Nazir: Əsas vəzifələrdən biri elm və təhsil arasındakı uçurumu aradan qaldırmaqdır
“Azərbaycanda elmin inkişafı dövlətin müəyyən etdiyi əsas prioritet sahələrdən biridir. Elmin populyarlaşdırılması və cəmiyyət üçün anlaşıqlı dildə təqdim olunması bu sahədə əsas çağırışlardan biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm festivalı”nda səsləndirib.
Emin Əmrullayevin sözlərinə görə, alimlik uzunmüddətli fədakarlıq tələb edir:
“Elmi izah edərkən biz tez-tez müxtəlif indekslərdən və adambaşına düşən statistik göstəricilərdən danışırıq. Lakin elmin təsvir dilini daha sadə və əlçatan etmək vacibdir”.
O əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır. Uzun illər ərzində bu iki sahə ölkəmizdə bir-birindən ayrı inkişaf edib.
“Elmi əsasda verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur. Qərarvermə prosesində elmə və tədqiqata əsaslanmaq ən doğru yanaşmadır”, – deyə nazir fikrini tamamlayıb.


