Nazir müavini: Tələbələrin futzal idman növünə çox böyük marağı var
“Futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026-cı il mövsümündə artıq 14 komanda iştirak edir və bu onu göstərir ki, universitetlərdə tələbələrin futzal idman növünə çox böyük maraq var".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O bildirib ki, bugünkü oyun komandaların çox güclü hazırlaşdığını göstərir: "Bu, liqanın çempionu üçün imkan yaradır ki, növbəti turda Avropa çempionatında iştirak etsin. Bu il İtaliyanın Salerno şəhərində iyul ayının 15-25-də universitetlər arasında Avropa çempionatı keçiriləcək və bizim komandamız da bu çempionatda iştirak edəcək. Qeyd etmək lazımdır ki, 2023-cü ildə liqa yaranandan sonra bizim komandamız Avropa çempionatında ilk olaraq 5-ci yerə layiq görülmüşdü. Bu, Xorvatiyanın Zaqreb şəhərində olmuşdu. 2024-cü ildə Macarıstanın Debrecen şəhərində Avropa çempionatında bizim komandamız 5-ci yerə layiq görülmüşdü".
Firudin Qurbanov qeyd edib ki, keçən il ölkəmizdə ilk dəfə olaraq bizim komandamız finalda çox güclü rəqib olan İspaniyanın Valensiya Universitetinin komandasına 7-2 hesabı ilə qalib gəldi: "Mən hesab edirəm ki, tələbələr arasında futzal idman növünün populyarlaşdırılması, təbliğ edilməsində bu liqaanın çox önəmi var. Biz çalışırıq ki, bizim tələbələr daha çox idmanla məşğul olsunlar, bu, eyni zamanda tələbələri sağlam həyat tərzinə cəlb etmək deməkdir".



