Doktorantura təhsilinin təşkili daha çox tədqiqatyönümlü qurulmalıdır - Nazir müavini 

30 Oktyabr, 2026 - 12:22
Doktorantura təhsilinin təşkili daha çox tədqiqatyönümlü qurulmalıdır

“Doktorantura təhsilinin təşkili daha çox tədqiqatyönümlü, müasir tələblərə uyğun şəkildə qurulmalıdır. Bu metodun tətbiq edilməsi, uyğun yanaşmanın seçilməsi doktorantların dissertasiya mövzularının və elmi işlərinin hazırlanmasına müsbət təsir göstərəcək".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib. 

Nazir müavini qeyd edib ki, qarşıda duran məsələlərdən biri də doktorantura təhsilinə yenidən baxılması və bu sahədə müəyyən dəyişikliklərin aparılmasıdır.

Nazir müavini qeyd edib ki, məqsəd yalnız doktorantların dissertasiya işlərini hazırlaması və müdafiə etməsi ilə məhdudlaşmamalıdır. İlk növbədə, doktorantlar təhsil aldıqları müddətdə müvafiq səviyyədə elmi fəaliyyətə cəlb edilməli, müstəqil tədqiqat aparmaq vərdişlərinə yiyələnməli, müasir elmi-tədqiqatlarla tanış olmalıdırlar: “Eyni zamanda, burada elmi rəhbərlərin fəaliyyətinə də diqqət yetirmək lazımdır. Elmi rəhbər yalnız dissertasiya işinin hazırlanmasına nəzarət etməməli, həm də doktorantın elmi dünyagörüşünün formalaşmasına, tədqiqat bacarıqlarının inkişafına və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dəstək göstərməlidir.

Təbii ki, elmi rəhbərin müdafiə edilmiş dissertasiyalarının və dərc olunmuş məqalələrinin sayı da onun elmi fəaliyyətini qiymətləndirərkən nəzərə alınan göstəricilərdən biridir. Lakin əsas məsələ elmi rəhbərin apardığı tədqiqatların keyfiyyəti, əldə etdiyi elmi yeniliklər, bu yeniliklər əsasında alınmış nəticələrin etibarlılığı və həmin nəticələrin elmi ictimaiyyət tərəfindən qəbul edilməsidir”.

Onun sözlərinə görə, dünyada baş verən elmi kəşflər və yeniliklər yalnız bir təhsil müəssisəsinin və ya bir alimin fəaliyyəti nəticəsində meydana çıxmır. Bu kəşflər müxtəlif ölkələrdən olan alimlərin və tədqiqatçıların birgə fəaliyyəti, elmi əməkdaşlığı nəticəsində ərsəyə gəlir: “Bu baxımdan biz də gənc tədqiqatçılarımıza tövsiyə edirik ki, beynəlxalq elmi mühitə açıq olsunlar, elmi əlaqələr qursunlar, beynəlxalq tədqiqat proqramlarına qoşulsunlar, birgə layihələrdə fəal iştirak və  bu fəaliyyətlərini davamlı şəkildə inkişaf etdirsinlər”.