Ramilə Seyidova: Uşaqların hüquqlarının qorunması prioritet istiqamətlərdəndir 

20 Noyabr, 2026 - 16:24
Ramilə Seyidova: Uşaqların hüquqlarının qorunması prioritet istiqamətlərdəndir 

Uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyası dövlət uşaq siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da maarifləndirmə, monitorinq, profilaktika, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək və onların hüquqlarının müdafiəsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Hər il 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” isə bu sahədə görülən işlərin genişləndirilməsi və ictimai diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 
Həyata keçirilən tədbirlər, uşaqların hüquqi biliklərinin artırılması, erkən nikah və uşaq əməyinin qarşısının alınması, təhsildən yayınma hallarına qarşı mübarizə, sağlamlıq imkanları məhdud uşaqların təhsilə və sosial həyata inteqrasiyası, eləcə də ailə və məktəb əməkdaşlığı ilə bağlı görülən işlər barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə söhbətləşdik.

- Komitə tərəfindən uşaqların hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və hərtərəfli inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilir?

 – Uşaq hüquqlarının qorunması, uşaqların sağlam böyümələri və hərtərəfli inkişafı, onların layiqli həyat şəraitinin təmin edilməsi, eləcə də vətəndaş cəmiyyətinin vətənpərvər və milli-mədəni dəyərlərə bağlı fərdləri kimi formalaşması dövlət uşaq siyasətinin prioritetlərindəndir. Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilən dövlət uşaq siyasəti uşaqların hüquq və qanuni mənafelərinin müdafiəsini, onların sağlamlığının qorunmasını, keyfiyyətli təhsil almasını və sosial rifahının təmin olunmasını əsas istiqamətlər kimi müəyyən edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, eləcə də, çoxsaylı layihələr uşaqların hərtərəfli inkişafına, onların təhsil, səhiyyə və sosial müdafiə imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə dövlət uşaq siyasətinin həyata keçirilməsi, uşaq hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə sistemli tədbirlər görülür. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə, monitorinq, xüsusi kateqoriyadan olan uşaqlara dəstək, hüquqi müdafiə, profilaktika və uşaqların asudə vaxtlarının səmərəli təşkili sahələrində kompleks fəaliyyət həyata keçirilir.

Xüsusi qeyd etmək istərdim ki, hər il 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərin genişləndirilməsi, ictimai diqqətin artırılması və mövcud problemlərin daha yaxından öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aylıq çərçivəsində həyata keçirilən işlərə nəzər saldıqda, ilk növbədə uşaqların hüquqi biliklərinin artırılması istiqamətində təşkil edilən müxtəlif səpkili maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulamalıyıq. Belə ki, təbliğat işlərində əsas məqsədimiz uşaqların yalnız hüquqlarını bilməsini deyil, həmin hüquqların gündəlik həyatda real təmin olunmasını, onların qarşılaşdıqları problemlərin vaxtında müəyyənləşdirilməsini və həlli istiqamətində müvafiq tədbirlərin görülməsini təmin etməkdir. Bu məqsədlə təhsil müəssisələrində şagirdlərlə görüşlərin, maarifləndirici söhbətlərin, seminarların və interaktiv müzakirələrin təşkili xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərdə uşaqlara təhsil, sağlamlıq, istirahət, müdafiə, ailə mühitində yaşamaq, öz fikrini sərbəst ifadə etmək və digər fundamental hüquqları barədə məlumatların çatdırılması vacibdir. Bu sahədə Komitə ilə təhsil, səhiyyə, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti qurumları və digər aidiyyəti təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların hüquqlarının qorunması gələcəyin qorunması deməkdir. Hər bir uşağın təhlükəsiz ailə mühitində böyüməsi, təhsil alması, sağlamlığının qorunması və öz potensialını reallaşdırması üçün yaradılan imkanlar cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Bizim əsas məqsədimiz yalnız uşaqların hüquqlarından danışmaq deyil, həmin hüquqların real həyatda təmin olunmasına töhfə verməkdir.

Komitənin ötən illər ərzində həyata keçirdiyi fəaliyyətə nəzər saldıqda, uşaq hüquqlarının müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı maarifləndirici tədbirlərin, seminarların, təlimlərin və monitorinqlərin təşkil olunduğunu görürük.

Həmçinin uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı seminarlar təşkil olunmuş, uşaqların sağlam həyat tərzinin formalaşdırılması, fiziki aktivliyinin artırılması və zərərli vərdişlərdən qorunması istiqamətində təlimlər aparılmışdır. Eyni zamanda təhsildən yayınan şagirdlərlə bağlı monitorinqlər keçirilmiş, uşaq müəssisələrində uşaqların hüquqlarının təmin olunması, yaşayış və saxlanma şəraitinin öyrənilməsi diqqətdə saxlanılmışdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək də fəaliyyətimizin mühüm istiqamətlərindən olmuşdur. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq və intellektual potensialının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması məqsədilə müxtəlif festivallar, müsabiqələr, ekskursiyalar və yay düşərgələri təşkil edilib.

Uşaqlarla bağlı əlamətdar günlərin qeyd edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində cari il ərzində təhsil, idman və incəsənət sahələrində fərqlənən 118 şagird mükafatlandırılmış və tədbirlərdə 534 istedadlı uşağın çıxışı təmin edilmişdir. “1 iyun – Uşaqların Beynəlxaq Müdafiəsi Günü” münasibətilə hemofiliya, talassemiya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qanvermə aksiyası da keçirilmişdir.

Xüsusi kateqoriyadan olan uşaqların tarixi-mədəni irsimizlə tanışlığının təmin edilməsi məqsədilə ekskursiyalar təşkil edilib , şəhid övladlarının intellektual inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində “Ağbulaq” İstirahət Mərkəzində ikigünlük yay düşərgəsi keçirilib. Düşərgə çərçivəsində uşaqlar üçün intellektual və maarifləndirici məşğələlər, yaradıcılıq və idman fəaliyyətləri, komanda oyunları və ekskursiyalar təşkil olunub, şəhid övladları və ailə üzvləri də daxil olmaqla 50 nəfər bunlardan yararlanıb. Həmçinin Komitə tərəfindən təşkil olunan sərgi və satış yarmarkalarında sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla digər istedadlı uşaqların rəsm və dekorativ-tətbiqi sənət üzrə əl işlərinin sərgi-satışı həyata keçirilib.

“Autizm Ayı” çərçivəsində “2 aprel – Ümumdünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Neyro-Şüur Terapiya Modeli” mövzusunda tədbir keçirilib və autizmli uşaqların rəsm, əl işlərindən ibarət sərgi-satışa baxış keçirilib. Həmçinin uşaqlar arasında inklüzivliyin təşviqi və autizm haqqında ictimai məlumatlılığın artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Autizmi hiss et” adlı ikigünlük aksiya təşkil olunub, autizmli uşaqların yaradıcılıq işlərindən ibarət sərgi-satış və müxtəlif bədii proqramlar təqdim edilib.

15 sentyabr –Bilik Günü  münasibətilə muxtar respublikanın şəhər və rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşlər keçirilib, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, aztəminatlı, təkvalideynli, sağlamlıq imkanları məhdud, qazi övladları və çoxuşaqlı ailələrdən olan 65 şagird Komitə tərəfindən məktəbli geyim dəsti və çantası ilə təmin edilib.

Çox sevindirici haldır ki, muxtar respublikada sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər uşaqlar təhsildə daim yüksək nəticələr əldə edirlər. Ənənəvi olaraq Komitədə bu kateqoriyadan olan uşaqlarla görüşlər keçirilir. Belə ki, 2026–2027-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş, o cümlədən 4-ü valideyn himayəsindən məhrum və 15-i sağlamlıq imkanları məhdud olan 19 tələbə ilə görüş keçirilib, onlara hədiyyələr təqdim edilib. Uşaqların qərarların qəbulunda iştirakının genişləndirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi və uşaq hüquqlarının təşviqi məqsədilə Uşaq Səfirlər Məclisinin şəhər və rayon nümayəndələri ilə görüş keçirilib, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və Tədbirlər Planı müzakirə edilib, nümayəndələrə Məclisin nişanları və bayraqları təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 08 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2025-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə Meyarlar”a uyğun olaraq aidiyyəti qurumlardan məlumatlar toplanmış, təhlil və ümumiləşdirmə aparılaraq 2025-ci il üzrə Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlanlb. Hesabat və 2026-cı ildə monitorinqi nəzərdə tutulan uşaq müəssisələrinin siyahısı müvafiq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya təqdim edilib. Komissiyanın ekspert qrupu tərəfindən 22 uşaq müəssəsində monitorinqlər həyata keçirilmiş müvafiq tədbirlər görülüb.

Ümumilikdə, Komitənin uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti erkən evliliklərin qarşısının alınması, təhsildən yayınan uşaqların təhsilə cəlb edilməsi, uşaq əməyinin istismarının qarşısının alınması, çətin tərbiyə olunan uşaqların sosial adaptasiyasının təmin edilməsi, uşaqların asudə vaxtlarının səmərəli təşkili, uşaq hüquqlarının qorunması üzrə monitorinqlərin həyata keçirilməsi, əlamətdar günlərin qeyd edilməsi, yaradıcılıq müsabiqələrinin təşkili, eləcə də maarifləndirici tədbirlərin, seminarların, görüşlərin, təlimlərin və ustad dərslərinin keçirilməsi istiqamətlərini əhatə edir.

– Uşaqların öz hüquqlarını tanıması, bilməsi və zərurət yarandıqda onları müdafiə edə bilməsi üçün Komitə tərəfindən nə kimi maarifləndirmə işləri həyata keçirilir?

– 2026-cı ilin yanvar-noyabr ayları ərzində Komitə tərəfindən dövlət uşaq siyasətinin həyata keçirilməsi sahəsində 111 tədbir, 34 görüş, 9 seminar, 7 təlim, 2 ustad dərsi keçirilib, 1 festival, 2 ekskursiya, 1 yay düşərgəsi və 1 yaradıcılıq müsabiqəsi təşkil edilib. Bununla yanaşı, uşaq hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi məqsədilə 68 monitorinq aparılıb. Keçirilən tədbirlərdən ümumilikdə 10342 nəfər yararlanıb, 6291 təbliğat materialı paylanılıb, 1333 nəfər arasında sorğu keçirilmiş, maarifləndirmə məqsədilə 263 poster elan lövhələrində yerləşdirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 tədbir, 30 görüş, 3 seminar və 1 təlim keçirilib, tədbirlərdən yararlananların sayı 2455 nəfər, sorğu keçirilənlərin sayı 623 nəfər, paylanılan təbliğat materiallarının sayı 1256 ədəd, elan lövhələrində yerləşdirilən posterlərin sayı isə 142 ədəd artıb. Maarifləndirmə, hüquqi biliklərin artırılması və profilaktik tədbirlər çərçivəsində erkən nikah və onun uşaq hüquqlarının pozulmasına təsiri, internetdən səmərəli istifadə, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət, ailə, məktəb və cəmiyyət, uşaq əməyinin istismarının qarşısının alınması, uşaqların hüquq və vəzifələri, narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilən hüquqpozmalarının profilaktikası və digər aktual mövzularda tədbirlər, seminarlar və təlimlər təşkil edilib. Eyni zamanda uşaqların ünsiyyət və söz haqqının təşviqi məqsədilə mediasiya platformasında müzakirələr aparılıb, gimnastika sahəsində ustad dərsləri keçirilib, milli-mənəvi dəyərlərin uşaqlara aşılanması diqqətdə saxlanılıb.

– Uşaq hüquqlarının pozulması ilə bağlı Komitəyə daxil olan müraciətlər əsasən hansı məsələləri əhatə edir? Erkən nikah, uşaq əməyinin istismarı, ailədaxili zorakılıq və valideyn məsuliyyətsizliyi kimi halların qarşısının alınması ilə bağlı aparılan profilaktik tədbirlər barədə  məlumat verməyinizi xahiş edirik. 

– Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin öyrənilməsi, uşaqların yaşayış və sosial şəraitinin qiymətləndirilməsi, təhsildən yayınma, erkən nikah, valideyn himayəsindən məhrum uşaqların hüquqlarının pozulması və digər risklərin vaxtında müəyyən edilməsi məqsədilə hesabat dövründə valideyn himayəsindən məhrum və digər uşaqların yaşadıqları ünvanda uşaq hüquqlarının qorunması ilə bağlı və uşaq müəssisələrində ümumilikdə 68 monitorinq keçirilib.

Monitorinqlərin 22-si Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın ekspert qrupu, 5-i valideyn himayəsindən məhrum uşaqlarla bağlı, 33-ü təhsildən yayınmanın qarşısının alınması, 3-ü uşaq hüquqlarının qorunması, 6-sı isə erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilib. Monitorinqlər zamanı uşaqların hüquq və mənafelərinin müdafiəsi ilə yanaşı, onların təhsil, sosial təminat, yaşayış və məişət şəraiti də diqqətdə saxlanılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Aparılan monitorinqlərin nəticəsində bir qeyri-dövlət uşaq müəssisəsinin fəaliyyətinin dayandırılması təmin edilib. Erkən evliliyə cəhd halları ilə bağlı Komitəyə daxil olan məlumatlar əsasında həyata keçirilən monitorinqlər nəticəsində 6 uşaq evliliyinin qarşısı alınıb. Uşaqların təhsil hüququnun təmin edilməsi, müxtəlif sosial və ailə-məişət səbəblərindən təhsildən yayınan şagirdlərin müəyyənləşdirilməsi məqsədilə onların yaşadıqları ünvanlarda 33 monitorinq keçirilib. Görülmüş tədbirlər nəticəsində uşaqların yenidən təhsilə cəlbi təmin edilib.

Sosial qayğıya ehtiyacı olan qızların təhsilinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramından muxtar respublikadan olan 13 tələbə yararlanıb.

Ümumtəhsil müəssisələrində çətin tərbiyə olunan və risk qrupuna daxil olan uşaqlarla profilaktik və korreksiyaedici işin aparılması, onların davranışlarında müsbət dəyişikliklərin təşviqi, sosial adaptasiyasının təmin edilməsi və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə “Sağlam gələcək öz əlinizdədir” layihəsi çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda görüşlər keçirilib. Belə ki, layihə çərçivəsində uşaqların fərdi xüsusiyyətləri, sosial mühiti və davranış problemləri nəzərə alınmaqla onlarla maarifləndirici söhbətlər aparılıb, sağlam həyat tərzinin təşviqi, hüquqazidd davranışların profilaktikası, düzgün ünsiyyət və sosial məsuliyyət bacarıqlarının formalaşdırılması istiqamətində işlər görülüb. Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquq və qanuni mənafelərinin müdafiəsi, onların sağlam və təhlükəsiz mühitdə inkişafı, təhsil və sosial hüquqlarının təmin olunması, cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi tədbirlər görülüb, 6 uşağın sosial vəziyyəti və məişət şəraiti öyrənilib, onların hüquq və mənafelərinə təsir edən hər hansı mənfi hal müəyyən edilməyib. Sevindirici haldır ki, valideyn himayəsindən məhrum 84 uşaqdan atılmış yoxdur. Belə ki, onlar yaxın qohumlarının himayəsində yaşayır.

– Muxtar respublikada xüsusilə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, sosial həyata inteqrasiyası və bərabər imkanlardan yararlanması üçün hansı işlər görülür?

– Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması, cəmiyyətə inteqrasiyası və sosial həyatda fəal iştirakının təmin edilməsi diqqət mərkəzində saxlanılır. Çünki hər bir uşağın sağlamlıq vəziyyətindən asılı olmayaraq təhsil almaq, öz bacarıqlarını inkişaf etdirmək, sərbəst şəkildə cəmiyyətə qoşulmaq və bərabər imkanlardan yararlanmaq hüququ vardır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bu sahədə maarifləndirmə, monitorinq və müxtəlif sosial layihələr həyata keçirir. Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq, onların potensialının üzə çıxarılmasına dəstək göstərmək və inklüziv mühitin formalaşmasına töhfə verməkdir. Bu istiqamətdə ilk növbədə uşaqların təhsil hüququnun təmin olunması məsələsinə xüsusi önəm verilir. Təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlara münasibətdə ayrı-seçkiliyin yolverilməzliyi, onların fərdi ehtiyaclarının nəzərə alınması, təhsil prosesində iştirakının dəstəklənməsi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunur.

Komitənin həyata keçirdiyi tədbirlər sırasında inklüziv şəhərsalma və əlçatan mühitin yaradılması məsələləri də mühüm yer tutur. Bildiyiniz kimi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası yalnız təhsil müəssisələrinə cəlb olunmaqla məhdudlaşmır. Məhz sağlamlıq imkanları məhdud uşaqların istedad və bacarıqlarının üzə çıxarılması da fəaliyyətimizin mühüm istiqamətlərindən biridir. Onların rəsm, musiqi, əl işləri və digər yaradıcılıq sahələrində əldə etdikləri nailiyyətlərin nümayiş etdirilməsi üçün müxtəlif tədbirlər və sərgilər təşkil olunur. Belə tədbirlər uşaqların özünəinamının artmasına, cəmiyyət tərəfindən tanınmasına və sosial münasibətlərinin genişlənməsinə şərait yaradır. Bu istiqamətdə qadınların və sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə təşkil olunan sərgi-satış yarmarkalarını da qeyd etmək olar. Belə təşəbbüslər göstərir ki, insanın sağlamlıq vəziyyəti onun istedadını, bacarığını və cəmiyyətə verə biləcəyi töhfəni məhdudlaşdırmamalıdır. Eyni zamanda, cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara münasibətin dəyişdirilməsi, onlara qarşı həssas və anlayışlı yanaşmanın formalaşdırılması da vacib məsələlərdəndir. Bu səbəbdən məktəblərdə, kollektivlərdə və müxtəlif sosial qruplar arasında maarifləndirmə işləri aparılır. Uşaqlara fərqliliklərə hörmətlə yanaşmaq, qarşılıqlı dəstək göstərmək, hər kəsin bərabər hüquqlara malik olduğunu aşılamaq inklüziv düşüncənin formalaşmasına xidmət edir. Hesab edirik ki, bu sahədə yalnız aidiyyəti dövlət qurumlarının deyil, həm də valideynlərin, təhsil işçilərinin, ictimaiyyətin və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Çünki inklüzivlik yalnız xüsusi ehtiyacı olan uşaqlar üçün şərait yaratmaq deyil, eyni zaqmanda hər bir uşağın özünü cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss edə biləcəyi mühit formalaşdırmaqdır.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Regional Ailə Mərkəzlərinin muxtar respublikada yaradılması ilə bağlı Komitə tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, ailələrin dəstəklənməsi mexanizmlərinin daha da gücləndirilməsi və müxtəlif sosial xidmətlərə əlçatanlığının artırılması məqsədilə Şərur və Culfa rayonlarında Regional Ailə Mərkəzlərinin yaradılması ilə əlaqədar torpaq sahələri ayrılıb, Mərkəzlərin layihə-smeta sənədləri hazırlanıb. Hazırda müvafiq sənədlər ekspertiza mərhələsindədir.

– Uşaq hüquqlarının qorunmasında ailə və məktəb əməkdaşlığının rolu böyükdür. Bu baxımdan müəllimlərin uşaq hüquqları ilə bağlı maarifləndirilməsi, şagirdlərin hüquqi biliklərinin artırılması, eləcə də psixoloji təzyiq və rəqəmsal təhlükələrin qarşısının alınması istiqamətində aparılan işlərlə bağlı nə deyə bilərsiniz? 

–Uşaq hüquqlarının qorunması istiqamətində fəaliyyətin mühüm istiqamətlərindən biri kimi Komitə tərəfindən muxtar respublikada uşaqlarla bağlı mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların təqdim etdiyi statistik məlumatlar müntəzəm olaraq təhlil edilir. Uşaqların təhsil hüququnun təmin edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilin əlçatanlığının artırılması muxtar respublikada dövlət uşaq siyasətinin əsas istiqamətlərindəndir. 2026–2027-ci tədris ilində muxtar respublikanın ümumtəhsil müəssisələrində 48888 şagird təhsil alır. Onlardan 23608-i  qızdır. 2025–2026-cı tədris ilində IX sinfi 4592 şagird bitirib, onlardan 2196-sı  qız olub. XI sinfi bitirənlərin sayı isə 3700 təşkil edib, onların 1826-sı qız, 12 nəfəri sağlamlıq imkanları məhdud şagird olub. Ümumtəhsil müəssisələrini 2 şagird qızıl, 2 şagird isə gümüş nişanla bitirib. Ali təhsil müəssisələrinə 1772 gənc  daxil olub ki, onlardan 985-i qız, 12-si sağlamlıq imkanları məhdud, 2-si isə valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Ali Hərbi Məktəbə qəbul olunanların sayı 40 nəfər təşkil edib.XI sinif bazası üzrə orta ixtisas təhsili müəssisələrinə 459 nəfər qəbul olunub. Onlardan 286-sı qız, 11 nəfəri sağlamlıq imkanları məhdud, 3 nəfəri valideyn himayəsindən məhrum olmuş uşaqlardır. 

Muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 3463 uşaq təhsil və tərbiyə alır. Onlardan 1601-i qız, 3-ü sağlamlıq imkanları məhdud, 4-ü isə valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Muxtar Respublika üzrə yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan 8 şagird Prezident təqaüdünə layiq görülüb.

Muxtar respublikada valideyn himayəsindən məhrum olmuş uşaqların hüquq və qanuni mənafelərinin qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Mövcud statistik məlumata əsasən, muxtar respublikada valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 84 nəfərdir. Onlardan 21-i hər iki valideynini itirib, 60 nəfəri isə digər səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqlardır.

Komitə tərəfindən təşkil edilən müxtəlif səpkili maarifləndirici tədbirlər, seminarlar, təlimlər, görüşlər, ustad dərsləri, ekskursiyalar, aparılan monitorinqlər, xüsusi kateqoriyadan olan uşaqlara göstərilən dəstəklər uşaq hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətin əsas tərkib hissələridir. Komitə bundan sonra da uşaqların hüquqlarının qorunması ilə əlaqədar qarşıya qoyulan bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqdır.