Elşən Məmmədov: Ənənəvi təhsil artıq müasir inkişafla ayaqlaşa bilmir
“Təhsilverənlərin əsas funksiyası sürətlə inkişaf edən dünyamızın bu günü və gələcəyinin idarə olunmasında iştirak edəcək kadrlar hazırlamaqdır. Bu gün ənənəvi təhsil həmin inkişafla ayaqlaşa bilmir. Ənənəvi təhsil öz yerini innovativ və inteqrativ təhsil modelinə verir. Dünyada gedən prosesləri izləmək və onlarla ayaqlaşmaq üçün innovativ təhsilə keçid vacibdir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Ümumi təhsilin aktual problemləri” mövzusunda V Respublika elmi-praktik konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən Elşən Məmmədov səsləndirib.
O bildirib ki, bu inkişaf prosesində əsas vəzifələrdən biri gələcəyi idarə edə biləcək güclü kadr potensialının formalaşdırılmasıdır:
“Bu elə səviyyədə olmalıdır ki, idarəetmənin özü olmasa belə, ən azı onunla ayaqlaşa biləcək kadrlar yetişdirilsin. Süni intellekt artıq demək olar ki, bir çox sahələrdə idarəetmə proseslərinə təsir göstərir. Lakin süni intellekt insan təxəyyülünün məhsuludur.
Əslində, bəşər tarixində süni intellekt anlayışı müəyyən mənada həmişə mövcud olub. Səndən əvvəl yaşamış yaradıcı insanların elmi araşdırmalarından istifadə etmək də bu anlayışın bir formasıdır. Sadəcə, əvvəlki dövrlərdə bu, tədqiqat prosesində bizim icazəmiz olmadan rol oynamırdı.
Biz təhsilverənlər yalnız süni intellektlə kifayətlənsək, gələcəyimizi təhlükə altına qoymuş olarıq. Əgər hər şeyi süni intellekt həyata keçirəcəksə və biz düşünmə qabiliyyətimizi itirəcəyiksə, bu, ciddi problemə çevrilə bilər”.
Elşən Məmmədovun sözlərinə görə, bu gün demək olar ki, süni intellektsiz heç bir elmi tədqiqat işi aparılmır: “Amma ondan istifadənin də elmi prinsipləri və düzgün yolları var. İmkanlar geniş olsa da, bütün işi süni intellekt görməməlidir. Fikrimcə, süni intellekt dünyanın idarə olunması, bilik və bacarıqlar, eləcə də elmi tədqiqatların toplusu üzərində qurulub. Ondan istifadə etmək olar, lakin onun necə işlədiyini və nəticəyə necə gəldiyini öyrənmək vacibdir.
Əgər bu gün məqaləni süni intellektə yazdırsaq, sabah özümüz məqalə yaza bilməyəcəyik. Məhz buna görə orta ümumi təhsil səviyyəsində bu məsələlərin düzgün şəkildə öyrədilməsi vacibdir. Tədris metodlarımız və imkanlarımız vasitəsilə həmin bilikləri şagirdlərə mənimsətməliyik. Eyni zamanda, yetişdirəcəyimiz gələcək kadr potensialı kiber cinayətlərdən qorunmaq istiqamətində də hazırlanmalıdır”.



