Region qızlarının uğurları: kikboks və taekvando üzrə çempion, musiqiçi, RFO qalibləri
Statistikaya görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə ən çox erkən evlilik faktı qeydə alınan iki iqtisadi rayondan biri Lənkəran-Astaradır. Keçən il bu regionda 57 erkən evlilik faktı qeydə alınıb.
Əvvəllər təhsillə bağlı problemlərlə, erkən nikahlarla daha çox xatırlanan Lənkəran-Astara qızlarının adları indi elm, incəsənət, idman sahəsində qazanılan uğurlarda keçir.
“Azərbaycan müəllimi” Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində yerləşən ümumtəhsil məktəblərində təhsil alan məktəbli qızların bir neçəsinin uğurlarını təqdim edir.
Səlimova Nazlı Vüsal qızı 30 noyabr 2009-cu ildə Lənkəran şəhərində anadan olub. Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəb-liseyin IX sinfində təhsil alır.
Respublika çempionu olan gənc müsahibimiz 7 yaşından idmanla məşğul olur: “Dərslərimdən əlavə idmanla da məşğul oluram. Bu sahəylə 7 yaşımdan maraqlanıram. İlk məşğul olduğum idman növü taekvondo olub, daha sonra isə kikboks və boksla məşğul olmağa başlamışam. Taekvondo və kikboks üzrə Respublika çempionu olmuşam”.
Məhərrəmzadə Xədicə Şaiq qızı 2008-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Leytenant Arif Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü liseyin 1-ci sinfinə qəbul olub, hazırda həmin məktəbin XI sinif şagirdidir. Elə həmin ildə xüsusi musiqi istedadı olduğu üçün E.Rufullayev adına Lerik Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinin 1-ci sinfinə qəbul olub. 2020-ci ildə burada yeddiillik təhsilini müvəffəqiyyətlə başa vurub. Musiqi sahəsində bir sıra respublika səviyyəli müsabiqələrdə iştirak edib və diplomlarla təltif olunub. Hətta bir neçə bəstələri belə var. Fikrət Qocanın “Anamın sözləri” şeirinə bəstələdiyi vətənpərvərlik mövzusunda olan mahnı da bunlardan biridir: “2016-cı ildə multikulturalizm ilinə həsr olunmuş “Родники души” 12-ci müsabiqə - festivalında qalib olmuşam. Eyni ildə Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” 3-cü respublika elmi-ifaçılıq müsabiqəsində fəxri fərmanla təltif olunmuşam”.
Müsahibimiz özü haqqında danışanda bunları deyib: “Məktəbimizin demək olar ki, bütün tədbirlərində fəal iştirak edirəm və vətənpərvərlik mövzularında mahnılar ifa etməyi çox xoşlayıram. İdman yarışlarında da sevə-sevə iştirak edirəm. Ən çox sevdiyim idman növü futboldur. Rayonda keçirilən bir çox idman yarışlarında da komandamızla birgə qalib olmuşuq. Boş vaxtlarımda rəsmlə də məşğul oluram və bunu da çox sevirəm”.
Gənc istedadımız Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin 4 ildir ki, fəal könüllü üzvüdür. Orada keçirilən bir çox fəaliyyətlərdə də seçildiyi üçün diplomlara layiq görülüb.
2022-ci ildə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Zəfərə aparan ideya” müsabiqəsinin qalibi olub, diplom və hədiyyələrlə mükafatlandırılıb. Bu il Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 2-ci yerə layiq görülüb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin may-iyun ayları üçün olan hesabatının videotəqdimatını edən gənclərdən biri də müsahibimizdir: “Bütün bu uğurlarımda ailəmin və müəllimlərimin əməyi böyükdür. 6-cı sinifdə oxuyarkən çox sevdiyim müəllimlərimə şeir də yazmışam. Respublika fənn olimpiadalarında iştirak etmişəm və yarımfinal mərhələsinə kimi yüksəlmişəm. Builki hədəfim isə respublika səviyyəsinə yüksəlməkdir. Ən böyük arzum memar olmaq və öz sözümü bu sahədə deməkdir”.
İbadzadə Cəmilə Süleyman qızı 19 iyul 2010-cu ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olub.
Hazırda Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin IX sinfində təhsil alır. Respublika fənn olimpiadalarında Biologiya fənni üzrə bürünc medal sahibi olan müsahibimiz bunları deyib: “Vaxtımın böyük hissəsini dərslərimə həsr edirəm. Elm sahəsi mənə daha maraqlı gəlir. Hədəfim RFO-da birincilik qazanmaqdır”.
Bəşirova Mahirə Rövşən qızı 15 may 2009-cu ildə Masallı rayonunda anadan olub.
İ.Zülalov adına Masallı şəhər 5 nömrəli məktəbin 10-cu sinfində təhsil alır: "2 dəfə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qalib olmuşam. 8-ci sinifdə qızıl medal, 9-cu sinifdə isə gümüş medala layiq görülmüşəm. Boş vaxtlarımda şeir yazıram, incəsənətə marağım var".
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)