Nazir: Kiçik məktəblərlə bağlı distant təhsil modeli üzərində işləyirik

11 May, 2026 - 14:40
Nazir: Kiçik məktəblərlə bağlı distant təhsil modeli üzərində işləyirik

"Kiçik məktəblərlə bağlı iki model tətbiq edilir: daşıma və distant təhsil"

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı danışıb.

Nazir bildirib ki, hazırda şagird sayları və məktəblərlə bağlı təhlillər davam etdirilir. Məqsəd təhsil sisteminin daha da rasionallaşdırılması və təhsilin keyfiyyətinin artırılmasıdır.

Emin Əmrullayev qeyd edib ki, azsaylı məktəblərə müəllim göndərilməsi müəyyən çətinliklər yaradır. Bu səbəbdən hazırda iki istiqamətdə iş aparılır və hər iki istiqamət üzrə müsbət nəticələr müşahidə olunur.

Nazirin sözlərinə görə, istiqamətlərdən biri şagirdlərin nəqliyyat vasitəsilə daha böyük məktəblərə daşınmasıdır. Bu model çərçivəsində azsaylı şagirdlər nisbətən böyük məktəblərdə keyfiyyətli təhsillə təmin olunur, eyni zamanda onların sosial mühiti də genişlənir.

“Az sayda dostu olan şagird digər kəndlərdən olan uşaqlarla tanış olur, sosial çevrəsi genişlənir. Bunun onların gələcəyinə müsbət təsiri olacağı düşünülür”, – deyə nazir bildirib.

Emin Əmrullayev əlavə edib ki, ikinci istiqamət distant təhsil modelidir. Bu model çərçivəsində 20-25 şagirdi olan kiçik məktəblərdə müəllimlər distant qaydada dərs keçəcəklər.

“Altı kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən bir müəllim mərkəzdən həmin məktəblərə onlayn qaydada tədris aparır. Bu halda məktəb kənddə qalır, sadəcə müəllim həmin kənddə olmur və digər bir ərazidən distant qaydada dərsi təşkil edir”, – deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, yeni modelin tətbiqi üçün müəyyən zaman tələb olunur. Hazırda ilkin yanaşmaların müsbət olduğunu deyən E.Əmrullayev bildirib ki, yay aylarında şagird sayları yenidən təhlil olunduqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək.