Nehrəm məktəbinin yeni binası növbəti tədris ilində istifadəyə veriləcək – Nazir
"Tikintisi davam etdirilən Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur".
Bunu "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Nazir bildirib ki, hazırda tikinti-quraşdırma işləri əsasən tamamlanıb, sinif otaqları mebellərlə təmin edilir, bəzi sahələrdə isə son tamamlama işləri aparılır:
"522 yerlik 3 mərtəbədən ibarət olacaq məktəbdə 30 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcək. Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazisində müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi, həmçinin içməli su və yanğın təhlükəsizliyi üçün su anbarları nəzərdə tutulub, hazırda ərazidə abadlıq işləri görülür".
Elxan Nəcəfov bildirib ki, layihə çərçivəsində məktəblə yanaşı, 60 yerlik uşaq bağçası da inşa olunub: "Bağçada uşaqlar üçün yataq, idman və rəqs otaqları yaradılıb. Bu layihə ilə Nehrəm qəsəbəsində məktəb və bağça imkanlarını birləşdirən müasir təhsil kompleksi fəaliyyət göstərəcək".
Nazir əlavə edib ki, bu kimi layihələr regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir infrastrukturun formalaşdırılmasına və şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verir.



