30 illik axtarışdan sonra Naxçıvanda İlandağ yazısı tapılıb
“Bu gün təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapıldı”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor, tanınmış arxeoloq Vəli Baxşəliyev sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, səfər zamanı aşkarlanan yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumatlar əks olunub:
“Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb”.
Qeyd edək ki, İlandağ yazısının yenidən aşkar olunması Naxçıvanın qədim tarixi və regionun siyasi proseslərinin öyrənilməsi baxımından mühüm elmi hadisə hesab olunur.



