Əli Vəliyev: Təhsil sahəsindəki araşdırmalar məktəblərdə tətbiq olunmalıdır

22 May, 2026 - 11:48
Əli Vəliyev: Təhsil sahəsindəki araşdırmalar məktəblərdə tətbiq olunmalıdır

"Müasir dövr təhsil qarşısında tamamilə yeni çağırışlar qoyur. Elm və texnologiyanın sürətli inkişafı, rəqəmsal transformasiya, informasiya axınının artması və dəyişən sosial münasibətlər ümumi təhsil sisteminin yenilənməsini zəruri edir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Naxçıvan Müəllimlər İnstitutunda  keçirilən “Şəhərsalma və memarlıq ili”nə həsr olunan "Ümumi təhsilin aktual problemləri" mövzusunda V respublika elmi-praktik konfransın açılış mərasimində çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev deyib.

O bildirib ki, bu gün məktəb yalnız bilik ötürən məkan deyil, həm də şəxsiyyət formalaşdıran, yaradıcılığı və tənqidi düşüncəni inkişaf etdirən mühüm ictimai institutdur:

"Lakin təhsil sahəsində bir sıra elmi problemlər hələ də aktuallığını qoruyur. Təlimin keyfiyyətinin artırılması, kurikulumun müasir tələblərə uyğunlaşdırılması, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi və rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası bu gün elmi müzakirələrin əsas istiqamətlərindəndir. Eyni zamanda, şagirdlərin psixoloji rifahı, inklüziv təhsilin inkişafı və regionlar üzrə təhsil imkanlarının bərabərliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Elm əsaslı yanaşmalar olmadan təhsildə davamlı inkişaf mümkün deyil. Məhz buna görə də təhsil siyasəti ilə pedaqoji tədqiqatlar arasında əlaqənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan araşdırmalar praktik fəaliyyətə çevrilməli, məktəblərdə tətbiq olunmalı və real nəticələr verməlidir". 

"Əminəm ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr, təqdim olunacaq elmi məruzələr və səsləndiriləcək təkliflər ümumi təhsil sisteminin inkişafına mühüm töhfə verəcəkdir. Burada formalaşacaq fikir və təşəbbüslər gələcək elmi əməkdaşlıqlar üçün də yeni imkanlar açacaqdır"- deyə nazir müavini əlavə edib.