"Dərslərimi qapıdan maraqla izləyirdilər" - Səyyah-müəllimin hekayəsi
Müəllimlik sadəcə bir ixtisas deyil, öyrətmək, tanıtmaq və sevdirmək missiyasıdır. Bu missiya onu sinif otağından dağ zirvələrinə, məktəb lövhəsindən qayaüstü rəsmlərə, şagird auditoriyasından sosial media izləyicilərinə qədər aparıb. O, bir tərəfdən tarix-coğrafiya müəllimi kimi nəsillərə bilik verib, digər tərəfdən isə Naxçıvanın dağlarını qarış-qarış gəzərək bu torpağın təbii və tarixi sərvətlərini tanıtmağa çalışıb.
“Azərbaycan müəllimi” həm müəllim, həm səyyah, həm də təbiət təbliğatçısı olan Hüseyn Cəfərovun, sözün əsl mənasında zirvələrə uzanan həyat hekayəsini təqdim edir.
1962-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olan Hüseyn Cəfərov uşaqlıqdan təbiətə xüsusi marağı ilə seçilib. Tarix-coğrafiya sahəsində ali təhsil alması onun həm təbiətə, həm də tarixi abidələrə bağlılığını daha da dərinləşdirib. Hələ uşaqlıq və gənclik dövründə dağlara, meşələrə səyahət edərək Naxçıvanı kəşf edib, heç bir zaman dağlardan ayrı qalmayıb.
Artıq 60-dan çox yaşı olan Hüseyn müəllim ömrünün əksər günlərini billur sulu bulaqların ətrafında, əlçatmaz zirvələrin qoynunda keçirir. Onun təbiətə olan sevgisi təkcə Naxçıvanla məhdudlaşmayıb, ölkə hüdudlarını da aşıb.
Ağrı zirvəsinə aparan yol
2023-cü ilin avqust ayında Hüseyn Cəfərov Türkiyənin ən yüksək zirvə nöqtəsi olan Ağrı dağına Türkiyə, İran və Azərbaycandan olan peşəkar alpinistlərlə birlikdə yürüş edib. Bu yürüş təkcə fiziki dözümlülük deyil, həm də iradə və mənəvi güc sınağı idi. O, komandanın bütün üzvlərindən təxminən iki saat yarım daha tez zirvəyə çataraq Azərbaycan bayrağını Ağrı dağının ən uca nöqtəsində dalğalandırıb.
Hüseyn müəllim deyir ki, bu, sadəcə bir zirvə deyil, “mənəvi zirvə” idi. “Ağrı dağının hər iki zirvəsi mənim üçün həmişə arzu və istək olub”.
“Müəllim öyrədəndir”
Təyinatla işlədiyi Cəlilabad rayonunda və Babək rayonunun Cəhri 1 və 2 nömrəli orta məktəblərində fəaliyyət göstərərkən o, dərslərdə əyani və praktik üsullara üstünlük verib. Deyir ki, həmişə sinif otaqlarının divarları əyani vəsaitlərlə dolu olardı: “Cəlilabadda ilk günlərdə cəmi iki şagird dərsə gəlirdi. Lakin iki həftə keçməmiş kiçik sinif böyüdü. Bəzi dərsləri əyani olsun deyə açıq havada keçdim”.
Onun fikrincə, praktik-əyani vəsaitlə keçilən dərs yerindəcə öyrənilir və yadda qalır: “Bu, təbiətin vəhdətini praktik göstərmək üsuludur. Günlərin, gecə-gündüzün və fəsillərin əmələ gəlmə səbəbini pəncərədən gələn işığın qarşısını kəsərək, qlobus üzərində əlində lampanı yandırmaqla gözlə görüləcək şəkildə izah elədim. Məktəb işçiləri belə bəzən açıq qapıdan dərsləri maraqla izləyirdi”.
Təbiətdə davam edən müəllimlik missiyası
Hüseyn Cəfərov üçün müəllimlik məktəbdə bitmir. “İstər müəllim işləyəndə, istərsə də təbiətdə olanda məqsədim eynidir – öyrətmək, tanıtmaq, sevdirmək”, – deyir.
O, məktəb rəhbərliyi və müəllim kollektivi ilə birlikdə şagirdlərlə Əlincəqala, Nəimi seyrangahı və Çalxanqala kimi məkanlara səyahətlər təşkil edib. Şagirdləri bu yerləri ilk dəfə onun apardığı günlərdə görüb tanıyıblar. Deyir ki, bu səfərlərin təşkili ona asan başa gəlməyib: “Valideynlərdən “etiraz etmirəm” məzmunlu ərizələr toplayaraq, bürokratik maneələri aşırdım. Bu manelər yolumu kəsə bilmirdi. Nəticədə, həmin gəzintilər şagirdlərin yaddaşında ən əziz xatirələr kimi qalıb”.
Ekoloji maarifçilik və sosial media
Hüseyn Cəfərov uzun illərdir ki, Naxçıvanın dağlarını, yaylaqlarını, təbii abidələrini və az tanınan marşrutlarını gəzərək bu əraziləri vizual və mətn əsaslı sənədləşdirir. Onun məqsədi yalnız səyahət etmək deyil, regionun ekoturizm potensialını göstərmək, gənclərdə təbiətə bağlılıq şüurunu gücləndirməkdir.
O, xüsusilə Gəmiqaya (Qapıcıq dağı) kimi qayaüstü rəsmləri ilə məşhur olan ərazilərin tanıdılmasını vacib sayır: “Həmçinin Nehrəm dağları ərazisinin tarix boyu az gedilən, lakin möhtəşəm təbiətə və tarixi abidələrə malik məkandır”.
Onun fikrincə, Naxçıvanda ekoturizm anlayışı yetərincə formalaşmayıb. Sərhəd dağlarına çıxmaq üçün uzun mübarizələr aparıb, icazələr alıb. Təbiətdə məsuliyyətli davranışın, ətraf mühitin və tarixi abidələrin qorunmasının vacibliyini daim önə çəkir. Hətta abidələri korlayanları ictimaiyyətə göstərdiyini, lakin bəzi hallarda inzibati orqanların susduğunu da təəssüflə qeyd edir.
Şəhidlərin xatirəsinə zirvə yürüşü
Qapıcıq dağına yanvarın 19-dan 20-nə keçən gecə, -30 dərəcə şaxtada çadır quraraq şəhidlərin xatirəsinə etdiyi zirvə yürüşü onun fəaliyyətində xüsusi yer tutur. “Bu yürüş həm fiziki, həm də mənəvi baxımdan sınaq idi”, – deyir.
“Yaşımı 40-da dondurmuşam”
“Psixoloji olaraq yaşımı 40-dan sonra dondurmuşam. Həvəs və istək hər şeyə qadirdir”, – deyir Hüseyn müəllim.
Keçmiş şagirdləri onu həmişə belə tanıyıblar: “İndi də hər uğurumu alqışlayır – sevinirlər. Sosial şəbəkələrdə paylaşımlarıma gözəl rəylər yazırlar, bəyənirlər. Sevinirəm ki, şagirdlərimdən ayrılsam da, onlara örnək ola bilirəm.
“Əsas meyar tanımaq və tanıtmaqdır”, – deyir Hüseyn Cəfərov. Onun üçün məkan fərqli ola bilər – istər sinif otağı, istər dağ zirvəsi. Amma məqsəd dəyişmir: öyrətmək, göstərmək, sevdirmək.



