Nazir “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə Azərbaycanın təcrübəsindən danışıb
17 iyun tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nın rəsmi açılışı çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Times Higher Education” reytinq agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin moderatorluğu ilə keçirilən müzakirədə nazir Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb.
Eyni zamanda, ali təhsil müəssisələrimizdə dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, müvafiq istiqamətdə qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq görünürlüyün artırılması kimi məsələlər qeyd olunub.
Qeyd edək ki, konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.



