyyətimizdə qəbul olunmaya bilər".

E.Əmrullayev vurğulayıb ki, islahatların ilk illərində bəzi fikirlərin daha ciddi müqavimətlə qarşılaşması təbiidir:
"Ənənəvi olaraq, hətta tam səmimi deyim, uzun illər boyu bizim təhsil sistemimizdə məktəbdə, sinifdə müəllimin bu və ya digər davranışının təlim nəticəsinə hansı şəkildə təsir etməsi ilə bağlı məlumat olmayıb. Bizim əlimizdə əsasən buraxılış və qəbul imtahanlarının nəticələri olub. 2013-cü ildə islahatların ilk dövründə də əsasən bu rəqəmlərə istinad edə bilirdik".