Prezident İlham Əliyev: İşğaldan azad edilmiş ərazilərdə 40 təhsil müəssisəsi fəaliyyətə başlayıb

14 Oktyabr, 2026 - 10:56
Prezident İlham Əliyev: İşğaldan azad edilmiş ərazilərdə 40 təhsil müəssisəsi fəaliyyətə başlayıb

“44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoymuşdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına  müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılmışdır.

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənmiş, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdır. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.

Prezident bunu da əlavə edib ki, infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur. Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlamışdır.