Azərbaycan-Vyetnam: tarixi dostluqdan strateji tərəfdaşlığa

21 Noyabr, 2026 - 19:41
Azərbaycan-Vyetnam:

Azərbaycan və Vyetnam arasında münasibətlər uzun illərin dostluq ənənələrinə, qarşılıqlı etimada və ortaq tarixi təcrübəyə əsaslanır. Bu əlaqələr bu gün yeni məzmun qazanaraq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü də ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidentinin ölkəsinə səfərini ikitərəfli münasibətlərə yeni təkan verəcək mühüm hadisə kimi qiymətləndirib. O, Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin nəsillər boyu qorunub saxlanıldığını, Vyetnamın milli azadlıq və müstəqillik uğrunda mübarizəsində, eləcə də müasir inkişaf mərhələsində Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. 

To Lam Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri, əhalinin həyat səviyyəsinin yüksəlməsini və beynəlxalq mövqelərinin möhkəmlənməsini xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Vyetnam üçün regionda mühüm strateji tərəfdaşdır. Prezident münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən irəli gələn əsas vəzifənin mövcud əməkdaşlığı konkret proqramlara, layihələrə və xalqların rifahına xidmət edən nəticələrə çevirmək olduğunu bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyev də Vyetnamla münasibətlərin tarixi köklərə malik olduğunu vurğulayaraq, ölkənin sürətli inkişafını yüksək qiymətləndirib. Dövlətimizin başçısı 2014-cü ildə Vyetnama etdiyi səfərdən sonra ölkədə müxtəlif sahələrdə böyük tərəqqinin baş verdiyini diqqətə çatdırıb. Vyetnamın yalnız regionda deyil, qlobal miqyasda da mühüm rol oynayan dövlətə çevrildiyini bildirən Prezident İlham Əliyev ölkədə yaradılmış əlverişli investisiya mühitinin beynəlxalq şirkətlər üçün cəlbedici olduğunu qeyd edib. 

Dövlətimizin başçısının çıxışında iki xalqı birləşdirən tarixi məqamlar da xüsusi yer tutub. Bu baxımdan Vyetnamın böyük rəhbəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və həmin səfərdən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb. Bu tarixi fakt Azərbaycan–Vyetnam əməkdaşlığının yalnız diplomatik münasibətlərdən ibarət olmadığını, onun konkret iqtisadi və peşəkar təcrübə mübadiləsi üzərində də formalaşdığını göstərir.

İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə tarixi əlaqələrin müasir mərhələsinin başlanğıcı kimi səciyyələndirilir. 2025-ci ilin mayında Vyetnam Prezidentinin Azərbaycana dövlət səfəri zamanı əldə olunmuş bu razılaşma əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişafı üçün yeni siyasi zəmin yaradıb. Hanoy görüşündə də tərəflər bu tərəfdaşlığın real məzmunla zənginləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirdilər.

Enerji, iqtisadiyyat və nəqliyyat əməkdaşlığın əsas istiqamətləri kimi

Görüşdə siyasi dialoqdan iqtisadi əlaqələrə, enerji təhlükəsizliyindən nəqliyyat-logistikaya qədər geniş spektrdə məsələlər müzakirə olunub. Xüsusilə neft-qaz sənayesi, bərpaolunan enerji, investisiyalar, turizm, müdafiə sənayesi, aviasiya, mədəniyyət və parlamentlərarası münasibətlər gələcək əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqət mərkəzində olub. 

Enerji sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərində xüsusi yer tutur. Azərbaycan və Vyetnamın neft-qaz sektorunda mövcud təcrübəsi, eləcə də SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın külək və Günəş enerjisi sahəsindəki potensialı, bərpaolunan enerji layihələri və enerji təhlükəsizliyi məsələləri də diqqətə çatdırılıb. 

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da yeni imkanlar vəd edir. Görüşdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Trans-Xəzər marşrutu və infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb. Vyetnamın Xəzər regionu və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolunun və dəstəyinin vurğulanması ölkəmizin beynəlxalq nəqliyyat-logistika əlaqələrindəki mövqeyinin ikitərəfli münasibətlər üçün də əhəmiyyətini göstərir.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Azərbaycanla ASEAN arasında əlaqələrin inkişafı imkanları müzakirə olunub. 

Qarşılıqlı etimad və siyasi dəstək

Görüşdə səsləndirilən mühüm məqamlardan biri də qarşılıqlı siyasi dəstəyin əhəmiyyəti ilə bağlı idi. Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərə qarşı Vyetnamın göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bunun heç vaxt unudulmayacağını bildirib. 

Bu məqam iki ölkə arasında münasibətlərin yalnız iqtisadi maraqlara deyil, həm də qarşılıqlı etimada və siyasi həmrəyliyə söykəndiyini nümayiş etdirir. Prezidentlər Azərbaycan və Vyetnam xalqlarının müstəqillik və azadlıq uğrunda mübarizədə göstərdikləri cəsarət və qəhrəmanlığın onları birləşdirən ortaq tarixi dəyər olduğunu da vurğulayıblar. 

Tərəflər mina problemi ilə bağlı təcrübə və əməkdaşlıq imkanlarına da toxunublar. Hər iki ölkənin bu problemlə üzləşdiyini nəzərə alaraq, minatəmizləmə sahəsində tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Bu isə ikitərəfli əməkdaşlığın təhlükəsizlik və humanitar məsələləri də əhatə etdiyini göstərir.

Hanoy görüşünün əsas mesajı ondan ibarətdir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluqdan çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə keçir. Bu mərhələdə əsas vəzifə mövcud siyasi iradəni iqtisadi layihələrə, investisiya təşəbbüslərinə, texnologiya və təcrübə mübadiləsinə çevirməkdir.

Prezidentlərin çıxışları və müzakirə olunan məsələlər iki ölkənin əməkdaşlığı daha geniş coğrafi və iqtisadi müstəvidə inkişaf etdirmək niyyətini ortaya qoyur. Tarixi dostluq və qarşılıqlı etimad üzərində qurulan bu tərəfdaşlığın gələcək perspektivləri Azərbaycanla Vyetnam arasında əlaqələrin yeni sahələr və konkret təşəbbüslər hesabına daha da genişlənməsi üçün imkanlar yaradır.