Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin elmi-tədqiqat sahələrinə maraq göstərməsi və ciddi uğurlara imza atması xoş ənənəyə çevrilib. Reytinqli universitetlərdə yüksəkixtisaslı peşəkarlar kimi yetişən və elm sahəsində öz sözünü deyə biləcək gənclərimizin hər biri ölkəmizin inkişafına töhfədir.
“Azərbaycan müəllimi” bu dəfə oxuculara “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində ADA Universitetinin təşəbbüsü ilə yaradılan “İtaliya–Azərbaycan Universiteti” layihəsi üzrə İtaliyanın Bolonya Universitetində doktorantura təhsili alan Gülnarə Quluzadə ilə müsahibəni təqdim edir.
Müsahibəyə keçməzdən öncə Gülnarənin bu günə qədər keçdiyi təhsil yoluna nəzər salaq.
Tanıtım: Quluzadə Gülnarə Rövşən qızı 27 iyul 1992-ci il tarixində Füzuli şəhərində anadan olub. Orta təhsilini Bakıda 96 nömrəli məktəbdə müvəffəqiyyətlə bitirib. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin “Ekoloji biologiya”, magistratura təhsilini isə İtaliyanın Neapol şəhərindəki Napoli Federico II Universitetinin “Biologiya” ixtisası üzrə bitirib. Eyni zamanda İtaliyanın "Internazionalizzazione dei Corsi di Studio" layihəsi əsasında təşkil olunan “Compagnia di San Paolo” dəstəyi ilə maliyyələşdirilən beynəlxalq təqaüdə layiq görülüb. Təhsilini uğurla başa vurduqdan sonra Azərbaycana qayıdıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) əmək fəaliyyətinə başlayıb.
Hazırda həmin müəssisədə Keyfiyyət nəzarət departamentinin böyük mütəxəssis vəzifəsində əmək fəaliyyətini davam etdirir. AQTİ-də iş fəaliyyəti dövründə mütəmadi olaraq müxtəlif beynəlxalq elmi layihə təklifləri hazırlayıb, KİV-də qida təhlükəsizliyinin müxtəlif aspektləri haqqında ictimai maarifləndirmə işləri həyata keçirib, eyni zamanda laboratoriyalarda aparılan yerli və beynəlxalq audit yoxlamalarda iştirak edib. AQTİ-dəki iş fəaliyyəti müddətində bir çox ölkələrdə (Tayland, BƏƏ, İsveç və s.) kadr potensialının inkişaf etdirilməsi məqsədilə müxtəlif təlimlərdə iştirak edib. Hazırda ADA Universitetinin təşəbbüsü ilə yaradılan “İtaliya–Azərbaycan Universiteti” layihəsi çərçivəsində doktorantura proqramının namizədi olaraq, İtaliyanın Bolonya Universitetində heyvandarlıq və qida təhlükəsizliyi üzrə “Heyvan mənşəli qidaların tədqiqi” ixtisasında təhsil alır.
İtaliyada doktorantura proqramları tədqiqat fəaliyyətinə əsaslanır
- İtaliya–Azərbaycan Universiteti layihəsi barədə məlumat verməyinizi istərdik. Bu layihəyə müraciət etməyiniz nə ilə bağlıdır?
- Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən təsis olunan “İtaliya–Azərbaycan Universiteti” layihəsi ADA Universitetinin təşəbbüsü ilə yaradılan doktorantura proqramı İtaliyanın qabaqcıl ali təhsil müəssisələri, o cümlədən Bolonya Universiteti arasında əməkdaşlıq əsasında həyata keçirilir. Bu layihə nəticəsində Azərbaycanın təhsil sistemində kənt təsərrüfatı və qida elmləri sahəsini beynəlxalq standartlara uyğunlaşdırmaq və rəqabətədavamlı kadr hazırlığını artırmaq, eləcə də akademik və elmi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
İtaliyada doktorantura proqramları tədqiqat fəaliyyətinə əsaslanır. Bolonya Universiteti kimi qabaqcıl ali təhsil ocaqlarında doktorantlar geniş elmi resurslara, tədqiqat laboratoriyalarına və beynəlxalq əməkdaşlıq imkanlarına malik olurlar. Doktorantura təhsilinin bir hissəsi olaraq tələbələr mühazirələrdə, seminar və konfranslarda iştirak edir, eyni zamanda müxtəlif layihələr üzərində çalışırlar. Doktorantura proqramı layihəsinə müraciət etmə səbəbim ölkəmə daha yaxşı xidmət etmək və akademik karyeramda bilik və bacarıqlarımı daha yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. Beləliklə, doktorantura proqramını dünyanın reytinqli universitetlərindən biri olan İtaliyanın Bolonya Universitetinə uğurlu göstərici ilə qəbul alaraq iş təcrübəm zamanı mənə maraqlı olan mövzu istiqamətində tədqiqat işi aparıram. Ümumiyyətlə, İtaliya təhsil sistemini magistratura oxuyarkən təcrübə etdiyim üçün, mühitə adaptasiya olmaq və nəzəri-praktiki tədrisini mənimsəmək çox vaxtımı almadı. Sadəcə tədris aldığım ixtisasda bəzən italyan dilində seminarlar təşkil olunduğu üçün, nisbətən çətinlik yaşasam da, yenə də öhdəsindən gəlirəm. Çünki, italyan dilini ən azı ingilis dilim qədər yaxşı səviyyəyə çatdırmaq əsas hədəflərimdəndir.
Təhsilimi ən müasir molekulyar tədqiqat metodaları üzrə aparıram
- İxtisasınız və tədqiqatlarınız barədə nə deyərdiniz? Bu ixtisası seçməyiniz nə ilə bağlıdır?
-İtaliyada təhsilimi heyvan mənşəli qidalarda mikrobioloji və ən müasir molekulyar tədqiqat metodaları üzrə aparıram. Belə ki, doktorantura mövzum qida təhlükəsizliyi sahəsində vacib məsələlərdən biri olan süd və süd məhsullarında əmələ gələn patogen bakteriyaların aşkar edilməsi və kök səbəbinin ən müasir metodlardan biri olan Yeni Nəsil Sekvensləmə (Next-Generation Sequencing, Whole Genome Sequencing) metodu ilə təyini və eləcə də kontaminasiyanın izlənə bilirliliyin təmini, həmçinin Avropa Birliyinin requlyasiyalarına əsasən Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi sahəsində araşdırma aparmaqdan ibarətdir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da süd və süd məhsulları gündəlik qida rasionumuzun əsas tərkib hissəsidir. Bu səbəbdən, tədqiqat layihəmin əsas hədəflərindən biri də, süd və süd məhsullarında “fermadan süfrəyə” prinsipi əsasında qida patogenlərinin tədqiqi və araşdırmasını aparmaq, nəticədə İtaliya və Azərbaycan üzrə aktual qida patogenlərinin müqayisəli təhlilini həyata keçirməkdir.
-Qida təhlükəsizliyi sahəsində tədqiqatlarınız tərəfdaş ali məktəb və ya Azərbaycan elmi üçün nə dərəcədə əhəmiyyətli və prioritetdir?
-ADA Universitetinin nəzdində yaradılan İtaliya-Azərbaycan Universiteti və Boloniya Universiteti arasındakı əməkdaşlıq vasitəsilə, təhsil aldığım doktorantura proqramı akademik karyeramı yüksəltmək üçün mühüm imkanlar yaratmaqdadır. Qazanılan təcrübə və biliklər ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbində kənd təsərrüfatı sahəsində kurikulum, tədris və tədqiqat imkanları, nəzəriyyə-təcrübə inteqrasiyasını, beynəlxalq əməkdaşlıqları, yerli innovasiyaları və sektorun rəqabət qabiliyyətini daha da təkmilləşdirib inkişaf etdirəcəkdir. İnanıram ki, PhD proqramı Azərbaycanda kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində inkişafına töhfə verən perspektivli gənc kimi inkişafıma, eyni zamanda, ADA Universitetinin nəzdində olan İtaliya-Azərbaycan Universitetində akademik əməkdaşlıq çərçivəsində heyvan sağlamlığı və qida təhlükəsizliyi üzrə gələcək pedaqoji fəaliyyətimdə ən müasir tədqiqat və təhsilin elmi problemlərinin həll edilməsinə köməklik göstərəcəkdir.
Bolonya Universiteti həm təhsil mühiti, həm də dünya səviyyəsində akademik keyfiyyəti ilə seçilir
- Hazırda hansı məsələlər üzərində tədqiqat aparırsınız? Elmi məqalələriniz varmı?
- Doktorantura proqramı müddətində Bolonya Universitetinin “DİMEVET” fermasından, eləcə də müxtəlif regionlarda yerləşən, tanınan bir neçə pendir istehsal edilən iri sənaye müəssisələrindən “fermadan süfrəyə” prinsiplərinə uyğun olaraq çiy süd və süd məhsulları nümunələrinin toplanaraq mikrobioloji analiz metodlarının tətbiqi üzrə bacarıqlarımı inkişaf etdirmişəm. Bundan əlavə, doktorantura proqramı üzrə elmi rəhbərimin rəhbərlik etdiyi və Avropa Birliyi Komissiyasının dəstəyi ilə həyata keçirilən beynəlxalq miqyaslı MASAF “Stalla Modello” layihəsində komanda üzvü və iştirakçısı kimi tədqiqat işlərinə praktiki və nəzəri dəstəyim davam edir.
-Avropanın və İtaliyanın ən qədim ali məktəblərindən olan Bolonya Universitetinin təhsil mühiti, təhsil ənənələri, tələbələr üçün yaradılmış imkanlar barədə nə deyərdiniz?
-Bolonya Universiteti (Università di Bologna), 1088-ci ildə təsis edilməsi ilə Avropanın və dünyanın ən qədim ali təhsil müəssisələrindən biridir. Bu universitet, həm təhsil mühiti, həm də dünya səviyyəsində akademik keyfiyyəti ilə seçilir. Bolonya Universiteti beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim edir, eləcə də tələbələrin karyera inkişafını dəstəkləmək üçün müxtəlif karyera xidmətləri, iş yarmarkaları, təcrübə proqramları və peşəkar mentorluq imkanları yaradır. Beynəlxalq tələbələr Erasmus+ və digər beynəlxalq proqramlar vasitəsilə müxtəlif ölkələrdə təhsil alaraq daha fərqli beynəlxalq təcrübələr qazana bilərlər. Sadaladığım imkanlardan bütün təhsil dərəcələrində yararlanmaq olar. Bolonya Universitetinin doktorantura təhsil səviyyəsində tədris edilən seminarların imtahan şərtləri yoxdur. Buradakı məqsəd, tələbənin bütün zaman və konsentrasiyasını öz tədqiqat materialına, şəxsi inkişafına və müxtəlif ölkələrdə təcrübə proqramlarında iştirak imkanlarının artmasına dəstək göstərməkdir.
Qadınların doktorantura proqramlarına cəlb olunması...
- Son vaxtlar PhD namizədlər arasında qadınların sayı artır. Öz nümunənizdə bunu necə izah edərdiniz?
-Sevindirici haldır ki, qadınların elmdə iştirakı son onilliklərdə əhəmiyyətli dərəcədə artmışdır. Gender bərabərliyi və qadınların professional həyatda iştirakını təşviq edən siyasətlər və təşəbbüslər, məsələn, təqaüd proqramları, mentorluq və şəbəkələşmə və s. kimi imkanlar nəticəsində qadınlar artıq daha çox elmi tədqiqatlarda yer alırlar. Tariximizə nəzər saldıqda, müxtəlif elm sahələrində tanınmış ilk elmi tədqiqatçı alim qadınlar Zərifə Əliyeva, İzzət Orucova,Validə Tutayuq, Tamilla Nəsirova, Zərifə Əliyarova milli elmin inkişafında mühüm rol oynamaqla, müxtəlif sahələrdə əhəmiyyətli işlər görərək elmə töhfələr vermişlər. Zənnimcə, qadınların doktorantura proqramlarına cəlb olunması, elmi tədqiqatlara maraq və həvəsi tariximizdə və müasir dövrdə uğurlu qadınların nümunələrindən qaynaqlanır.
Öz üzərimdən nümunə gətirdikdə isə, müəyyən fikir və yanaşmalara həmişə fərqli bir aspektdən baxışım olub. Standartlardan bir az kənar insanam. Bir işə uzun zaman lazım olarsa, onun daha operativ və həlledici yolunu tapmağa çalışıram. Rəsm qabiliyyətim də kreativ fikirlərimə daha çox kömək olur. Dəstəkləyici mühit və uyğun şərait olduqda həmin ideyaları həyata keçirmək heç də çətin olmur. Düşünürəm ki, tədqiqat yolumun başlanğıcında olsam da, artıq bu sözü demək üçün müəyyən qədər iş və təhsil təcrübəm var: “Qadınların bir-birinə dəstək olması həm sağlam rəqabəti formalaşdırır, həm də cəmiyyətimizdə həmin qadınların fəaliyyət göstərdikləri sahələrin təsir gücünü artırır”.
Karyerada alimlik statusu, qadının iş həyatında uğur əldə etməsi deməkdir
- Alimlik qadın üçün nə deməkdir? Özünütəsdiq, karyera, maraq..
-Alimlik, qadının intellektual inkişafını önə çıxarır, onu təkmilləşdirir, cəmiyyətdə öz yerini və dəyərini müəyyənləşdirir. Alimlik, öz gücünü və bacarıqlarını göstərmək, eyni zamanda təhsil və bilik sahəsindəki liderliyini sübut etmək deməkdir. Elmi fəaliyyət qadına yalnız yeni biliklər qazanması üçün deyil, həm də bu bilikləri başqaları ilə paylaşmaq, müzakirə etmək və tanınması imkanlarını yaradır. Karyerada alimlik statusu, qadının iş həyatında uğur əldə etməsi və elmi sahədə yüksək mövqeyə gəlməsi deməkdir. Qadınların elmi və intellektual sahələrə olan marağı, yeni biliklərə, araşdırmalara və innovasiyalara yönəlmələri onların şəxsi inkişaflarını və cəmiyyətə töhfə vermələrini təmin edir. Alimlik, sadəcə peşəkar bir status deyil, həm də bir qadının özünü ifadə etməsi, dünyaya baxışını və bütöv bir cəmiyyətə müsbət təsir göstərməsi ilə əlaqəli bir anlayışdır. Fikirlərimə Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin dəyərli sözlərini əlavə etmək istəyirəm: “Bir kişi elm alarsa, o ancaq təhsilli bir insan olar.Amma əgər bir qadın təhsil alıbsa, o həm təhsilli qadın, həm də bilikli, savadlı bir anadır. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”.
Dövlət Proqramı daha geniş təhsil və karyera imkanları yaradır
- “2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti və həyatınızda rolu barədə nə deyə bilərsiniz? Bu barədə düşüncələrinizi eşitmək istərdik.
-“2019-2023-cü illər üçün Dövlət Proqramı" ümumilikdə, əhəmiyyəti və həyatımızdakı roluna baxsaq, bizləri daha yüksək səviyyəli təhsil almağa təşviq edən, intellektual inkişafımızı stimullaşdıran bir strateji addım hesab edirəm. Bu, mənim kimi bir sıra gənclər üçün daha geniş təhsil və karyera imkanları yaradır. Belə ki, bir tərəfdən yeni iş imkanları, təhsil sahəsindəki irəliləyişlər, digər tərəfdən də qlobal səviyyədə baş verən yeniliklərlə daha yaxından tanış olmaq və əlaqə qurmaq üçün qapılar açır. Nəticə olaraq, "2019-2023-cü illər üçün Dövlət Proqramı" mənim həyatımda inkişafın, tərəqqinin və yeni imkanların açıldığı bir yol xəritəsidir. Bu proqram vasitəsilə daha ədalətli, daha güclü və daha müasir bir cəmiyyət qurmaq mümkündür və mən də özümü bu prosesin bir hissəsi olaraq hiss edirəm.
Azərbaycan elmində yeni təşəbbüslərə imza atmaq niyyətindəyəm
- Azərbaycanda yeni universitetlər açılır. Bu ildən İtaliya-Azərbaycan Universitetinə də qəbul oldu. Bu yeniliklərə münasibətiniz? Xüsusən də ADA Universitetinin xaricdə təhsil siyasəti barədə nə deyərdiniz?
-İtaliya-Azərbaycan Universiteti beynəlxalq təhsil layihəsi kimi, iki ölkə arasında mədəni və təhsil əlaqələrini gücləndirmək üçün olduqca vacibdir. Bu universitetin təklif etdiyi təhsil proqramları, tələbələrə yalnız akademik biliklər vermir, həm də İtaliya kimi inkişaf etmiş bir ölkənin təhsil sistemindən faydalanmağa dəstək verir. İtaliya-Azərbaycan Universitetinin açılması, Azərbaycanda təhsilin beynəlxalq standartlara uyğunlaşmasına və xarici təhsil sistemləri ilə inteqrasiyasına bir nümunədir. Tələbələr burada təkcə nəzəri biliklər əldə etməyəcək, həm də praktiki təcrübə qazanaraq daha geniş dünya görüşünə sahib olacaqlar. Bu, Azərbaycan gənclərinin qlobal arenada rəqabət qabiliyyətini artıracaq və onlara beynəlxalq iş imkanlarını açacaqdır.
ADA Universiteti, xüsusilə xaricdə təhsil siyasətindəki fəallığı ilə tanınan bir təhsil müəssisəsidir. Bu universitetin xaricdə təhsil sahəsindəki yanaşması və strateji planları olduqca müasir və gəncləri qlobal təhsil dünyasına inteqrasiya etməsinə yönəlmişdir. ADA-nın xaricdə təhsil siyasətinin əsas üstünlüklərindən biri də təcrübə mübadiləsi proqramlarıdır. Bu proqramlar vasitəsilə tələbələr dünyanın müxtəlif ölkələrində təhsil alaraq fərqli mədəniyyətləri və təhsil sistemlərini təcrübə etmək imkanı əldə edirlər. Bu cür təcrübələr gənclərin yalnız akademik sahədə deyil, həm də sosial və mədəni baxımdan daha zəngin olmalarına kömək edir. Məncə, bu tip universitetlərin açılması, tələbələrin dünya səviyyəsində təhsil almalarına və gələcəkdə daha geniş imkanlar əldə etmələrinə şərait yaradır. Bu, həm də Azərbaycanın beynəlxalq təhsil arenasında daha çox tanınmasına və ölkəmizin təhsil səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır.
- Gələcək hədəfləriniz barədə…
-Təhsildən sonrakı hədəfim ADA-nın nəzdində fəaliyyət göstərəcək İtaliya–Azərbaycan Universitetində qida təhlükəsizliyi sahəsi üzrə Azərbaycan üçün praktiki əhəmiyyəti olan bir sıra metodların laboratoriyada optimallaşdırılması, həmçinin, bu sahədə maraqlı olan gənc kadrlardan ibarət araşdırma komandasını yaradaraq müxtəlif beynəlxalq layihələri qazanmaqdır. Ən yeni texnologiyalardan müstəqil istifadə və müasir elmi yanaşmaları öyrənməklə Azərbaycanda qida təhlükəsizliyi sahəsində gənc kadrları və tələbələri mövcud imkanlar çərçivəsində maarifləndirməyi planlayıram.Eyni zamanda, ölkəmizdə qida təhlükəsizliyi sahəsində aparıcı rol oynayan AQTA/AQTİ və yerli universitetlər, həm də dünyanın qabaqcıl araşdırma institutları arasında əməkdaşlıq çərçivəsində ekspert və beynəlxalq dərəcəli elm adamlarının mübadilələrini həyata keçirərək Azərbaycan elmində bu sahədə yeni təşəbbüslərə imza atmaq niyyətindəyəm.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)