Rektor: Yeni şəhər modelini elmi tədqiqatlara inteqrasiya edəcəyik
"Bu gün şəhərsalma və memarlıq sahəsində aparılan işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində yeni mərhələyə qədəm qoyub".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində keçirilən Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransında (ICCHST – Naxçıvan 2026) jurnalistlərə açıqlamasında universitetin rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, bu proses innovativ yanaşmaların tətbiqi ilə müşayiət olunur: "“Smart şəhər” və “smart kənd” layihələri ölkə prezidentinin təşəbbüsü ilə reallaşdırılır və müasir şəhərsalma modelinin formalaşmasına xidmət edir. Bu layihələr təkcə Azərbaycan üçün deyil, ümumilikdə türk dünyası və beynəlxalq təcrübə üçün də əhəmiyyətli nümunədir.
Bu gün inşa olunan yeni şəhər və kənd infrastrukturları gələcəyin şəhər modeli kimi çıxış edir və biz bu təcrübəni həm tədris prosesinə, həm də elmi tədqiqatlara inteqrasiya etməyi hədəfləyirik. Bu sahədə tələbələr və gənc tədqiqatçılar üçün geniş imkanlar yaradılıb".
Elbrus İsayev əlavə edib ki, konfrans çərçivəsində dünyanın 6 ölkəsindən təxminən 200-ə yaxın məruzə təqdim olunur və onlar 20-yə yaxın bölmədə müzakirə edilir: "Dünən iştirakçılar ölkəmizin mədəni zənginlikləri ilə tanış olub bu gün isə konfransın açılış və bölmə iclasları keçirilib.
Gələcəkdə bu konfransın ənənəvi olaraq müxtəlif ölkələrdə və tərəfdaş universitetlərlə birgə keçirilməsi planlaşdırılır".


