Naxçıvanda yeni imtahan mərkəzləri yaradılıb
Naxçıvanda təhsilverənlərin elektron qaydada imtahanların təşkili üçün yeni imtahan mərkəzlərinin yaradılması prosesi başa çatıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elmir Vəliyev açıqlama verib.
O bildirib ki, yeni yaradılan imtahan mərkəzləri Naxçıvan şəhər 10 və 11 nömrəli tam orta məktəblərdə, həmçinin Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyət göstərəcək. Bu mərkəzlərdə ümumilikdə 418 təhsilverənin imtahan verməsi üçün şərait yaradılıb:
“Belə ki, Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb 108, 11 nömrəli tam orta məktəb 150, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi isə 160 yerlikdir. Bundan əlavə, artıq fəaliyyət göstərən 302 yerlik Naxçıvan şəhər 4 nömrəli tam orta məktəb də daxil olmaqla, ümumilikdə eyni anda 720 nəfər təhsilverənin imtahan verməsi mümkün olacaq”.
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə bütün mərkəzlər zəruri maddi-texniki baza ilə təmin olunub. Belə ki, imtahanların keyfiyyətli təşkili üçün mərkəzlərə 420 ədəd yeni kompüter verilib:
“Eyni zamanda daimi elektrik təchizatının təmin olunması məqsədilə 3 mərkəzin hər birində generator quraşdırılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün isə veb-kameralardan ibarət nəzarət mexanizmi qurulub. Bununla yanaşı, yeni mərkəzlər 418 ədəd stol və stulla da təmin edilib”.
Qeyd edək ki, Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları 2–3 may və 10–11 may tarixlərində keçiriləcək. Prosesdə ümumilikdə 2779 müəllimin iştirakı nəzərdə tutulub.



