Universitetlər cəmiyyətin və dövlət siyasətinin yol göstəricisidir - Oktay Yıldız

26 May, 2026 - 12:54
Universitetlər cəmiyyətin və dövlət siyasətinin yol göstəricisidir

"Bu gün dünyada universitetlər yalnız təhsil verən müəssisələr deyil. Universitetlər təkcə müəllim, mühəndis, həkim və ya hüquqşünas yetişdirmir”.

"Azərbaycan müəllimi"  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində keçirilən Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransında çıxışında (ICCHST – Naxçıvan 2026) Gümüşhane Dövlət Universitetinin rektoru Oktay Yıldız deyib.

O bildirib ki, universitetlərin əsas fəaliyyət istiqamətləri üç əsas başlıq altında birləşir: təhsil, elmi tədqiqat və ictimai töhfə. Bu üç istiqamətdən biri olmadıqda universitet öz həqiqi missiyasını tam yerinə yetirmiş sayılmır.

"Universitetlər gedib hotel tikmir, turizm şirkətləri yaratmır və ya yollar çəkmir. Lakin universitetlər cəmiyyətin və dövlət siyasətinin yol göstəricisidir. Universitetlər elmi araşdırmalar aparır, strategiyalar hazırlayır və ortaya baxışlar qoyurlar. Dövlət qurumları və siyasətçilər də həmin elmi yanaşmalar əsasında fəaliyyət göstərərək bölgələrin və ölkələrin inkişafına töhfə verirlər.
Bu baxımdan dayanıqlı turizm anlayışı xüsusi əhəmiyyət daşıyır. Turizmi qısamüddətli deyil, uzunmüddətli və gələcəkdə ölkəyə fayda gətirəcək bir sahəyə çevirməyin yolu elm adamlarının hazırladığı strategiyalardan keçir".

Rektor bildirib ki, Naxçıvan turizm potensialı çox yüksək olan bir bölgədir. Lakin onun 10, 20 və hətta 50 il sonrakı inkişafını bu gündən planlaşdırmaq lazımdır:

"Turizm sahəsində ilk addımlardan biri bölgə üzrə turizm master planının hazırlanmasıdır. Bu planın hazırlanması zamanı əvvəlcə SWOT təhlili aparılmalıdır. Yəni Naxçıvanın turizm sahəsində güclü tərəfləri, zəif tərəfləri, imkanları və riskləri müəyyənləşdirilməlidir. Daha sonra 5, 10 və 50 illik inkişaf planları hazırlanmalıdır. Naxçıvan Dövlət Universitetindən hər il çoxlu tələbə məzun olur. Mən məzun tələbələrimə həmişə deyirəm:

“Hər biriniz bir turizm elçisisiniz.”

Bu gün də Naxçıvan Dövlət Universitetindən məzun olan hər bir tələbəyə demək istəyirəm ki, siz Naxçıvanın turizm elçilərisiniz. Getdiyiniz hər yerdə Naxçıvanı tanıdın, onun mədəniyyətini, tarixini və zəngin irsini insanlara çatdırın".